Bakı Istintaq Təcridxanasında saxlanılan “NIDA” Vətəndaş Hərəkatının fəalı Orxan Eyyubzadə aclıq aksiyası keçirir. Bu barədə “mediaforum”a onun vəkili Əsabəli Mustafayev məlumat verib.
Əsabəli Mustafayev bildirib ki, Orxan Eyyubzadənin saxlanma şəraitində dəyişiklik yoxdur: “Elə həmin sıxlıqda saxlanılır. Iyulun 15-də apellyasiya şikayətimizə baxıldı. Binəqədi Rayon Məhkəməsinə həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişdik. Məhkəmə vəsatəti təmin etməmişdi. Həmin qərardan apellyasiya şikayəti verdik, təmin olunmadı.
Dünən məhkəmədə Orxan Eyyubzadə ilə söhbət etdik, onun səhhətində yaxşılaşma yoxdur. Həkim gəlmir, müalicə etmirlər, təcridxananın rəisi onun şikayətlərinə reaksiya vermir. Buna etiraz əlaməti olaraq Orxan Eyyubzadə üç gündür aclıq edir.
Təcridxananın rəisinə bir daha müraciət edirəm, Orxanın kamerasının dəyişdirilməsi, səhhətinə uyğun digər kamera ilə əvəz edilməsi məsələsinə baxsın. Dörd nəfərlik kameraya əlavə iki yataq qoyub 6 nəfəri bir yerdə saxlayırlar”.
Orxan Eyyubzadə bu il mayın 6-da bir qrup “NIDA” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Mayın 26-da həbs cəzası bitsə də, həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs qətimkan tədbiri seçib. Işi Binəqədi Rayon Prokurorluğu aparır.
Orxan Eyyubzadə qıcolma xəstəsidir.