Hərbçilər etirazlara müdaxilə əmrini rədd etdi; Qərb ölkələri Bəşər Əsəd rejiminə qarşı sanksiyaları gündəmə gətirdi
Suriya ordusunun bir neçə zabiti və əsgəri Iordaniya ilə sərhəddəki Dəraa şəhərində silahsız nümayişçilərə atəş açmaqdan imtina ediblər. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
“Əl-Öməri məscidinin qarşısında 5 zabit və 10 əsgər qarşı tərəfdəkilərin silahsız olduğunu görəndə atəşi dayandırdılar”, – deyə Bəşər Əsəd əleyhinə etirazların fəallarından biri Abdulla Abazeyd bildirib.
Bəşər Əsəd rejiminin hökumət əleyhinə keçirilən etiraz aksiyalarına sərt müdaxiləsi Qərb ölkələrini hərəkətə gətirib. Avropanın bəzi ölkələri Suriyaya qarşı sərt sanksiyaların qəbuluna dair çağırışlar edib. Ingiltərə, Fransa və Italiya Dəraa vilayətində dinc aksiyalara əsgərlərin odlu silahdan atəş açmasından sonra Bəşər Əsəd rejiminə qarşı qadağaların qəbulu məsələsini gündəmə gətirib.
Ingiltərə, Fransa və Italiya hökumətlərinin yaydıqları birgə bəyanatda Avropa Birliyi və BMT Bəşər Əsəd hakimiyyətinə qarşı sərt addımların atılmasına çağırılıb.
Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. Söhbət zamanı Suriyadakı son hadisələr barədə fakir mübadiləsi aparılıb. Türkiyənin baş naziri Suriya rəhbəri ilə telefon əlaqəsindən əvvəl ABŞ prezidenti Barak Obama ilə də telefonda danışıb. Liderlər Suriyadakı hadisələri və bölgədəki siyasi durumu müzakirə ediblər.
Əsəd əleyhdarları Istanbula toplaşdı
Bundan başqa, dünən Istanbulda Suriya müxalifət təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və diplomatların qatıldığı toplantı keçirilib. Toplantının əsas müzakirə mövzusu Suriyadakı son hadisələr və Bəşər Əsəd rejiminin gələcək taleyilə bağlı olub.
Konfransda çıxış edən Suriya kürdlərinin liderlərindən Rəbba Ramazan ölkənin müxtəlif yerlərində rejim əleyhinə mübarizə aparan insanları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, insanlar demokratik Suriya üçün mübarizə aparır və nəticəsi də uğurlu olacaq.
Suriyalı qadın Azad Münir Bəşər Əsəd hakimiyyətinin xalqa qarşı amansız davrandığını söyləyib. O, Suriyada qadına da, kişiyə də eyni şəkildə işgəncə verildiyini bildirib. Suriyanın tanınmış Məcid tayfasının şeyxi Əbdülrəhim Məcid ölkədə ayrı-ayrı qəbilələrin Əsəd rejimini xalqın istək və tələblərini cavablandırmağa çağırdıqlarını vurğulayıb.
İnformasiya şöbəsi