İsrailin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərlərdən çəkinməyə çağırıb. XİN-in saytında yerləşdirilən xəbərdarlıqda deyilir ki, bu, Türkiyədə İsrailin Qəzza əməliyyatına qarşı keçirilən aksiyalarla əlaqədardır. XİN İsrail vətəndaşlarına tövsiyyə edib ki, Türkiyəyə yalnız çox vacib hallarda səfər etsinlər, o zaman isə ehtiyyatlı olsunlar, aksiyalar keçirilən yerlərə getməsinlər. Bundan başqa İsrailin xarici siyasət idarəsi cümə günü Türkiyə ilə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib və Türkiyədəki diplomatlarını geri çağırıb.
İsrail ilə Türkiyə arasında münasibətlərində artıq uzun müddətdir ki, gərginlik hökm sürür. «Mavi Mərmərə» olayından başlayan qarşıdurma enmə və yüksəlmə ilə davam etməkdədir. Türkiyənin İsraili terrorçu dövlət adlandırması münasibətlərdəki gərginliyi «pik həddinə» çatdırıb. İki ölkə arasındakı münasibətlərin bir qədər də gərginləşəcəyi və konkret sanksiyalara baş vurulacağı gözlənilir. Baş verənlər Azərbaycanın hansı mövqe sərgiləcəyi maraq doğurur. Çünki Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılmamasının səbəbi Azərbaycanla strateji müttəfiq olmalarıdır. Düzdür Türkiyənin özünün də Ermənistanla problemləri var. Amma hər bir halda Ermənistanla sərhədlərinaçılması hər dəfə gündəmə gələndə Türkiyə Azərbaycanı səbəb kimi göstərir. Münasibətini öyrəndiyimiz ekspertlərə ünvanladığımız sual elə məhz sonuncu məqamla bağlı oldu. İsrail-Türkiyə qarşıdurması daha da dərinləşərsə, Azərbaycan hansı mövqeyi tutmalıdır?
Vəfa Quluzadə: «Azərbaycan-İsrail əlaqələriTürkiyəyə heç bir ziyan gətirmir»
Politoloq Vəfa Quluzadənin fikrincə, Türkiyə-İsrail münasibətlərinin hazırkı durumu Azərbaycanla Türkiyə münasibətlərinə təsir etməyəcək. Türkiyənin Azərbaycandan savayı başqa dövlətlərlə də sıx əlaqələrdə olduğunu deyən V.Quluzadə vurğuladı ki, bu isə o demək deyil ki, Türkiyənin bütün müttfiqləri İsrailə qarşı çıxmalıdır: «Ona görə düşünürəm ki, Azərbaycan-İsrail əlaqələriTürkiyəyə heç bir ziyan gətirmir. Türkiyə Azərbaycanla İsrailin əlaqələrin gözəl anlayır. Bir məqamı da nəzərə almaq lazımdır. Türkiyə seçki ərəfəsindədir. Türkiyədə fələstinlilərə böyük rəğbəti olan xeyli əhali var. Ərdoğan onların səsini almaq üçün də belə bir addım ata bilər».
V.Quluzadə onu da bildirdi ki, İsrail ilə Türkiyə arasında baş verənlərən istifadə edə biləcək dövlət İran ola bilər. Amma hətta İran belə baş verənlərdə neytrallığın saxlayır. Ona görə də Azərbaycanın da bu proseslərə müdaxilə etməsi yanlış olardı: «Türkiyə İsrail bir-birinə nə qədər sərt mövqedə dayansa da onlar bir qrup dövlətin müttəfiqidir. Bu əlaqələr Fələstin problemi çözüldükdən sonra həllini tapacaq».
Elxan Şahinoğlu: «Azərbaycan Qəzzada baş verənlərdən çıxış edərək İsrail ilə münasibətləri gərginləşdirə bilməz»
«Atlas Araşdırmalar» Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu da bildirdi ki, Türkiyə İsrail münasibətləri «Mavi Mərmərə» olayından sonra zaman-zaman gərginləşib. Hazırda iki dövlət arasında münasibətlərin yenidən gərginlik fazasına qədəm qoyduğunu deyən E.Şahinoğlu vurğuladı ki, amma yaşanan gərginlik Azərbaycan-İsrail münasibətlərinə sirayət etmir: «Türkiyənin Azərbaycandakı səfiri «Mavi Mərmərə» olayları baş verən zaman Azərbaycandan İsrail ilə münasibətlərinə yenidən baxmağı istəmişdi. Amma biz Qəzzada baş verənlərdən çıxış edərək İsrail ilə münasibətləri gərginləşdirə bilmərik. Çünki İsrail ilə Azərbaycanı strateji münasibətlər birləşdirir. Azərbaycan Qərb dövlətlərindən ala bilmədiyi silahları məhz İsraildən alır. Çünki NATO dövlətləri silah satışına dair həm Azərbaycana, həm də Ermənistana embarqo tətbiq ediblər. Azərbaycan Rusiya və Ukraynadan da silah alsa da bu silahlar müasir deyil».
Xəyal