Mariya Sneqovaya, politoloq, Kolumbiya universitetinin doktorantı
Iqtisadiyyatın gündən-günə geriləməsi fonunda Putin və Mevedevin reytinqi durmadan artır. Ötən həftə onlar yeni rekorda imza atdılar: sorğu nəticəsində son dörd ilin ən yüksək göstəricisi aşkar edildi. “Levada-mərkəzin” apardığı sorğulara görə, may ayında Putini dəstəkləyən respondentlərin xüsusi çəkisi 83 faizə yüksəlib, halbuki mart ayının əvvəlində bu rəqəm 72 faiz idi. Vətəndaşlara 5-6 siyasətçi arasından ən çox etibar oluna bilən birinin adını çəkmək təklif ediləndə, onlar ən çox Putinin adını çəkirlər.
Sualın bu cür qoyuluşunda Putin 53 faiz, onun opponentləri isə birlikdə 34 faiz tərəfdar qazanmışdı (“Levada-mərkəzin” 23-26 may tarixində apardığı sorğulara əsasən). Niyə iqtisadiyyatın geriləməsi fonunda hakimiyyətin populyarlığı yüksəlir? Bu sualın cavabı çox güman ki, iqtisadiyyatda deyil, psixologiya sahəsində axtarılmalıdır.
Hakimiyyətə dəstək mexanizmləri ilə bağlı məsələlər üzərində alimlər çoxdan araşdırmalar aparırlar. Hələ 1950-60-cı illərdə psixoloq Milton Rokiç özünün “Açıq və qapalı ağıl” (1960) kitabında gerçəkliyin idrakının iki əsas tipini təsvir etmişdi. Qapalı ağıl ehkamçılığa (doqmatizmə) və avtoritetə danışıqsız itaətə meyllidir. Ehkamçıların əsas xüsusiyyəti: “informasiyanın məzmununu onun mənbəyindən ayırmaq və onu ayrılıqda qiymətləndirmək bacarıqsızlığı”dır. Başqa sözlə, informasiyanı qəbul edərkən ehkamçılar avtoritetin təsiri altında olur, oxuduqları və ya eşitdiklərinə şübhə ilə yanaşmırlar.
Həqiqət kimi qəbul olunan yalanlar
Avtoritet dedikdə heç də həmişə konkret şəxs(lər) nəzərdə tutulmur. Əvvəllər mənimsənmiş ideya və baxışlar da bu mənada avtoritet ola bilir. Kelli Qerret və Brayan Uiks 2013-cü ildə dərc olunmuş həmmüəllif əsərdə göstərirlər ki, insanların gerçəkliyi nə dərəcə adekvat dərk etməsi onların bunadək mövcud olan şəxsi qənaətlərindən asılıdır. Xüsusi təcrübələr yolu ilə gəlinmiş nəticələrə görə, insan onun üçün tamamilə yeni olan informasiyanı yalnız o halda mötəbər qəbul edir ki, bu informasiya onun dünyagörüşündə (o cümlədən siyasi görüşlərində) ziddiyyət doğurmur. Bu, mental tələdir: insan öz dünyagörüşünün əsasını təşkil edən ideyalardan (bunlar tamam yanlış olsa belə) asanlıqla imtina etmək iqtidarında deyil. Qrem Robertson göstərir ki, avtoritar sistemlərdə yalanların həqiqət kimi qəbul olunması insanların rejimə münasibətindən asılıdır. Rejimin gerçək mahiyyətinə bələd olan insanlar nəinki onun daimi ağ yalanlarını qəbul etmir, hətta rejim yandaşlarının dilindən səslənən həqiqi faktlara da şübhə ilə yanaşırlar. Çünki rejimə bir qayda olaraq etibar etmirlər. Əksinə, rejimin mahiyyətini başa düşməyən insanlar istənilən yalanı həqiqət kimi qavramağa meyllidilər.
Avtoritar sistemlərdə hakimiyyətin fəaliyyəti ilə bağlı həqiqi məlumatlar əlçatan deyil. Əsas statistik məlumatlar bir qayda olaraq saxtalaşdırılır, kütlələrə çıxışı olan əsas informasiya vasitələri (xüsusən televiziyalar) nəzarətə götürülür və onlar rejimin yalanlarına həqiqət donu geydirib yaymaqla məşğul olurlar. Belə hallarda həqiqətləri üzə çıxarmaq üçün ciddi səy göstərmək lazım gəlir. Rejimi ifşa edən məlumatlar bir qayda olaraq rejim əleyhdarları və ya müxalif qüvvələr tərəfindən üzə çıxarılır. Əksinə, rejim yandaşları belə məlumatları axtarmağa meylli deyillər, yaxud belə məlumatlar onların diqqətini cəlb etmir, bəzən hətta rejimi ifşa edən faktlara ikrahla yanaşırlar. Nəticə etibarı ilə, rejimi ifşa edən məlumatlar kifayət qədər geniş tirajlansa da, itaətkar kütlələrin beyinə batmır və onların rejimə münasibətini əsaslı surətdə dəyişmir.
Mütəxəssislərin çıxardığı nəticələr ilk baxışdan pessimist görünür. Birincisi, müstəqil KIV-lərin və Internetin mövcudluğu özlüyündə problemin həllinə zəmanət vermir. Insanlar gündəlik rastlaşdığı informasiyanın yalnız öz dünyagörüşünə zidd olmayan, daha doğrusu, əvvəldən mövcud qənaətləri daha da möhkəmlədən, onun öz görüşündə haqlı olduğunu bir daha təsdiq edən informasiyaları həvəslə mənimsəyir, qalanlarını sadəcə çıxdaş edirlər. Ikincisi, bu cür mental tələ cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir. Rejimin əleyhdarları və tərəfdarları arasında ünsiyyət alınmır, çünki onların düşüncə aləmləri tamam fərqlidir.
Mental tələnin qurbanları
Təcrübə göstərir ki, bir çox hallarda əhalinin böyük əksəriyyəti mental tələnin qurbanı olurlar. Brayan Kaplanın təbirincə desək, pis ideyalar pis siyasətə gətirib çıxarır. Bunun əksi də doğrudur: pis siyasət pis ideyaların yaranmasına səbəb olur. Birincisi, böhran hallarında insanlar səhvləri müəyyən edib aradan qaldırmaq əvəzinə, panikaya düşməyə və günahkar axtarmağa meyllidilər. Ikincisi, əvvəldən seçilmiş kursun dalana dirəndiyini etiraf etmək siyasətçilər və xalq üçün son dərəcə çətindir. Çünki belə etirafdan sonra siyasi və iqtisadi kursu təməldən dəyişmək, sistemi yenidən qurmaq lazım gəlir. Xüsusən, hakim siyasi qüvvə illər ərzində yürüdülmüş yanlış siyasətə görə xalq qarşısında cavab verməli, ən azı hakimiyyətdən getməlidir. Bütün bunlar avtoritar rejimlərin təbiəti ilə bir araya sığmır. Onlar ciddi böhranla üzləşdikdə, yol verilmiş səhvlərə müxtəlif üsullarla haqq qazandırır, uğursuzluqların daxili və ya xarici destruktiv qüvvələrin əməlləri ucbatından baş verdiyini kütlələrə təlqin etməyə çalışır, əhali arasında müxtəlif konspirasiyalar yayır, düşmən obrazları qondarırlar. Nəticədə, yanlış yoldan çəkilmək əvəzinə, əvvəlki siyasətin intensivliyi daha artır, iqtisadi tənəzzül daha dərinləşir, siyasət daha qəddarlaşır, repressiyalar güclənir və s. Yekun etibarı ilə, iqtisadi tənəzzül, pis ideyalar və səhv siyasət cəmiyyəti dərin böhran vəziyyətinə gətirir. Başqa sözlə, mental tələ ölkəni yamanlıq kələfinə salır.
Yamanlıq kələfi bu günün Rusiyasının taleyidir
Dünyagörüşünün yanlışlığı, xüsusən Qərb və NATO-nun timsalında şişirdilmiş təhlükə mənbələrinin əhaliyə təlqin olunması ona gətirib çıxarıb ki, bu gün Rusiya əhalisinin böyük qismi Putinin Ukraynaya qarşı sivil dünyanın gözündə yolverilməz olan hərəkətlərini böyük şövqlə dəstəkləyir. Xarici investorlar ölkəni tərk edir, dünya biznesi ilə əlaqələr kritik həddədir, iqtisadiyyat ciddi tənəzzül yaşayır və bundan sonra daha şiddətlə geriləyəcək. Bütün bunların fonunda hakimiyyətin reytinqi yüksəlir, çünki rus xalqı yanlış ideyaların əsarətindədir. Rus xalqının düşdüyü mental tələ yanlışlığı günbəgün dərinləşdirir. Həqiqi iqtisadi islahatlar aparmaq əvəzinə, hakimiyyət xarici ticarətdə yeni tərəfdaşlar axtarır (Peterburq iqtisadi forumunda Putinin çıxışı bunu tam təsdiq edir). Xatırladaq ki, prezidentin müşaviri Sergey Qlazyev xeyli vaxtdır, radikal özünütəcrid tədbirlərinin görülməsi zərurətindən danışır. Latın Amerikası ölkələrinin zəngin təcrübəsinə baxsaq, bu cür tədbirlər iqtisadi tənəzzülü daha dərinləşdirməkdən başqa heç nə vəd etmir.
Yanlış siyasətdən geri çəkilməmək, səhvləri təyin edib aradan qaldırmamaq cəmiyyətə çox baha başa gəlir, həm iqtisadi, həm digər sahələrdə. Lakin görünən budur ki, bir çox ölkələr öz həqiqət illüziyaları naminə ağır bədəl ödəməyə hələ də razıdılar.
Mənbə: www.vedomosti.ru/newsline/news/27226481/v-lovushke-soznaniya “http://www.vedomosti.ru/newsline/news/27226481/v-lovushke-soznaniya”