Azərbaycanda irticanın günbəgün basqını artırdığı, mürtəce addımlarını daha qətiyyətlə atmağa başladığı günləri yaşayırıq. 2003 seçkilərindən sonrakı total repressiyaları istisna etsək, 21 illik Əliyevlər hakimiyyətinin heç bir dönəmində ölkə həbsxanalarında eyni vaxtda bu qədər siyasi sifarişlə içəri atılan insan olmayıb.
Azad sözün, tənqidçi fikrin tribunaları artıq barmaqla sayılacaq qədər belə deyil.
Sərbəst toplaşmaq azadlığı dəfn olunub. Müqavimət cəbhəsində təslimçilik əhval-ruhiyyəsi yoxdur, dayanmaqdan söhbət belə gedə bilməz, amma etiraf edək, süstlük var. Durğunluq var. Bozluq və boşluq var. Mübariz fərdlərin və təşkilatların dəyəri isə məhz belə vaxtlarda önə çıxır. Onlar proesesi ölü nöqtədən tərpətməklə, ümumi mənzərəyə rəng qatmaqla mükəlləfdirlər.
Amma təəssüf ki, bu situasiyada iki əsas müxalifət partiyasından birinin – Müsavatın gündəmi yalnız qurultay mövzusundan ibarətdir.
Bəndənizin də təmsil olunduğu partiyanın funksionerlərinin açıqlama və müsahibələri sadəcə, qurultay mövzusundadır. Ara-sıra rastlanan gündəm olaylarına reaksiyalar isə gerçək bir müxalifət partiyası funksionerinin üslubu ilə müqayisədə hədsiz yumşaq, mücərrəd təsir bağışlayır. Rejimin artan aqressiyasına əsla və əsla adekvat deyil.
Hətta həbsdəki partiya funksionerləri – Tofiq Yaqublu, Yadigar Sadıqlı ölkə gündəminə daha çevik, prinsipial reaksiyalar verirlər, nəinki partiya qərargahındakılar.
Rejimin son davranışları ilə bağlı daha operativ, kəskin reaksiyalar verilməsi gərəkdiyi bir dövrdə Müsavatın qurultayından başqa qeyri dərdi, qayğısı yox imiş kimi bir təəssürat var ortada.
Demokratik mücadilənin bu günü və gələcəyi ilə bağlı çox ağır, ağrılı günlərdən keçdiyimiz bir vaxtda Müsavatın sadəcə, öz iç problemi ilə uğraşan partiya görüntüsü ona yaraşmır.
Bəli, qurultayın keçirilməsinə rejimin süni əngəllərini heç kim inkar etmir. Amma bu, partiyanı sadəcə, qurultay mövzusuna kökləməyə də əsas vermir.
Üstəlik, qurultay müzakirələrinin artıq partiyanı içindən qurd kimi gəmirdiyi açıq ortadadır. Qurultayın gecikdiyi hər gün Müsavata ciddi ziyan vurmaqdadır.
Partiyaiçi qruplaşmaların olduğu hər gün daha açıq görünür. Üstəlik, bu qruplaşmaların bi-birindən şübhələri, birinin digəri ilə bağlı hansısa mürtəce ünvanlara bağlı olduğuna dair quşquları dərinləşir.
Qurultay müəmması, bir partiya üçün bayrama çevrilməli olan ali törəni zərərli hadisəyə çevirir.
Müsavat, müqavimət cəbhəsi və küll halında Azərbaycan adına bu xoşagəlməz vəziyyəti tez bir zamanda dəyişmək mütləqdir.
Sərlövhədəki sual da elə bu yerdə aktuallaşır: Müsavat nə etməlidir?
Şəxsi düşüncəm: Müsavat daha artıq vaxt itirmədən qərarını verməlidir. Ya ən pis şərtlərlə, ən pis şəraitdə olsa belə, qurultay keçirilməli, ya da qurultay mövzusunun partiya üçün ən azı gələnilki seçkilərədək aktuallığını itirdiyi açıqlanmalı, qurultay mövzusu Müsavatın gündəmindən çıxarılmalıdır.
Başqa qərarlar da verilə bilər. Başqa yollar, çarələr də, əlbəttə, var. Hər bir halda Müsavat partiyası qurultay məsələsi ilə daha artıq uğraşmamalıdır, bütün diqqətini, enerjisini ən qısa vaxtda tamamən müqavimət cəbhəsinin gücləndirilməsinə yönəltmək üçün bu, vacibdir.
Müsavat artıq üç ili aşan qurultay müzakirə və mübahisələri ilə önünü görməz vəziyyətə gəlməkdədir. Partiya bu qeyri-müəyyənlikdən həm özünün, həm bütünlükdə demokratik düşərgənin daha çox şey itirməməsi üçün həlledici bir qərar verməlidir. Bu qərarın necə olacağı heç önəmli deyil.
Çünki situasiya o həddə gəlib çatıb ki, artıq ən pis qərar belə, qərarsızlıqdan yaxşıdır.