«AzərTac» bu şəkilçilərdən imtina edib, Bəxtiyar Sadıqov isə bu addımın əleyhinədir
Azərbaycan Dövlət Teleqraf Agentliyi uzun müddətdir istifadə etdiyi üslubundan imtina edib. Hafta.az-ın verdiyi xəbərə görə, agentliyin bu yeniliyi sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Media əhlinə bəllidir ki, dövlət agentliyi cümlənin xəbərini nəqli keçmiş zamanda, yəni “mışdır”, “mişdir” şəkilçisindən istifadə edərək qururdu. Bu üslub cümlələrdə qəlizlik yaratsa da, agentlik uzun müddətdir bundan imtina etmirdi. Dünən isə “AzərTac”ın xəbərlərində cümlə sonluqlarında yenilik diqqət çəkib. Artıq cümlə qurularkən nəqli keçmiş zamanın 2-ci və 3-cü şəxs üçün alternativ şəkilçisi olan – “ıb”, “ib”, “ub”, “üb”-dən istifadə olunur.
“Təxminən bir həftədir yazı üslubumuzu dəyişmişik. Ancaq ki, AzərTAc-ın ”mışdır”, “mişdir” şəkilçilərindən birdəfəlik imtina etdiyini söyləmək doğru olmaz”. Bu sözləri isəÿ modern.az-a “AzərTac”ın baş redaktoru Yaşar Quluzadə agentliyin uzun illərdən bəri istifadə etdiyi yazı üslubunda dəyişiklik etməsinə münasibət bildirərkən deyib:ÿ
“AzərTac” bir balaca şəkilçilərin yönünü dəyişib. Yeri gəldikcə hər iki növ şəkilçidən istifadə etmək lazımdır. Amma daha dinamik inkişaf edən bir vəziyyətdə “mışdır”, “mişdir” şəkilçilərinin mətnə ağırlıq gətirdiyini, məntiq etibarilə ifadə edilən fikrə də ağırlıq verdiyini hiss edirdik. Fikirləşdik ki, əgər hadisə 3-4 gün əvvəl baş veribsə, o zaman “olmuşdur” demək hərfən düz olsa da, “olub” demək daha rahat və dinamikdir. Daha çox informasiya ilə işləyən agentlik olaraq dinamikanı seçdik. Amma lazım gəldikdə, təbii olaraq “mışdır”dan da istifadə edəcəyik”.ÿÿ
Media aləmində maraqla qarşılanan məsələ ilə bağlı öz yazı üslubunda daha çox “mışdır”, “mişdir” şəkilçilərindən istifadə edən “Azərbaycan” qəzeti də mövqeyini açıqlayıb. Sözügedən mətbuat orqanının baş redaktoru, deputat Bəxtiyar Sadıqovÿÿ Modern.az-a bildirib ki, AzərTAc yazı üslubunda dəyişiklik etməsinə baxmayaraq, onun rəhbərlik etdiyi qəzetdə feilin zaman şəkilçilərinin yerini dəyişmək kimi bir niyyətləri yoxdur: “Hadisələrin çox hissəsi bizim iştirakımız olmadan baş verir. Bu səbəbdən də ”mışdır”, “mişdir”dən imtina etmək doğru deyil. Cavan yazarlar daha çox belə yazılara üstünlük verirlər. Hətta olub ki, redaktə zamanı yazılara “mışdır”ı özüm əlavə etmişəm”.ÿÿ
Qeyd edək ki, Azərbaycan mətbuatında “mışdır”, “müşdür”dən ilk olaraq “Azadlıq” qəzeti imtina edib. Qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfov bu şəkilçilərin “ıb”, “üb”lə əvəzlənməsini daha məqsədəuyğun sayıb. “Azadlıq”dan sonra rəsmi qəzetlərdən başqa digər mətbuat orqanları da “mışdır”, “müşdür”dən imtina edib.