«Azərbaycana azadlığı biz qazandırdıq, demokratiyanı da biz qazandıracağıq!»
Əli Kərimli: «Xalq Cəbhəsinin gücü xalqa olan sevgisindədir»
İyulun 16-da AXCP 25 illik yubileyini keçirdi. Tədbir Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunmuşdu.Tədbirdə 1000-ə yaxın AXCP üzvü ilə yanaşı, Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslər, partiya sədrləri, diplomatik korpusun nümayəndələri də iştirak edirdi.Tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli qonaqları salamladı. Milli Azadlıq Hərəkatının, təşkilatın lideri Əbülfəz Elçibəyin və ötən müddətdə dünyasını dəyişən cəbhəçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir dövlət himninin ifası ilə başladı.
İlk olaraq AXCP sədri təşkilatın yaranma tarixi və şəraiti, keçdiyi yol. qarşısına qoyduğu məqsədlər barədə danışdı:
Azərbaycan sevgisi
Hörmətli xanımlar və bəylər! Düz 25 il bundan əvvəl Azərbaycan torpaqlarının işğalda olması, dövlətimizin əsarətdə qalması ilə barışmayan, Azərbaycanda azadlığın, ədalətin bərqərar olmasını arzulayan vətənpərvər övladlar bir araya gələrək xalqımızın xilası məqsədilə Xalq Cəbhəsini təsis etdilər. Xalq Cəbhəsi hər hansı bir siyasi partiya kimi yaranmadı. Xalq Cəbhəsi millətin istəyilə, eyni vaxtda Azərbaycanın bütün bölgələrində, təhsil müəssisələrində, iş yerlərində bir-birini tanımayan adamlar tərəfindən Azərbaycan sevgisi ilə yarandı.
Biz bu 25 ildə olduqca çətin bir yol keçmişik. Bu yol çox çətin və şərəfli olub. Mən bu tarix barədə uzun-uzadı danışa bilərəm. Amma imkan daxilində qısa şəkildə təsvir etmək istəyirəm. Torpaqlarımızı işğaldan azad etmək niyyəti ilə minlərlə azərbaycanlı səfərbər olundu, Vətənin müdafiəsinə qalxdı, şəhid və qazi oldu. Bu, bizim tariximizdir! Yüzminlərlə azərbaycanlı dövlət müstəqilliyimizin bərpası üçün meydanlara axışdı, imperiyaya rədd olsun dedi, müstəqil Azərbaycanın bayrağını qaldırdı və öz israrı, ardıcıl mübarizəsilə o imperiyanın dağılmasında rol aldı, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına nail oldu. Budur bizim tariximiz!
Zülmə qarşı mübarizənin önündə
Azərbaycan Xalq Cəbhəsi qeyri-bərabər mübarizədə öz əzmi ilə ona nail oldu ki, ölkədə ilk demokratik seçkilər keçirildi. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy xalqın istəyi və səsi ilə ilk dəfə və çox təəssüf ki, hələlik sonuncu dəfə Azərbaycana prezident seçildi. Budur bizim tariximiz! Azərbaycan Xalq Cəbhəsi iqtidar olduğu bir il ərzində gecə- gündüz Azərbaycan üçün çalışdı, islahatlar apardı, müasir hüquqi dövlət qurmaq üçün əlindən gələni etdi. Çox qısa zamanda torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi. İqtisadi, siyasi, hüquqi sahədə olduqca mütərəqqi islahatlara müəlliflik etdi. Budur bizim tariximiz! Sonra çox təəssüf ki, xarici güclərin də əli ilə bu gənc, müstəqil, demokratik dövlətə qarşı sui-qəsd oldu. Dövlət çevrilişi baş verdi. Heydər Əliyevin rəhbərliyi ilə keçmiş kommunistlər revanş götürüb hakimiyyətə gəldilər və Azərbaycanda sülalə hakimiyyəti qurdular. O zamandan bu zamana tam 21 ildir ki, Azərbaycan Xalq Cəbhəsi haqq, ədalət, azadlıq mübarizəsi aparır. Xalqımızın zalıma, zülmə qarşı mübarizəsinin önündədir. Budur bizim tariximiz!
Qürur duyulan tarix
Mən bu gün fəxrlə deyirəm ki, Azərbaycan Xalq Cəbhəsinin 25 illik tarixi vətən üçün savaşmaq, çarpışmaq, onu azad etmək, onun üçün şərəfli mübarizə aparmaq tarixidir. Bu tarixlə biz qürur duyuruq. Azərbaycan Xalq Cəbhəsi bu böyük uğurlarını ilk növbədə partiyamızın ilk sədri, Milli Azadlıq Hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəyin rəhbərliyi ilə qazandıq. Çox məmnunuq və qürur duyuruq ki, sonradan bütün Azərbaycanın özünə prezident seçəcəyi, Milli Azadlıq Hərəkatının şəriksiz lideri edəcəyi bu şəxsi ilk dəfə biz kəşf elədik, onun qiymətini verdik.
Təmənnasız vətən sevgisi
Əziz dostlar, Azərbaycan Xalq Cəbhəsinin 25 illik tarixində ardıcıl izlənən bir sıra tendensiyalar var. Mən o tendensiyalardan danışmaq istəyirəm. İlk növbədə vətənpərvərliyin, vətəni təmənnasız sevməyin altını cızmaq istəyirəm. Başqa cür necə təsəvvür etmək olardı ki, iqtidarda olan bir partiyanın minlərlə üzvü kabinetlərdə yox, səngərlərdə, əlində silah düşmənlə vuruşsun. Təmənnasız vətən sevgisindən başqa hansı hiss insanları buna məcbur edə bilərdi? Xalq Cəbhəsinin üzvləri Azərbaycanın müstəqilliyi üçün canlarından keçməyə hər zaman hazır olduqlarını nümayiş etdiriblər. Xalq Cəbhəsi hər zaman milli maraqları şəxsi maraqlardan, partiya maraqlarından üstün tutub. Bu gün etiraf etmək istəyirəm, bəli, biz 25 ildən sonra da sözün klassik mənasında siyasi partiya ola bilməmişik. Siyasi partiyanın tərifi qrup deməkdi, o qrupun maraqlarının təminatçısı deməkdi. Amma biz heç zaman partiya maraqlarımızı milli maraqlardan üstün tuta bilmədik. İstəmədik bunu. Əminliklə deyirəm ki, bu gün Azərbaycan dövlətinin, onun müstəqilliyinin ən böyük təminatlarından biri Azərbaycan Xalq Cəbhəsidir.
Dağıdıcı yox, birləşdirici qüvvə
Görünür, hər zaman milli maraqları öndə tutduğuna görədir ki, Xalq Cəbhəsi bütün bu 25 il ərzində Azərbaycanın birləşdirici, uzlaşdırıcı qüvvəsi kimi özünü təsdiq edib. Hamı qəbul edir ki, Əbülfəz Elçibəy Azərbaycandakı bütün birliklərin təşəbbüskarı idi. Onun birliklər əldə etmək üçün hansı güzəştlərə getdiyini hər birimiz yaxşı bilirik. Biz çox məmnunuq və əminliklə deyirik ki, Əbülfəz bəy rəhmətə gedəndən sonra da partiyamız o xətti davam etdirdi. 2003-cü ildə müxalifətin vahid namizədlə seçkiyə getməsindən başlamış, “Azadlıq” blokunun, İctimai Palatanın və nəhayət, ötən il Milli Şuranın yaranmasına qədər Azərbaycan Xalq Cəbhəsi əsas təşəbbüskar oldu. Demokratik qüvvələri birləşdirmək, birliyə arxa olmaq Xalq Cəbhəsinin missiyasıdır və biz məmnunuq ki, Xalq Cəbhəsi Azərbaycan tarixinə birlikləri, koalisiyaları yıxan yox, quran təşkilat kimi düşüb.
Hər kəs üçün azadlıq və ədalət
Əziz dostlar, Azərbaycan Xalq Cəbhəsi hər zaman haqqı pozulanların, haqslızlığa məruz qalanların yanında olub. Bütün bu 25 il ərzində Xalq Cəbhəsi yalnız özü və üzvləri üçün azadlıq, ədalət istəməyib. Çünki əslində özü üçün ədalət, azadlıq istəmək qeyri-adi bir şey deyil, bu, insanın xislətində var. Azərbaycan Xalq Cəbhəsi isə bu ölkədə tanıdığı, tanımadığı hər kəsin hüququ pozulanda, haqqı tapdalananda, mülkiyyəti əlindən alınanda, həbs olunanda, qanunsuzluğa məruz qalanda onun yanında olub. Biz bu missiyamızla da fəxr edirik.
Bambaşqa bir Azərbaycan
Azərbaycan Xalq Cəbhəsini yaşadan, növbəti uğurlara səsləyən onun gələcəklə bağlı planlarıdır. Biz arzularımızdakı Azərbaycanı qurmaqda israrlıyıq, inadlıyıq. Elə bir Azərbaycan ki, orada bütün insanlar vəzifəsindən, pulunun miqdarından, kimin övladı olmağından asılı olmayaraq qanun qarşısında bərabər olsun. Elə bir Azərbaycan ki, orada polis, prokurorluq, MTN vətəndaşı əzmək yox, qorumaqla məşğul olsun. Məhkəmələr vətəndaşın soyulduğu, pullunun və vəzifəlinin hər zaman qalib elan edildiyi məkan yox, insanların hüquqlarının, mülkiyyətinin qorunduğu məkan olsun. Elə bir Azərbaycan ki, onun ordusu ölüm konveyeri yox, millətin qürur mənbəyi olsun. Biz sərvətləri ədalətlə bölünən, qabiliyyətli, yüksək təhsilli, çalışqan insanların daha çox qazanacağı, amma bütün ehtiyacı olanların da minumum təlabatlarının dövlət tərəfindən ödəniləcəyi ölkə uğrunda çalışırıq. Elə bir ölkə ki, maddi vəziyyətindən asılı olmayaraq, heç kim körpəsinin yeməyini necə təmin etmək dərdini çəkməsin. Hamı övladına yaxşı təhsil verə bilsin. Elə bir ölkə ki, hamının özünü və doğmalarını müalicə etdirmək, qocaldıqda, əlil olduqda ləyaqətlə yaşamağa yetəcək qədər pensiya almaq imkanı olsun. Elə bir ölkə ki, onun gəncləri evsizlik dərdindən subay qocalmasın. Nəhayət, biz elə bir Azərbaycan uğrunda çalışırıq ki, orada siyasət, dövlət, idarəetmə – hər şey insan üçün, insana xidmət üçün olsun. İnsan həyatı, ləyaqəti, azadlığı hər şeydən üstün sayılsın.
Xalqın mesajı
Əziz dostlar, yaşından asılı olmayaraq, keçmişlə yaşayanlar artıq qocalmışlar. Planları, proqramları ilə gələcək haqqında düşünənlər yaşından asılı olmayaraq, gəncdirlər. Bu mənada Azərbaycan Xalq Cəbhəsi təkcə 25 yaşında olduğuna, sıralarında çoxlu sayda gənci birləşdirdiyinə görə deyil, həm də sabahın planları, arzuları ilə yaşadığına görə gəncdir. 25 yaşın mübarək olsun, Azərbaycan Xalq Cəbhəsi!
Xalq Cəbhəsini yaratmaqla Azərbaycan xalqı əslində çox güclü mesaj verib. İçimizdə və kənarda millətimizə yuxarıdan aşağı baxmaq halları var. Millətimiz isə bağrından Xalq Cəbhəsini yaratmaqla, onu bu 25 illik mübarizədə ayaqda saxlamaqla, sıralarımız seyrələndə onu zənginləşdirməklə, gənc oğul və qızlarını sıralarımıza göndərməklə, zalımla mübarizə cəbhəsini boş qoymamaqla sanki hər kəsə mesaj verib. Bu ağır mübarizədə Xalq Cəbhəsinə dayaq olmuş millətə inanmamağa haqqımız yoxdur. Eşq olsun sənə, uca millətim!
Xalq Cəbhəsinin sirri
Sonda partiyamızın bir sirrini açmaq istəyirəm. Biz ki, bu qədər ağır məşəqqətlərlə yaşayırıq; həbsxanalar, işsiz, pulsuz həyat, başqaları kimi biznes qura, hüquqlarından istifadə edə bilməmək, böyük çətinliklər qarşısında duruş gətiririk; heç bir məhrumiyyət bizi ruhdan sala, heç bir repressiya qorxuda bilmir; hökumət bizi məhv etdiyini düşündüyü halda biz yenə özümüzdə güc tapırıq, adamlar təəccüblənirlər – Xalq Cəbhəsi bu qədər gücü, dözümü haradan tapır? Sirrimizi açıram sizə, əziz dostlar, Xalq Cəbhəsinin gücünün, enerjisinin qaynağı Azərbaycan xalqına olan sevgidi. Biz o sevgidən tapırıq bu gücü. Necə ki, Fərhad öz sevgisi naminə “Bisutun”u yarırdı, Azərbaycanın 20-ci, 21-ci əsrinin mərd oğul və qızları vətən, millət eşqilə yalın əllə “Bisutun” yarıb, bu millətə yol açırlar. Eşq olsun sizlərə! Eşq Olasun millətimə!
Yaşasın Xalq Cəbhəsi!
Əli Kərimlinin çıxışından sonra cəbhəçi gənclər Xəlil Rzanın “Yaşasın Xalq Cəbhəsi” şeirini ifa etdilər.
“Xalq Cəbhəsində təmsil olunduğum illərlə fəxr edirəm!”
Milli Şuranın sədri, professor Cəmil Həsənli çıxışına AXC üzvlərini təbrik etməklə başladı:
– Azərbaycan Xalq Cəbhəsinin qısadılmış adı Azərbaycan Xalq Cümhuriyyətinin qısaldılmış adıyla eyni cür yazılır. Məhəmməd Əmin Rəsulzadə müstəqilliyin baş memarı idi, Əbülfəz Elçibəy isə sovet imperiyasının çöküşündən sonra Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmasında müstəsna rolu, xidmətləri, öndərliyi olan Xalq Cəbhəsinin sədri, ideya müəllifi idi. Tarixin heç bir səhifəsində, heç bir məqamında Azərbaycan xalqı ötən əsrin 80-90-cı illərində olduğu qədər olmayıb. Bilavasitə ötən əsrin 80-ci illərinin sonunda liderlər deyil, xalq meydanlara çıxdı. Ölkənin taleyini liderlər deyil, xalq müəyyən etdi. Milyonlarla insan heç kəsin təsiri, hökmü, dəvəti olmadan meydanlarda idi. Bu prosesin içərisində Azərbaycan Xalq Cəbhəsi yarandı.
Azərbaycan Xalq Cəbhəsinin yaranması tarixi hadisə idi. Bu cəbhənin yaranışında, istər təşəbbüs qrupu, istər Cəbhənin ilk Idarə Heyəti, istərsə də Cəbhənin rəsmiləşməsində, formalaşmasında rolu olan bütün adamlar ən böyük şərəf, iftixar hissinə layiq insanlardı. Zaman keçəcək, amma bu adamlar həmişə millətimizin yaddaşında qalacaq və Azərbaycan Xalq Cəbhəsi Azərbaycan müstəqilliyilə bərabər şəkildə qoşa addımlayacaq.
Azərbaycan Xalq Cəbhəsi yalnız vətən torpaqlarının müdafiəsi üçün yaranmamışdı. Azərbaycan Xalq Cəbhəsinin yaranması, onun fəaliyyəti insanlarda vətənpərvərlik hisslərini oyatdı. Eyni zamanda, ümumiyyətlə, insanlarda vətəndaşlıq mövqeyi formalaşdı. Bununla bərabər, Azərbaycan Xalq Cəbhəsi müstəqillik, demokratiya uğrunda mübarizənin şanlı bir səhifəsi idi. 1920-ci ilin aprelində məhv edilmiş, boğulmuş Azərbaycan demokratiyası Azərbaycan Xalq Cəbhəsinin simasında 80-ci illərin sonunda yenidən səhnəyə ayaq açdı.
1992-ci ildə sözün əsl mənasında, demokratik bir cümhuriyyət vücuda gəldi, demokratik islahatlar keçirilməyə başladı. Bununla da Azərbaycanda çoxpartiyalı bir sistem yarandı.
Bu bayram günündə siz Cəbhəçilərin bayram etməyə haqqı var. Bu təşkilat, bu hərəkat yaranandan bəri kiminin özü, kiminin valideynləri bu mübarizənin önündə olub. Azərbaycan Xalq Cəbhəsinin bügünkü üzvləri bu təşkilatın mübarizə əzmilə fəxr edə bilərlər. Dəfələrlə bəyan etmişəm, bir daha demək istəyirəm ki, mənim həyatımın böyük bir hissəsi bu təşkilatda keçib. Mən bu partiyanın rəhbərliyində təmsil olunan adamlardan biri olmuşam. Bir müddət Əbülfəz bəyin, ondan sonra Əli bəyin sədrliyi altında bu partiyada müavin olmuşam. Mən bu gün də Azərbaycan Xalq Cəbhəsində təmsil olunduğum illərlə fəxr edirəm. Yarananda da, bu gün də Azərbaycan Xalq Cəbhəsi gəncliyin cazibə mərkəzidir. Azərbaycan Xalq Cəbhəsi gənclik hərəkatı olub, bu gün də gənclik partiyasıdır. Vaxtilə Azərbaycan müstəqilliyinin öndəri Rəsulzadənin hədəfi, müraciətləri də gəncliyə idi. Ondan sonra Əbülfəz Elçibəyin də hədəfi gənclər idi, bu gün də Əli Kərimlinin ətrafında gənclərdir. Bütün basqılara, təzyiqlərə, haqsızlıqlara rəğmən, gələcək Azərbaycan xalqınındı, bu xalqın ədalətli işi uğrunda mübarizə aparan Xalq Cəbhəsinindi! Eşq olsun sizlərə!
“İnanıram ki, bu işğalçı rejimin sonunu görəcəyik”
Sülh və Demokratiya Institutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus da çıxışına AXC-nin yaranması barədə fikirlərlə başladı:
– Xalq Cəbhəsinin ilk qurultayı böyük zalda keçirilməmişdi. Mikrorayonda, balaca palatka kimi yer idi. Qeyri-leqal keçirdik. “KQB” işçiləri bizləri izləməsin deyə, biz “Zərdüşt Əlizadənin bağına gedirik” dedik. Ancaq bağa da gəldilər. Buna görə də yenidən qayıtdıq mikrorayona. Ağamalı Sadiq hər şeyi orada təşkil etmişdi. O gündən 25 il ötdü. Ağamalı Sadiq, Nəcəf Nəcəfov bizimlə yoxdur. Tofiq Qasımov isə Heydər Əliyev hakimiyyətə gələndən sonra işgəncələrə məruz qaldı. Azərbaycan xalqı “1989-cu ilin xalqı” elan olundu.
Azərbaycan Xalq Cəbhəsinin proqramını, nizamnaməsini yazdıq. Sonra təşəbbüs mərkəzi yaratdıq. Mən orada yeganə qadın idim. Hikmət Hacızadə həmişə deyirdi ki, “bax, hamımızı tutacaqlar, biz bir yerdə oturacağıq, səni isə tək saxlayacaqlar”. 25 il öncə heç ağlıma gəlməzdi ki, sovet ölkəsi, bu həbsxana dağılacaq. 23 il sonra biz yenidən Azərbaycanda həbsxana dövrünü yaşayacağıq. Ancaq hər şey bizim əlimizdədir. 1988-ci ildə mən “Amnesty International”a siyasi məhbusların siyahısını təqdim edəndə 10 nəfərdən çox deyildi siyahıdakılar. Əksəriyyəti yanvarın 9-da tutulanlar idi. Biz bilirdik ki, orada onlara işgəncə verilməyəcək. Indi isə vəziyyət daha çətindi. Ancaq mən burada xeyli gənc gördüm, bu qədər optimizm var. Çox sağ olun ki, varsınız!
Bu gün torpaqların işğal altında qalması Əliyev rejimi üçün sərfəlidir. Çünki özü də işğalçı rejimdir. Torpaqların 20 faizini ermənilər işğal edib. O biri hissəsini isə Əliyev rejimi, Əliyevlər sülaləsi işğal etdi. Işğalçı rejim üzərində qələbə çalmasaq, torpaqlarımızı da azad edə bilməyəcəyik. Torpaqların işğalda olması Ilham Əliyev üçün sərfəlidir. Biz o vaxt yazırdıq ki, qırmızı faşist imperiyadan Azərbaycanı azad edin. Azərbaycan azad oldu və bütün sovet xalqları azad edildi. Indi də “Azərbaycan xalqına azadlıq!” deyirik. Vətənimizi azad etməsək, sizin də uşaqlarınız bizim kimi qalacaq. Mən inanıram ki, bu işğalçı rejimin sonunu görəcəyik. Azadlıq!
“Xalq Cəbhəsi yenə də öndədir”
Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal çıxışında Azərbaycanın hazırkı taleyüklü dövründə AXCP və onun sədri Əli Kərimlinin birlik mövqeyindən çıxış edərək, milli maraqlara uyğun fəaliyyət göstərməsindən danışdı: “Xalq Cəbhəsi böyük işlər görüb. Xalq Cəbhəsi bu gün də ideologiyası ilə ön sıralardadır. Mən çox şadam ki, Xalq Cəbhəsinin daşıyıcıları buradadır. Xalq Cəbhəsinin daşıyıcıları Əli Kərimlinin başçılıq etdiyi partiyada birləşib. Bu gün bu çətin şəraitdə mübarizəsini davam etdirən AXCP üzvlərinə təşəkkürümü bildirirəm. Onlar düz yoldadır. Onların hamısına eşq olsun!”
“Xalq Cəbhəsi dünyanı mat qoymağı bacardı”
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli Xalq Cəbhəsinin əsas xidməti kimi rus qoşunlarının Azərbaycandan çıxarılmasını vurğuladı: “Dünya tarixində çox az xalqlar var ki, iki imperiyanın caynağı altında milli azadlıq mücadələsi veriblər. Biz bu gün yaşadığımız məhrumiyyətlərdən danışırıqsa, unutmamalıyıq ki, hansı güclər qarşısında bu mübarizəni aparmışıq. Iki böyük imperiyanın qarşısında, ötən əsrdə Şimali Azərbaycan iki dəfə böyük və şanlı azadlıq salnaməsi yazıb. Ötən əsrin əvvələrində olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi yenidən dünyanı mat qoymağı bacardı. Bu gün yenə də Azərbaycan Xalq Cəbhəsi azadlıq mücadiləsinin önündədir. Demokratiya uğrunda mübarizənin aparıcı qüvvəsidi, avanqardıdır. Xalq Cəbhəsinin çox dəyərli üzvləri var. Xalq Cəbhəsinin bütün liderlərini, üzvlərini ürəkdən salamlayıram, onlara təşəkkür edirəm və təbrik edirəm”.
ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycanda SSRI dövründə başlanan milli hərəkat, azadlıq mübarizəsi, Xalq Cəbhəsinin bu proseslərdə yeri və rolu barədə fikirlərini bölüşdü.
Azərbaycan Xalq Cəbhəsi universitetinin məzunları
Tədbirdə çıxış edən Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin sədri Hacı Ilqar Ibrahimoğlu Cəbhəçilərin hər zaman toparlanmağı bacardığını vurğulayaraq, onları təbrik etdi: “Xalqımızın bağrından gələn və həmişə toparlanmağı bacaran Xalq Cəbhəsinə ”Eşq olsun!” deyirəm. Hörmətli Əli bəy başda olmaqla, Azərbaycan Xalq Cəbhəsinə təşəkkür edirəm ki, hər il bugünkü günü xüsusi olaraq yaşadırlar. Xalq Cəbhəsi haqqında danışmaq o qədər də rahat deyil. Adam öz ocağı haqqında nə danışa bilər ki?! Insan adətən başqaları haqqında çox sözlər deyə bilər. Amma özü, öz evi haqda danışmaq çətindir. Azərbaycanın bütün ləqayətli insanları Azərbaycan Xalq Cəbhəsi universitetinin məzunudur. Görüləcək işlər çoxdu. Mən buna əminəm ki, Xalqın Cəbhəsi toparlanacaq və bu xalq yenidən öz sözünü deyəcək”.
“Bu partiya bizə əzizdir”
Islam Partiyasının sədri Hacı Elçin Manafov tədbir iştirakçılarına Hacı Mövsüm Səmədov adından təbrikləri çatdırdı: “Mən Hacı Ilqara qatılaraq demək istəyirəm ki, bu partiya bizə çox əzizdir. Burada iştirak edənlərin əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin yetirmələridir. Bu millətin, bu xalqın gücü, qüvvəsi var. Özünü və torpaqlarını azad etməyə gücü var. Azərbaycan Xalq Cəbhəsi də məhz bu yoldadır. Təbrik edirəm!”
Çağdaşlığın carçısı olan partiya…
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı çıxışında partiyanın gənclərə verdiyi önəmdən, partiya sədrinin gənclərlə bağlı siyasətindən danışdı: “Dönməzliyi, vətən və millət uğrunda fədakarlığı alın yazısına çevirmiş sevgili cəbhəçilər, 25 yaşımız qutlu olsun! Bu gün sıradan bir partiyanın, bir siyasi strukturun 25 yaşı tamam olmur. Bu gün həm də 25 il öncə Azərbaycana təkrar istiqlal qazandırmaq üçün meydanlara çıxıb şər qüvvə ilə mübarizədə hər cür çətinliklərə qatlaşan, 5 mindən artıq şəhid vermiş, Əbülfəz Elçibəyin mirası olan bir partiyanın doğum günüdür. Xalq Cəbhəsi təkcə dönməzlik, cəsarət, mübarizlik kimi keyfiyyətlərilə tanınan bir partiya deyil. Xalq Cəbhəsi Azərbaycanın siyasi sisteminin ən müasir partiyasıdır. Xalq Cəbhəsi öz fəaliyyətində çağdaşlığı təbliğ edən bir partiyadır. Xalq Cəbhəsi təşəbbüskar bir partiyadır. Cəbhəçilər idarə etməyi və idarə olunmağı bacarırlar. Xalq Cəbhəsi həm də bir məktəbdir. Azərbaycanda başqa belə bir partiya yoxdur. Bunu əminliklə deyirəm.
Xatırlayırsınızsa Ilham Əliyevin gənclər siyasəti var idi. Gənclər öz həmyaşıdlarının hərbidə ölümünə etiraz edərkən Ilham Əliyev gəncləri “anti-milli ünsürlər” adlandırdı. Bununla da onun gənclər siyasəti bitdi. Ilham Əliyevin gənclər siyasətinin tam alternativi AXCP sədri Əli Kərimlinin gənclər siyasətidir”.
“Xalq Cəbhəsi göstərdi ki, xalq üçün təmənnasız çalışmaq olar”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Xalq Cəbhəsinin üstünlüklərindən, gördüyü işlərdən, mübarizə tarixindən və hədəflərindən danışdı: “Xalq Cəbhəsi haqqında bir fenomen kimi danışırıq. Çünki o, sadəcə, bir siyasi partiya deyil. Xalq Cəbhəsinin keçmişi bir xalqın siyasi tarixidir. Avtoritarizmə, şərə, haqsızlığa, yalana qarşı mübarizə tarixini Xalq Cəbhəsi yaradıb. Xalq Cəbhəsi həm də ona görə fenomendir ki, məzlum, əzilmiş, haqqı əlindən alınmış bütün insanların sabaha olan ümidləridir. Məhz Xalq Cəbhəsinin varlığı sayəsində bu gün Azərbaycan Türkmənistan deyil. Məhz Xalq Cəbhəsinə görədir ki, Azərbaycan xalqı sabaha inanır. Yalnız Azərbaycan xalqı deyil, demokratik dünya da Azərbaycandakı dəyişikliklərə inanır. Bu, siz cəbhəçilərin fədakarlığının nəticəsidir. Xalq Cəbhəsi təksə siyasi maraqlar uğrunda mübarizə aparmır. Xalq Cəbhəsi bu ölkədə siyasi prinsiplərə, verilən sözlərə sədaqət nümunəsi yaradır. Məhz Xalq Cəbhəsi göstərdi ki, xalq üçün təmənnasız çalışmaq olar. Milli Şura yarananda cəmiyyət Əli Kərimlini vahid namizəd kimi görürdü. Ancaq birlik naminə Əli bəy geri çəkildi. Şansı olmayanın geri çəkilməsi fədəkarlıq deyil, ən güclünün geri çəkilməsi fədakarlıqdır. Xalq Cəbhəsi və onun lideri bunu göstərdi”.
“Azərbaycan Xalq Cəbhəsi intibah dövrünü yaşayır”
Daha sonra çıxış üçün söz veteran cəbhəçi, Milli Şuranın üzvü, Istiqlalçı deputat Ibrahim Ibrahimliyə verildi. O, qeyd etdi ki, Xalq Cəbhəsi Azərbaycanda tarix yaradıb: “Bu gün yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cəbhəsi 25 illik bir ömür yaşadı və Azərbaycanın ən şərəfli tarixini yazdı. Bu tarixi silməyə, özəlləşdirməyə cəhd etdilər. Amma bu heç kimə – nə Heydər Əliyevə, nə də onun əziz-xələfi Ilham Əliyevə müəssər oldu. Çünki bu tarix adi mürəkkəblə adi səhifədə yazılmış tarix deyildi. Bu, istiqlal uğrunda mübarizə aparan azadlıq aşiqlərinin tarixi idi. Yaddaşlara qanla yazılan tarixi silmək olmaz. Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanması Azərbaycan Xalq Cəbhəsinin adı ilə bağlıdır. 25 illik təqiblərə, təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti Xalq Cəbhəsini məhv edə bilmədi, çünki Azərbaycan Xalq Cəbhəsi Azərbaycan xalqının bağrından doğmuşdu. Bu təşkilatı məhv etmək, sıradan çıxarmaq mümkün deyil. Azərbaycan Xalq Cəbhəsinin üzvləri meydanlardan zindanlara, zindanlardan meydanlara axa-axa, əliyalın təpədən-dırnağa silahlanmış rus tanklarının qarşısına çıxaraq öz şərəfli, ləyaqətli tarixini yazdı və 5 mindən artıq şəhid verdi.
“Azərbaycan Xalq Cəbhəsi böhran keçirir” deyənlərə üzümü tutub demək istəyirəm, Azərbaycan Xalq Cəbhəsi böhran keçirmir, əksinə, intibah dövrünü yaşayır. Əbülfəz Elçibəyin başçılığı ilə Azərbaycan Xalq Cəbhəsi Azərbaycana istiqlal gətirdisə, Əli Kərimlinin başçılığı ilə Azərbaycan Xalq Cəbhəsi Azərbaycana azadlıq gətirəcək”.
Milli Şuranın üzvü Rövşən Əhmədli də çıxışı zamanı təbriklərini çatdıraraq Xalq Cəbhəsinin keçdiyi şərəfli yola nəzər yetirdi: “Bu gün hamımızın bayramıdır. Bu gün burada mütləq qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cəbhəsinin ilk günlərindən inanclı insanlar ön sırada olub. Biz hansı partiyada, cəmiyyətdə, təşkilatda oluruqsa olaq, hamımızın məqsədi birdir. Salam olsun bütün mübariz insanlara!”.
“AXC-nin ən böyük işlərindən biri ”Azadlıq” qəzetini yaratmaq olub”
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev çıxışında vurğuladı ki, Xalq Cəbhəsinin ən böyük xidmətlərindən biri Azərbaycan mətbuatının fenomeninə çevrilmiş “Azadlıq” qəzetini yaratmasıdır: “Fəxr edirəm ki, AXC-nin təsis konfransının üzvü olmuşam. 25 ildir Azərbaycan Xalq Cəbhəsinin üzvüyəm. Azərbaycan ictimai-siyasi həyatının böyük fenomenlərindən birinə çevrilmiş ”Azadlıq” qəzetini Azərbaycan xalqına məhz AXC bəxş edib. Mən vətəndaşlarımıza cəbhəçilər kimi prinsipial və qətiyyətli olmağı arzulayıram”.
Tədbirə AXCP sədri Əli Kərimli yekun vurdu. AXCP sədri çıxışına Ə.Elçibeyden sitat getirməklə başladı: “Azərbaycana azadlığı biz qazandırdıq, demokratiyanı da biz qazandıracağıq. Bunu istəyirsiz Elçibəyin tapışırığı, vəsiyyəti sayın, istəyirsiz də Azərbaycan xalqının Elçibəyin dililə deyilmiş çağırışı sayın. Biz bu çağırışı yerinə yetirməliyik və yetirəcəyik. Allahın köməkliyi ilə bu çətin mübarizəmiz Elçibəyin dediyi kimi, Azərbaycana demokratiyanın qazandırılması ilə başa çatacaq. Bu yolun sonunda azadlıq, ədalət, demokratiya var”.
Tədbirdə Milli Şuranın fəxri sədri, tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyovun, siyasi məhbuslar Qurban Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli və Bəşir Süleymanlının AXC-nin 25 illiyilə bağlı təbrikləri də oxundu.