Natiq Cəfərli: «Hökumət öz aləmində düşünür ki, bununla Qərbdən gələn tənqidləri, təzyiqləri müəyyən dərəcədə neytrallaşdıra bilər»
Azərbaycan və Rusiya birgə investisiya fondu yarada bilər. “APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
A.Ulyukayev deyib ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə müzakirə olunub.
“Rusiya-Azərbaycan fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, – deyə A.Ulyukayev qeyd edib.
O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin və bir çox ölkələrlə bu cür fondları mövcuddur.
Azərbaycanın beynəlxalq aləmlə münasibətləri korlanan, sanksiyalarla üz-üzə qalan Rusiya ilə birgə investisiya fondu yaratması nə dərəcədə məqsədəuyğundur və bu fondun fəaliyyəti nədən ibarət ola bilər?
Xatırladaq ki, bu yaxınlarda SOCAR-la «Rosneft» arasında anlaşma və gələcəkdə investisiyaların hər iki ölkədə artırılması ilə bağlı memorandum imzalanıb.
İqtisadçı-ekspert Natiq Cəfərli Rusiya ilə son dövrlərdə buna bənzər anlaşmaları iqtisadi məsələdən daha çox siyasi gediş adlandırır. Bu, Rusiyanın müəyyən dərəcədə Azərbaycanı Gömrük ittifaqı, Avrasiya İttifaqına sürükləməyinin bir yoludur.
Ekspertin sözlərinə görə, Azərbaycan bu məsələlərə daha tez reaksiya verərək Rusiya ilə belə anlaşmalara gedir. Hökumət öz aləmində düşünür ki, bununla Qərbdən son dövrlərdə artan tənqidləri, təzyiqləri müəyyən dərəcədə neytrallaşdıra bilər. Yəni rəsmi Bakı görüntü yaratmağa çalışır ki, əgər Qərb bizi daha çox tənqid etsə, müəyyən islahatların keçirilməsini təkid etsə, Avrointeqrasiya ilə bağlı daha ciddi şərtlər irəli sürsə, Rusiya ilə yaxınlaşmamız daha sürətlə gedəcək: «Bu addımların iqtisadi analizdən daha çox məhz siyasi kontekstdə qiymətləndirmək daha doğru olardı».
Millət vəkili, iqtisadçı Vahid Əhmədov isə son vaxtlar Rusiya ilə dünya birliyi arasında problemlər yarandığından bu ölkəni Azərbaycan üçün riskli zona hesab edir. Ona görə yüksək səviyyədə investisiya qoyulmasını doğru hesab etmir.
Birgə investisiya fondunun yaradılmasına gəldikdə isə, millət vəkili burda hər hansı ziyanın olacağını düşünmür. Çünki Azərbaycanın
Rusiyada, Rusiyanın isə Azərbaycanda çoxlu sayda şirkətləri var. O fonddan həm Azərbaycan, həm Rusiya istifadə edər və burda qeyri-adi bir şey yoxdur.
Fizzə