Ərəb ölkələrini bürüyən devrimlərin Azərbaycandan yan ötməsi olası iş deyil. Ərəb ölkələrindəki diktaturaların bir başqası – onlardan xalqa daha da yad-yağı olanı Azərbaycandadır. Ərəb ölkələrində baş verən devrimlərlə bağlı ABŞ-ın, Avropa Birliyinin, ayrıca olaraq Avropanın aparıcı dövlətlərinin reaksiyaları, devrim proseslərinə birbaşa qatılmaları dünyada yeni demokratikləşmə dönəminin sanksiyalaşdırılması deməkdir! Görünür, bunu Ilham Əliyev də sezməkdədir. Elə buna görə də o daha qabaqkı kimi kabinetində oturub qala, tez-tez dünya turnesinə çıxa bilmir. O, indi 40 illik Heydər Əliyev rejimini qoruyub saxlamaq üçün çabalar göstərir. Ancaq… olduqca effektsiz çabalar!
O, indi ata-oğul olaraq illərdən bəri çox incitdikləri, özlərindən incik saldıqları, buna görə də çox qorxduqları Bakı köylərini bir-bir gəzir, tez-tez rayonlara çıxır, Bakıda böyük topluluqların olduğu yerlərə baş çəkməyi də unutmur. Belə yerlərdən biri “Milli” Elmlər Akademiyasıdır. I.Əliyev bugünlərdə Akademiyada da olub. Birinci, dönə-dönə yazmışam, bir daha yazıram: milli elm olmur, ola bilməz. Elm milli olanda elmliyini itirir. Ancaq, burası da deyilməli, ayrıca olaraq vurğulanmalıdır: əliyevçi diktatura dönəminin
Akademiyası elə indiki sayaq “milli” ola bilər, başqa cür ola bilməz. Bunu Əliyevlər dönəminin Akademiya-elm praktikası göstərir!
I.Əliyev “Milli” Elmlər Akademiyasındakı çıxışında deyir: “Hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır”. Belə bir siyasətin FIKSIYA olduğunu I.Əliyevin çıxışlarından (başlıca olaraq, çağdaşlıqdan uzaq “müasir” leksikonundan!) antidemokratik davranışlarından, ən başlıcası da bütünlüklə ANTIDEMOKRATIK, ata kursundan qalma əski-qoca kadr siyasətindən görmək olar. Bunu I.Əliyevin başdan ayağa KORRUPSIONER KOMANDASINDAN görmək olar. Indi bu hamıya bəllidir: “Gəncliyin lideri” adı ilə xalqa sırınan
I.Əliyevin baxışları Heydər Əliyevin baxışlarından daha gerilikçi, daha antidemokratikdir.
I.Əliyev Elmlər Akademiyasının yan-yörəsindəki “abadlıq” işlərini yüksək dəyərləndirir, bunu Akademiyanın başlıca uğuru olaraq görür. Düz eləyir! Axı, bu Akademiyanın əliyevçi rejim dönəmində başqa bir uğuru ola da bilməz! Azərbaycanı demokratiya yolundan diktatura yoluna döndərən əliyevçi rejimə elmli-bilimli Azərbaycan deyil, elmsiz-bilimsiz Azərbaycan gərəkdir – milləti daha bir qırx il sürü sayağı süründürmək üçün!
Başqa yerlərdə olduğu kimi, I.Əliyev Akademiyada da “kollektivlə”- “alim”, “akademik” adlanan kimsələrlə görüş keçirdi, “ümummilli lider” atasının, özünün Akademiyaya, Akademiya işçilərinə böyük qayğısından danışdı. “Alim”, “akademik” adı daşıyan kimsələrdən birinin kişiliyi çatmadı soruşsun: niyə görə sizin çoxillik hakimiyyətiniz boyunca dövlət büdcəsindən ən az ayırma (0,4 faiz!) “Milli” Elmlər Akademiyasına olur? Soruşan olmadı: necə olur I.Əliyev 11 yaşlı oğluna təkcə Dubayda 44 milyon dollarlıq mülk alır, ancaq az qala 20 minlik kontingenti olan Akademiya işçilərinin hamısının bir yerdə illik qazancı Bakıda bir ev almağa yetər-yetməz olur?!
“Ana dilimizin saflığı qorunmalıdır”- deyən I.Əliyev desin görək Təhsil sistemi bütünlüklə, ən aşağılardan tutmuş, ən yuxarılaradək rüşvətə bulaşmış bir ölkədə, televiziyalarında aparıcıları normal ana dilində danışa bilməyən bir ölkədə, parlamenti bütünlüklə bulaşıq yolla – saxtakarlıqla formalaşdırılan, hökuməti korrupsiya üzərində qurulan bir ölkədə, filosof-akademikləri korrupsiyaya bulaşan bir ölkədə dilin “saflığından” danışmaq Göyə dırmaşmaq istəyi kimi yalançı bir istək deyilmi?!
Akademiyanın prezidenti “elm adamlarına göstərdiyi diqqət və qayğıya görə” dövlət başçısına “minnətdarlığını” bildirib. Akademiyadakı “elm adamları”- elmlər doktorları 200 manat aylıq alırlar!