Bu hakimiyyətdə təmsil olunanların bütün vasitələrdən istifadə edib milləti soymaları adi haldır. Ancaq səmimi etiraf edirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu bir azacıq, lap xırdaca, bap-balaca da olsa, acgöz hərislərdən fərqləndirirdim. Güman edirdim ki, Əli müəllimin media sahəsindəki inhisarçılığının içində biznes marağından daha çox, siyasi senzor iddiaları yer alıb.
Bu yaxınlarda baş verən bir olay “zənn və gümanı” haqda Aşıq Ələsgərin özünə ünvanladığı nataraz həcvi yadıma saldı. Gümanımda yanıldığım çox olub, amma bu qədəri yox.
Demə, hörmətli Əli müəllimin Beynəlxalq Mətbuat Mərkəzi restoranmış. Istənilən şəxs tədbir üçün yer icarəsini ödəyəndən sonra əgər qonaqlarına ayaqüstü qəlyanaltı, furşet vermək istəsə, menyunun Bakıdakı ən bahalı restoranlar qiymətində olduğunu müşahidə edə bilər. Bunu özləri də gizlətmir: “Biz restoran qiyməti ilə işləyirik”.
Qiymət restoran qiymətidir, amma şərtlər şadlıq evlərinin şərtidir. Ayaqüstü qəlyanaltı anlayışı yoxdur BMM-də, sifariş olunan nə varsa, anında hər adama düşən məbləğlə qiymətləndirilir.
Belə görünür ki, Əli müəllimin əli aşağı düşüb, ciddi maliyyə sıxıntısı yaranıb. O qədər ki, BMM-dən yalnız mətbuatın istifadə etdiyini və bu məlumatın mediaya ayaq aça biləcəyini eyninə almağa taqəti qalmayıb. Yoxsa, ciddi maliyyə fırıldaqlarında və rüşvətdə adı daha az hallanan Əli müəllim siyasi ömrünə bu yekəlikdə iqtisadi yük yükləməzdi.
Tədbirlərini Əli müəllimin əlinin qalxacağı günə saxlayanları isə sevindirə bilməyəcəm. Çünki ən çətini insanın adını pul qazanmaq ehtirasına təslim etdiyi ana qədərdir; sonra bu vəhşi ehtirasın qarşısında durmaq olmur. Hüsnü Mübarəki görürsünüzmü – tonlarla platini, qızılı, milyardlarla vəsaiti aşkarlanır. Adam bilə-bilə ki, bunları xərcləməyə ömrü yetməyəcək, yenə də başqalarının boğazından kəsib yığdıqca yığır…
Müjdə, ey dil, ceyranlar balalayır…
Ötən il möhtərəmimizin Cəngi düzünə buraxdığı ceyranlar haqda qəşəng bir məlumat yayılıb. Peykdən alınan xəbərə görə, ceyranlarımız kiçik qruplar halında gəzməyə başlayıblar, yəni cütləşmə dövrünə qədəm qoyublar. Inşallah, yaxın günlərdə ceyran balaları Qobustan düzünü bəzəyəcək.
Bundan da şad xəbər olar?! Noolsun ki, son günlər bəzi vacib ərzaq mallarının qiyməti 15-20 faiz qalxıb? Noolsun ki, Neft Şirkəti əhalinin illərlə qurduğu evləri başına uçurmaqda və minlərlə insanı çölə tökməklə məşğuldur? Noolsun ki, millətin genefondunu qoruyası gənclər bu səbəblərdən ailə qurmurlar?
Əsas ceyranlardır – millətin genefondunu qorumasaq da olar: Bu ölkədə yalnız möhtərəmimizin ceyranları gəzməli, cüyürləri şarkı söyləməli, maralları adam kimi yaşamalıdır.
Bu ölkənin adamları adam kimi yaşamasa da olar…
Intihar cinayətlərinin hədəfi kimdir?
Yeri gəlmişkən: dünən Bakıda 49 yaşlı Şakir Kərimov və 27 yaşlı Ceyhun Məmmədov intihar edib. Göygöldə də 2 adam özünü öldürüb.
Bu, hələ gündəlik intiharların mətbuata çıxan cüzi hissəsidir.
Ceyhun Məmmədov “xəstəymiş” – özünü binadan atmasının “səbəbi” hüquq-mühafizə orqanlarına vəhylə aydın olub. Amma özünü asan digər 3 nəfərə görə 125-ci maddəylə iş başlamaq məcburiyyətində qalıb polislərimiz, hamını xəstə çıxarmaq olmaz ki!
Cinayət Məcəlləsinin 125-ci maddəsi “özünü öldürmə həddinə çatdırma”dır. Hər gün insanları “özünü öldürmə həddinə” çatdıran cinayətkar kimdir? Rüşvətxorlar, korrupsionerlər, yüz minlərlə iş yeri açdığını yalan-palan söyləyib xalqı işsiz-gücsüz qoyanlar, insanları bir parça çörəyə möhtac edənlər, mənasız layihələrə milyardlar xərcləyənlər, xaricdə villalar alanlar…
Bu cinayət işləri başlandığı kimi də xətm olunacaq. Çünki cinayətkarı layiq olduğu yerdə oturtmaq Azərbaycan reallığında müstəntiqlərin işi deyil.