Bizlər uğuru Tanrıdan sığortalanmış ulu, uzun bir yolun yolçularıyıq. Bu yolda bizlər yenilməzik, topu, tankı, sümükqıran itlərilə qarşımıza çıxan şər güclər yox. Dünənədək onlar çoxsaylı diktaturaların sırasında yer tutmaqla güclü görünürdülər. Yalnız dünənədək. Bu gün başqadır! Bu gün onlar bir-bir yıxılan diktatura yoldaşlarına baxıb, sıralarının gəlib çatacağı çağı gözləməkdədirlər. Otuz-qırx illik hakimiyyətlərin sonunun çatan çağlarıdır bu çağlar! Bu günlər dünyada bir Özgürlük-Demokratiya paradı sərgilənməkdədir – bizlər dik başımızla bu paradın önündən keçənlərik. Dünya bizə baxır! Biz dünyanın ən gözəl paradı qarşısından keçirik!Gözəl xanım bizim dünya qarşısındakı paradımıza daha bir gözəllik qatdı! Bu qatqıdan sıralarımız seyrələcəkmi, genişlənəcəkmi? Sözsüz, genişlənəcək! Biz əliyevçi rejimin böyük bir dustaqlığa çevirməklə dünyanı başımıza dar elədiyi Ölkəmizə Özgürlük – Genişlik qazandırmaq üçün Meydana çıxanlarıq. Bu gün bizim istəklərimiz bütün qabaqcıl dünyanın istəkləri ilə üst-üstə düşdüyündən, dünya bizimlədir! Biz gündən-günə artan, çoxalan Demokratiya dünyasının sıradaşlarından olaraq çoxuq, güclüyük! Puldan özgə nəsə saya bilmədiklərindən, Ilham Əliyev komandasından olanlar bizi SAYA bilməzlər – biz pul deyilik, biz Özgürlük, Demokratiya gücləriyik!
Kabab iyinə gələnlərin getməkliyi
Mənə zəng vurub Y.Bağırzadə (AMIP) adında birisinin Ictimai Palatadan, ən başlıcası, Palatanın Koordinasiya Şurasından nəyə görə getdiyini soruşurlar. Məncə, Gözəl xanım tutulduğuna görə. Bunun başqa adı yoxdur. Kabab iyinə gələn kişi gəlib xanımların belə tutulub dustaq edildiyini görüncə nə etməliydi? Qaçmalıydı! O da qaçdı.O indi qaçışına don geydirmək üçün geydirmə bir arqumentə əl atır: “Mitinq yolu ilə mübarizəni məqbul saymıram”. Indiyəcən sayırdı, indi saymır. Bu kişi o başdan bu başa bircə yol da IP-nin yığıncağında çıxış eləyib “mitinq yolu ilə mübarizəni məqbul saymadığını” dilinə gətirməyib. Indi nə oldu? Soruşmaq gərəkir: amansız, qaniçən, bütün hüquq normalarını ayaq altına alan, bütün hakimiyyət qollarını bir əldə saxlayan, bütün seçkiləri saxtalaşdıran, bütün elektron informasiya qurumlarını demokratik müxalifətlə savaş ALƏTINƏ çevirən diktatura rejimi ilə başqa hansı effektli “mübarizə” yolu tapmaq olar? Sən belə bir yolu tapmısansa niyə gizlədirsən? De, biz də bilək.Iş mitinqdə-zadda deyil, ortada başqa “problemlər” var. O kişi aldığının ödüncü olaraq rejimin seçki cinayətinə qol qoymuş, sonra da gəlib bizim antiseçki Birliyimizə qatılmışdı. Az qabaq o kişi rejimin göy “müxalifət” qəzetlərindən birinə çıxaraq demişdi: “Xaliq Bahadır hakimiyyətə işləyir, Ictimai Palatadan çıxarılmalıdır”.
Onda mənə yalnız Bakıdan yox, rayonlardan belə zənglər oldu: “Biz səni təmiz adam olaraq tanıyırıq, sənə inanırıq, sənin arxanda durmuşuq”. Sağ olsunlar! O günlərdə mənə qəzetlərdən də çoxlu zənglər oldu – mənim cavab verməyimi istəyirdilər. Dostlara da, qəzetlərə də deyirdim: gözləyin, özü öz cavabını verəcək. Özü öz cavabını verdi. Verdi, özü də necə gözəl! Bunu elə-belə demirdim: bildiyim nəsnələr vardı. Danışsaydım, o mənim danışmağımdan yararlanıb gedəcəkdi. Sonra da mənim ELLIK Palata dostlarım suçu məndə görəcəkdilər… Çağdaş dünyada iki cür savaş var: Özgürlük-Demokratiya savaşı, bir də hakimiyyət-karyera savaşı. Birincilərin savaşı uzun, bitməyən savaşdır – bu mənim savaşımdır! Ikincilərin savaşı pul-karyera uğrunda aparılan savaşdır. Bu savaşın yolçuları üçün Uzun Yol anlayışı yoxdur – onlar üçün “bu saat, bu dəqiqə” istədiyini əldə etmək anlayışı var. Şəkər xəstələri üçün insulin nə deməkdirsə, belələri üçün pul-karyera o deməkdir. Bugünədək olduğu kimi, bundan belə də sıralarımızdan gedənlər ikincilər olacaq…