Azərbaycanda sosial şəbəkələrdə və saytlarda Şimali Koreya telekanalında yayımlanan video ətrafında müzakirələr gedir. Yayılan məlumatda bildirilir ki, Şimali Koreyanın dövlət televiziyası bu ölkənin Braziliyada keçirilən dünya çempionatında birinci mərhələdə bütün rəqiblərini udaraq, növbəti mərhələyə çıxdığı haqda xəbər verib. Guya, Şimali Koreya yığması Yaponiyanı 7-0, ABŞ-ı 4-0, Çini 2-0 hesabı ilə məğlub edib. Qrup mərhələsində bütün oyunlarda qələbə qazanan Şimali Koreya növbəti mərhələyə çıxıb və onun rəqibi futbol ulduzu Kriştiano Ronaldonun da oynadığı Portuqaliya yığması olacaq.
Şimali Koreyanın ümumiyyətlə, Braziliyadakı dünya çempionatında iştirak etmədiyini nəzərə alaraq, yayılmış bu məlumat bir qədər qəribə göründü. Amma Şimali Koreyanın qapalı ölkə olduğunu və burada ən ağlasığmaz addımların atıldığını nəzərə alaraq, insanlar həqiqətən belə bir məlumatın yayılmasına inanmışdılar.
Lakin araşdırma zamanı məlum oldu ki, əslində, müzakirə predmeti olan video Şimali Koreya televiziyasında yayımlanmayıb. Onu Cənubi Koreyalılar hazırlayıb və bu cür təqdim etməkdə məqsəd Şimali Koreyadakı rejimi məsxərəyə qoymaq olub.