ABŞ və İngiltərə Liviya diktatorunun fiziki məhvini müzakirə edəcək
Liviyada yerüstü əməliyyatlar planı hazırlandı
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlara daha bir ölkə qoşulub. Bir zamanlar Liviya diktatorunun yaxın dostlarından biri olan Italiyanın baş naziri Silvio Berluskoni ölkəsinə məxsus qırıcıların Qəzzafi rejiminin hərbi hədəflərini bombalayacağını bildirib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Berluskoni ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində Ağ ev rəhbərinə Liviya əməliyyatında Italiya hərbi aviasiyasının rolunu artıracağını bildirib. Berluskoni bu barədə digər Avropa liderlərinə də məlumat vermək niyyətindədir.
Ötən gün yayılmış digər məlumatlara görə, Ingiltərənin müdafiə naziri Liam Foks və Baş Qərargah rəisi Devid Riçards amerikalı həmkarları ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər ediblər. Danışıqlar zamanı tərəflərin Liviya diktatorunun fiziki məhvi planını hazırlamaq niyyətində olduğu bildirilir.
Ingiltərəli nazir səfər ərəfəsində Müəmmər Qəzzafini hədələyib: “Əgər rejim öz xalqına qarşı müharibəni davam etdirsə, qoşunların idarə olunmasında iştirak edən şəxslər tərəfimizdən qanuni hədəf kimi qəbul olunacaq. Liviyada münaqişənin sülh yolu ilə həllində maneələrdən biri polkovnik Qəzzafidir”.
Liam Foks və Devid Riçards ABŞ-ın müdafiə naziri Robert Geyts və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mayk Mallenenlə danışıqlar aparacaq. Danışıqlarda NATO aviasiyasının və ABŞ-ın pilotsuz təyyarələrinin hədəflər siyahısının genişləndirilməsinin mümkünlüyü müzakirə olunacaq.
Bu arada, Fransa prezidenti Nikola Sarkozi Liviyada quru əməliyyatlarının keçirilməsini istisna etməsə də, bunun yaxın günlərdə baş tutmayacağını bildirib. Sarkozi Romada Italiyanın baş naziri Silvio Berluskoni ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) hazırkı qətnaməsində Liviyada yerüstü əməliyyatların keçirilməsinə dair müddəa yoxdur. Ancaq bu qətnamə Liviyaya kəşfiyyat dəstələri və hərbi ekspertlər göndərməyə imkan verir.
Almaniyanın “Bild” qəzetinin yazdığına görə isə, Avropa Birliyi Qəzzafi rejiminə qarşı quru əməliyyatları planını hazırlayıb. Altmış səhifəlik planda əməliyyatların miqyası, prosesdən sonra yaranacaq vəziyyətlə bağlı müddəalar yer alır. Xəbərdə o da qeyd olunur ki, Avropa Birliyinin quru əməliyyatlarına BMT TŞ-nın müsbət qərarından sonra start verilə bilər. Almaniya mediasının yazdığına görə, Qəzzafi rejiminə qarşı əməliyyatlar planı aprelin sonlarına qədər BMT-yə təqdim olunacaq.
Onu da əlavə edək ki, mayın 5-də Italiyada Liviya təmas qrupunun növbəti toplantısı keçiriləcək. Bu barədə məlumatı Ağ evin mətbuat xidməti yayıb. Açıqlamada bildirilir ki, ABŞ prezidenti Barak Obama mayın 5-də Romada Liviya təmas qrupunun növbəti görüşünün keçirilməsində Italiyanın rolunu alqışlayır. Görüş zamanı beynəlxalq ictimaiyyət Qəzzafi rejiminə qarşı diplomatik və iqtisadi təzyiqi artırmağın, diktatora qarşı savaşan üsyançıların Benqazi şəhərində qurduğu Milli Keçid Şurasına əlavə dəstək göstərməyin yollarını müzakirə edəcək.
informasiya şöbəsi