«Reallıq hissini itirmiş adam»ın yaratdığı reallıqları necə dəyişməli?
Şərqi Ukraynada separatçıların Malayziya təyyarəsini vurması Putini yenidən və daha iri planda hədəfə gətirdi. Artıq Kreml lideri sadəcə, demokratiyanı boğub öz xalqı üçün təhlükə yaratmır. Heç onun əməlləri imperialist niyyətlə qonşu ölkələrin ərazilərində separatçı dəstələr saxlayıb, həmin əraziləri işğal etməklə də bitmir.
Putin artıq dünya üçün təhlükədir. Düşünün ki, evindən çıxıb dünyanın hansısa bir nöqtəsindən SPID-lə mübarizəyə gedən könüllü də, hansısa ciddi bir əməliyyat üçün uçan həkim də, onlarla tələbə, gənc insan da onun adamlarının atdığı sərsəm bir mərmidən həyatını itirir. Bu, XXI əsrdə yalnız terror təşkilatlarının etdiyi hərəkətdir. Mülki təyyarəni vurmaq cəsarəti isə artıq ya bütün normal məntiqi düşüncədən, hisslərdən xilas olmaqdır, ya da sadəcə, dəlicəsinə meydan oxumaq cəhdidir.
Çox güman, onun haqqında bir neçə dəfə deyilib ki, Putin reallıq hissini itirib. Bu, düzgün təsbitdir. Səhv olan budur ki, Qərb hansısa səbəbdən reallıq hissini itirmiş birinin özünəməxsus reallıqlar yaratmasına göz yumur. Putinin həqiqi bir təhlükə olduğu artıq heç kimdə şübhə doğurmadığı bir vaxtda Qərb dövlətləri hansısa “xüsusi xidmətin” ortaya çıxardığı “fakt”lara görə parçalanma yaşayır.
Heç şübhəsiz ki, bütün bu olayların arxasında dayanan məqsəd Qərbin demokratikləşmə prosesinin qarşısını almaqdır. Bunun hansı məqsədlə edildiyini tam söyləmək çətin olsa da, unutmamaq lazımdır ki, bulanıq su sadəcə, onun içində gizlənmək istəyənlər üçün sərfəli deyil, əsas məsələ suyu bulandıranlardır. Yəni, avtoritar rejimlərin varlığından qazananlar…
Bütün bunlarla paralel Putinin, ya da adamlarının əmrilə Malayziya təyyarəsinə atılan raket rus diktatorunun intihar mərmisi idi. O, bu dəfə özünü dəqiq nişan ala bildi.
Rusiya zəifləsin, amma…
Görünən odur ki, dünyada həqiqətən Putinin liderliyində Rusiyanın ciddi təhlükə olduğunu dərk edirlər. Digər tərəfdən, Rusiyanın zəifləməsindən sonra daha da güclənmiş ABŞ-ın olacağından ehtiyat edirlər. Almaniya və Fransa kimi dövlətlərin bu qayğısının olduğunu görməmək mümkün deyil. Aşkar şəkildə son altı ayda Almaniya ilə ABŞ arasında ikinci diplomatik qalmaqal yaşanır. Üstəlik, bir başqa skandal da ABŞ Dövlət Departamenti nümayəndəsinin Ukraynadakı səfirlə danışarkən Avropa Birliyinin ünvanına xoşagəlməz fikirlər söyləməsi idi.
Bütün bunlar kimlərinsə həm də gündəmdə tutmaq istədiyi mövzulardır. Məqsəd də yəqin ki, bu parçalanmanı daha da dərinləşdirmək və Rusiya üçün nəfəslik yaratmaqdır. Amma Putinin yaratdığı sərt reallıqlar qarşısında bu cür davranışlar Qərbi bütünlüklə gözdən və gücdən sala bilər. Onsuz da qocalmış Avropa daha çevik hərəkətlər etmək imkanında olmasa da, ABŞ-a tam dəstək verməlidir. Əks halda, indiki informasiya vasitələrinin də köməyilə bütün Qərbdə ciddi bir sosial depressiya qaçılmazdır. Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq Israil-Fələstin münaqişəsinin daha qanlı mərhələyə qədəm qoyması, Iraqda və Suriyada IŞID-in revanşı, post-sovet məkanında Putinin dirənişi böyük bir anti-Qərb prosesindən xəbər verir. Və Liberal dəyərlərin bu cür süqutu, daha doğrusu, qapalı sistemlərlə mübarizəsi təkcə siyasi mənada deyil, əlaqəli olaraq, iqtisadi və təhlükəsizlik sahələrində də geriləmələrə səbəb ola bilər.
Ilk iş
Bu mənada, ilk iş Rusiya ilə mübarizə aparmaq yox, Rusiya xalqına kömək etmək olmalıdır. Yalnız həqiqi demokratiya qura bilmiş Rusiya mövcud olarsa, dünyada gizli yolla silah alıb-satan, separatizmlə məşğul olan onlarla böyük hərbi-siyasi dəstəni – “dövlətciyi” zərərsizləşdirmək asanlaşar. Üstəlik, hələ də səsi gəlməyən Çin selindən qorunmaq üçün daha optimal yollar tapılar. Bu mənada, Putinə görə Rusiya ilə mübarizə aparmaqdansa, dünyaya görə rus xalqına kömək etmək lazımdır. O zaman Putinin heç bir şansı və imkanı qalmayacaq.
Seymur Həzi