Rəsmi divar, pardon, rəsmi dövlət qəzeti “Azərbaycan” rejimin yeni niyyətini ifadə edən bir yazı dərc edib, mən bu yazıdan “mediaforum” saytı vasitəsi ilə tanış oldum. Həmin yazı bir növ Azərbaycanda yalnız Heydər Əliyev kursuna əsaslanan siyasi partiyaların qalması istiqamətində rəsmi təbliğatın başlaması kimi qəbul edilməlidir. Bu, artıq bir güllə ilə “hamını ovlamaq” mövsümünün – hamını məğlub etmək, hamını təslim olmağa məcbur etmək mərhələsinin rəsmi startıdır. Indiyədək bütün zorakı addımlara, həbslərə, qətllərə, sürgünldərə, şirnikləndirmələrə baxmayaraq heç cür mümkün olmayan “hamı üzərində qələbə”ni təmin etməyin ilk addımıdır.
“Siyasi sistemdə yeni konfiqurasiya: istinadgah Heydər Əliyev kursudur” adlı həmin məqalədə bildirilir ki, ölkədə siyasi sistem birmənalı şəkildə Heydər Əliyev kursuna əsaslanan partiyalardan ibarət olmalıdır: “Azərbaycanda Heydər Əliyev kursu bütün siyasi partiyaların, qrup təsisatlarının fəaliyyət amalına, əsaslandığı ideyaya, təmsilçisi olduğu siyasi görüşə çevrilməlidir”.
Guya ABŞ üçün Istiqlaliyyət Bəyannaməsinin müəllifləri olan “bani atalar”, Hindistan üçün Mahatma Qandi, Çin üçün Mao Tszedun və Den Syaopin, Türkiyə üçün Mustafa Kamal Atatürk nədirsə, Azərbaycan üçün də Heydər Əliyev kursu odur (“guya” yazıram, çünki belə müqayisə təkcə faktoloji qüsur, elmi sapıtma, siyasi cəhalət deyil, ümumiyyətlə, tarixin ruhuna aşağılayıcı münasibətdir), ona görə də bu kursu yalnız bir partiyanın, “açıq desək, ancaq Yeni Azərbaycan Partiyasının fəaliyyət müstəvisində məhdudlaşdırmaq olmaz” (həmin məqalədən).
Əlbəttə, indi çoxları rejimin bu yeni niyyətini ciddi qəbul etməyə bilər, amma zaman sübut edir ki, yaptokratiyanın belə mürtəce təşəbbüsləri heç vaxt təşəbbüs olaraq qalmır, çox keçmədən əmələ çevrilir. On il əvvəl ölkədə “ömürlük prezidentlik” təşəbbüsü xəyal görünürdü, çoxları fikirləşirdi ki, bu tayfa-klan hakimiyyəti nə qədər çağdışı olsa da, 21-ci əsrdə belə bir antidemokratik, zamanın ruhuna aykırı addımı heç vaxt atmaz, Azərbaycanı çağın daha da gerisinə atacaq, onu yeni, modern, mədəni dünyadan tamamilə qoparacaq, onu tərəqqipərvər bəşəriyyətə daha da güldürəcək bu təşəbbüsə qol qoymaz. O təşəbbüsü ilk səsləndirənlərdən biri Fəzail Ağamalı idi deyə, çoxluq buna qeyri-ciddi, şit zarafat kimi yanaşırdı… Axırı nə oldu?
Bir az da əvvələ qayıdaq. 90-cı illərin sonlarında kim düşünə bilərdi ki, Azərbaycan 21-ci əsrin ilk illərindəcə hakimiyyətin atadan oğula ötürüldüyü, monarxiya ənənələrinin rəsmiyyət qazandığı bir ölkəyə çevriləcək?
Bu ürəkbulandıran, bizi sürətlə orta çağların dibsiz bataqlığına, zil qaranlığına gömən nümunələr belə deməyə əsas verir ki, Azərbaycanda hamıdan – hər partiyadan, hər təsisatdan sadəcə Heydər Əliyevə biət, yalnız bir nəfərə itaət, “şəxsiyyətə pərəstiş”, şahsevənlik ruhunda fəaliyyət göstərilməsinin “qanuni məcburiyyət”ə çevriləcəyi gün də uzaqda deyil. Çox keçməz, bu da rəsmiləşər. Əmin olun, belə bir mürtəce qanun layihəsinin qəbul ediləcəyi, Azərbaycanın “yeni Şimali Koreya” olmaq yolunda sonuncu nəhəng addımı atacağı gün uzaqda deyil.
Ümumiyyətlə isə rejimin növbəti mürtəce niyyətini belə açıq şəkildə bəyan etməsi məni sevindirir. Biz bəzən Azərbaycanın gəldiyi – gətirildiyi ağrılı nöqtə haqqında ən adi həqiqətləri sadə insanlar bir yana, özünü hədsiz ağıllı, müdrik, çoxbilmiş göstərməyə çalışan, bizi hər şeyi qara görməkdə suçlayan, məsələn, “Asan xidmət”i görüb qiymətləndirməməkdə qınayan, ən gülməlisi isə, zordan, zopadan başqa heç bir dildə danışmayan, danışmaq istəməyən, ən yumşaq tənqidə, ən xırda fikir fərqliliyinə belə heç bir dözümü qalmayan Sistemlə intellektual mübarizə təklif edən əldəqayırma liboşlara-zada başa salmaqda çətinlik çəkirik. Onları, düşüncə və idarəçilik tərzinə görə necə qorxunc, təhlükəli bir qüvvə ilə qarşı-qarşıya olduğumuza, Azərbaycanın necə əyri yollarla qaranlıq bir gələcəyə aparıldığına inandırmaq bəzən müşkülə, hətta mümkünsüzə çevrilir.
Qoy belələrinə rejimin yeni mürtəce təşəbbüsü, türklər demiş, “kapak olsun”.