Müzəffər Baxış: «Andlılar Məhkəməsinin yaradılıb yaradılmamasından asılı olmayaraq ölkədə müstəqil məhkəmə hakimiyyəti yaratmaq lazımdır»
«Andlılar Məhkəməsinin formalaşdırılması, üzvlərin seçilməsi qaydası elə tənzimlənib ki, Azərbaycanın indiki reallığında andlı tapmaq qeyri-mümkündür»
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyn Azərbaycanda Andlılar Məhkəməsinin yaradılmayacağını bildirib. Millət vəkili mətbuata açıqlamasında qeyd edib ki, Andlılar Məhkəməsi məsələsi əvvəlki dövrlərdə olduğu kimi, indi dünyada o qədər də ciddi aktuallıq kəsb etmir. Deputat bir çox yerlərdə Andıllar Məhkəməsinin özünü doğrultmadığını, bu baxımdan Andlılar Məhkəməsini yaratmağa, onu Azərbaycanda tətbiq etməyə heç bir ehtiyac görmədiklərini qeyd edib.
Qeyd edək ki, Andlılar Məhkəməsi – müəyyən şərtlərə riayət olunmaq şərtləri ilə seçilən andlılar kollegiyasından və bir hakimdən ibarət olan və konkret işi araşdıran məhkəmə sistemi institutudur. Andlılar Məhkəməsi bir qayda olaraq birinci instansiyada ağır cinayət işlərinə baxır. Cəza isə hakim tərəfindən təyin edilir.
Bir çox ölkədə həyata keçirilən bu təcrübədən Azərbaycanın imtina etməsinin səbəbi nədir?
Hüquqşunas Müzəffər Baxış Andlılar Məhkəməsinin Azərbaycanda tətbiqini qeyri-mümkün hesab edir. Baxmayaraq ki, Andlı Məhkəmələrinin tətbiqi ilə bağlı Azərbaycanda ATƏT və digər təşkilatların xətti ilə bir neçə beynəlxalq tədbirlər keçirilib: «Bir neçə dəfə mətbuatda da demişəm ki, Andlılar Məhkəməsinin Azərbaycanda tətbiqi qeyri-mümkündür. Andlılar məhkəməsinin formalaşdırılması, andlıların seçilməsi qaydası elə tənzimlənib ki, Azərbaycanın indiki reallığında andlı tapmaq qeyri-mümkündür. Yəni müvafiq icra hakimiyyəti orqanları siyahı təqdim edirlər və həmin siyahıdan son nəticədə 12 nəfər andlı saxlanılır. Azərbaycan reallığında bu qeyri-mümkündür. İnsanlar arasında olan ictimai münasibətlər, qohumluq əlaqələri, ölkənin indiki düşdüyü vəziyyət Andlılar Məhkəməsinin tətbiq edilməsini qeyri-mümkün edir. Düzgün olaraq Cinayət Məcəlləsinin bu maddələri ləğv edilir. Bunu dəfələrlə bildirmişdim. Allaha çox şükür ki, hakimiyyət özü də bunu dərk edib və artıq bundan imtina edib».
Ekspertin sözlərinə görə, Azərbaycanda Andlılar Məhkəməsinin yaradılıb yaradılmamasından asılı olmayaraq ölkədə müstəqil məhkəmə hakimiyyəti yaratmaq lazımdır.
Fizzə