Cümhuriyyət günü onun qurucusu Rəsulzadənin abidəsi önündə qeyd edildi
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 96-cı ildönümü münasibətilə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirib. Tədbirin aparıcısı AXCP gənclər komitəsinin sədri İlham Hüseyndir.
Mitinq iştirakçıları abidənin önünə yürüşlə gedib. Cümhuriyyət və Rəsulzadə haqqında müxtəlif şüralara səsləndirilib. Mitinqi AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn aparıb.
İlk çıxış edən AXCP sədri Әli Kərimli olub:
Qürur gününüz mübarək!
Hörmətli xanımlar, hörmətli bəylər!
Bu gün bizim milli bayramımızdır. Azərbaycanın, o böyük insanların bayramıdır. Bu gün Azərbaycan dövlətinin doğum günüdür. 96 il bundan qabaq Azərbaycan bir coğrafiya olmaqdan çıxdı, milyonların dövlətinə çevrildi. Bu gün Cümhuriyyət günüdür. 96 il bundan qabaq Azərbaycanın oğulları, bizim babalarımız ilk Cümhuriyyəti qurdular. Bayramınız mübarək olsun!
Bu bayramın bizim üçün bir çox anlamları var. 96 il bundan qabaq, dünyada imperiyaların, diktaturaların, monarxiyaların meydan suladığı, yalnız 25 millətin cümhuriyyəti olan bir zamanda bizim babalarımız belə bir mütərəqqi dövlət quruluşu qurdular. Onun üçün də bugünkü bayram bizim üçün təkcə istiqlal günü deyil. Həm də qürur günüdür. Hər zaman o qüruru yaşayırıq ki, biz bu qədər mütərəqqi insanların ardıcıllarıyıq. Bizim əcdadlarımız, babalarımız o qədər mütərəqqi olublar ki, 96 il bundan qabaq onların bərqərar etdiyi prinsiplər, respublikaçılıq ideyaları bu gün üçün hələ də mayakdır. Ona görə də deyirəm ki, qürur gününüz mübarək olsun!
Əziz dostlar, Respublika günümüzün başqa bir özəlliyi də var. Etiraf etməliyik, babalarımızın qürurunu yaşamaqla yanaşı, onun da acısını yaşayırıq ki, hələ 96 il bundan qabaq cümhuriyyət qura bilmiş bir millətin bu günü monarxiyanın, sülalənin əlindədir. Bu gün onun acısını yaşayırıq ki, bu ölkədə hələ də bütün siyasi hakimiyyət, iqtisadi qüvvət hər cür hüquq və vasitələr bir sülalənin əlində cəmləşib. Ona görə də bizim üçün cümhuriyyət bu gün də önəmlidir. Azadlıq ideyaları bu gün də bizi meydanlara çağırır, mübarizəyə çağırır. Cümhuriyyət bayramı bizim üçün həm də həmin o yarıpmçıq qalmış işləri davam etdirmək çağırışıdır.
96 il qabaq da Azərbaycanın müstəqilliyinə xor baxan böyük güclər var idi. Rusiya imperiyasının müttəfiqləri dünyada hakim idilər. Onlar Azərbaycanın müstəqilliyinə sıcaq baxmırdılar. Amma buna baxmayaraq, bizim babalarımız bütün dünyaya sübut etdilər ki, onlar yüksək səviyyəli bir milləti təmsil edirlər, dünya birliyində layiqli yerlərini tuta bilərlər. Amma bu gün 96 il bundan qabaq bu şərəfi yaşamış millətə görün nəyi yaşadırlar?
Bu gün Azərbaycanı dünyaya repressiya, korrupsiya yurdu kimi təqdim edirlər. Azərbaycan Xalq Cümhuriyyətinin faktiki lideri Məhəmməd Əmin Rəsulzadə dövlətin başçısı olan zaman “Azərbaycan” qəzetinə yazdığı yazılardan qonarar alaraq dolanırdı. Türkiyədəki mühacirət həyatını bir otaqlı evdə, kasıb şəraitdə yaşadı. Baş nazir Nəsib bəy Yüsuifbəyli atasının hesabına ailəsini saxlamaq məcburiyyətində idi. Azərbaycanın ikinci respublikasını qurmuş Əbülfəz Elçibəy hansı şəraitdə yaşadı, hansı şəraitdə dünyasını dəyişdi, bilirsiniz. Rəsulzadənin, Yusifbəylinin, Elçibəyin yurdunu dünyaya korrupsiya yurdu kimi təqdim edirlər. Biz bu vəziyyətlə barışmalı deyilik.
Bizim buraya toplanmağımız yalnız qədirbilənliyimiz deyil. Həm də bir etirazdır. 96 il bundan qabaq cümhuriyyət qurmuş millətin bu şəraitdə, repressiyalar altında, azadlıqları məhdudlaşdırılmış, korrupsiyanın tüğyan etdiyi şəraitdə yaşamasına dözmək fikrimiz yoxdur. Biz cümhuriyyət yolunu axıra qədər gedəcəyik. Böyük Əbülfəz Elçibəyin dediyi kimi:
Orda bir yol var, uzaqda
O yol bizim yolumuzdur
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur.
Əziz dostlar, bugünkü bayramın bir özəlliyi də var. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan 22 il sonra da demə, müstəqilliyimizə əl uzatmaq fikrinə düşənlər varmış. Bu gün də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü üçün təhlükələr varmış. Ona görə də istiqlal günündə minlərlə insan bir araya gəlmişik deyək ki, heç kim ümid eləməsin ki, Azərbaycanı idarə edənlərin acgözlükləri, qeyri-demokratikliyi bizi cümhuriyyətimizə, müstəqilliyimizə küsdürə bilər. Biz heç zaman unutmarıq ki, hansı böyük fədəkarlığın nəticəsində bu müstəqillik əldə olunub. Böyük Rəsulzadə deyərdi ki, ruslar Azərbaycanı işğal etdikləri ilk gündən müstəqillik davası gedirdi. Cavad xanın deyimi ilə “öldü var, döndü yoxdu” deyirdi Azərbaycan xalqı. Bu mübarizə 30 il davam etmişdi. Ondan sonra isə Rəsulzadə və silahdaşları hansı məhrumiyyətlər hesabına, canlarından keçərək, ailələrinə min bir məşəqqət yaşadaraq bu cümhuriyyəti qurdular. Nəyahət, biz müstəqilliyimizə 20 yanvar şəhidlərinin qanı ilə qovuşmuşuq. Bizim bir xalq olaraq Cavad xanın, öz ailəsi ilə Avropada xoşbəxt yaşamaq imkanı var ikən cümhuriyyət üçün çalışıb şəhid olmuş Əli xan Şirvanşirin, 20 yanvar şəhidlərinin ruhu qarşısında məsuliyyətimiz var. Kim nə edirsə etsin, Azərbaycan dövləti bu millətindir. Biz müstəqilliyimizdən vaz keçmərik. Biz müstəqilliyimizə də, dövlətimizə də, cümhuriyyətimizə də sahib olacağıq.
AXCP sədrindən sonra şair Teyyub Qurban və KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib. Onlar da xalqımızın tarixi və taleyində Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyəti və Rəsulzadənin oynadığı böyük roldan danışıblar.
“Bu gün Məhəmməd Əmin Rəsulzadə günüdür. Bu gün Elçibəyin ruhunun şad olduğu gündür. 89-cu ildən bəri hər il 31 yanvarda və 28 mayda bura baş çəkirik. Rəsulzadə ölənə qədər Azərbaycan mübarizəsi aparıb. Təəssüf ki, Rəsulzadənin 96 il bundan qabaq qurduğu Cümhuriyyət bu gün dünyanın əksər ölkələrində bərqərar olunub, amma Azərbaycanda yox”, – deyə Teyyub Qurban bildirib.
Mirmahmud Mirəlioğlu isə deyib ki, bu gün dünyanın harasında bir türk, müsəlman varsa, onun üçün bayramdır. Ona görə ki, 96 il bundan qabaq türk adlanan insanların ilk cümhuriyyəti yarandı. Müsəlman şərqində ilk cümhuriyyət yarandı. Rəsulzadənin və silahdaşlarının ən böyük əməli bu idi. “Bu günü bizə bəxş edən insanlar bizim üçün çox önəmli sözlər deyiblər, çox önəmli əməllər qoyub getdilər. O qədər sadə deyiblər ki, bu gün də dünya bu sadə deyilişlərin intizarındadır. Dedilər ki: “Sizdən öncəki nəsil heçdən bir bayraq yapdı və onu Azərbaycan göylərinə dikərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz”. O bayraq heç vaxt enmədi və enməyəcək də.
Rəsulzadə buyurdu ki, millətlərə istiqlal, insanlara hüriyyət. Bu gün dünyanın hər yerində bu sadə şüar həyata keçirilməkdədir. Dünyanın hər yerində insanlara hürriyyət arzulanır. Hürriyyət, azadlıq uğrunda mübarizə aparılır. Dünyanın hər yerində millətlərə istiqlal arzulanır. Bütün dünya millətləri öz müqəddəratlarını təyin etməklə məşğuldurlar. Görün Rəsulzadə dahiyanə və sadə şəkildə nələr dedi və dünyanın bütün insanları və millətləri bu deyilənləri həyata keçirir.
Azərbaycanın bu mübarək günündə bir nə desək hamısı təkrardır. Təəssüf ki, təkrar edə bilmədiyimiz öndərlərimizin ideyalarının həyata keçirilməsini gerçəkləşdirməkdir. Bizdən öncəkilər bunları bizim üçün ona görə dedilər ki, gələcəkdə alnıaçıq, üzüağ yaşayaq. Gələcəkdə də Azərbaycanda insanlarımız azad olsun. Gənclərimiz azad olsun. Onların azadlıqları barmaqlıqlar arxasında olmasın. Onlar şərlənib tutulmasınlar.
Çox qəribədir ki, gənclərimizin cibinə 5-10 qram narkotik maddə atıb həbs edirlər, ancaq hər gün narkotik maddə istifadə edənlər ölkəni idarə edirlər. Bütün bunların hamısına qarşı bizim mübarizəmiz olmalıdır. Biz azadlığımızı mütləq təmin etməliyik”‘, – deyə Mirəlioğlu bildirib.
Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib:
Millətin siması Rəsulzadədir
Bu gün ulu millətin nümayəndələri Rəsulzadənin hüzuruna, onu yad etməyə gəlib. İdeyalarının təntənəsi olan 28 Mayın bütün rəngini özündə əks etdirən, bir zaman ideyasını verdiyi milləti kölgəsində topladığı bu al bayraqlar bugün onun hüzurundadır.
28 May istiqlalı bu millətin ruhuna hopub. Tarixin qəribə bir örnəyini deyim sizə. 90-cı illərdə Sovetlər çökəndə sizin başınız üzərində ucaltdığınız üçrəkli, ay ulduzlu bayraq meydanlara çıxanda heç kəs bunun haradan, necə gəldiyinin, kim tərəfindən gətirildiyinin fərqində olmadı. Millət hamısı toplandı bu bayrağın altına. Çünki, millət bir vaxt bu bayrağın altından çıxmışdı. Bu bayraq o qədər yüksəkdə, o qədər ucada dayanır ki, onun kölgəsindən hamımıza pay düşür.
Sözün tam mənasında Azərbaycan ziyalıları 20-ci əsrin əvvəllərində böyük bir mübarizə yolu keçdilər. Dil uğrunda, din uğrunda, millətləşmə, dövlətləşmə uğrunda mübarizə apardılar. O böyük kişilər nəinki malını, mülkünü bu yolda fəda etdilər, canlarını da bu yolda fəda etməkdən çəkinmədilər. Bunların ən böyük örnəyi Məhəmməd Əminin keçdiyi həyat yoludur. Bütün fəaliyyəti ilə Məhəmməd Əmin Rəsulzadə nəinki Azərbaycan xalqına, dünyaya örnək verdi. Bir jurnalistkən qələmi vətənin xidmətinə təslim etmək örnəyi verdi. Bir ideoloqkən müstəqil dövlətin ideoloji əsaslarını qurmaq örnəyi verdi. Bir siyasi partiya lideri ikən millətin maraqlarını firqə maraqlarından üstün tutmağın örnəyini verdi. Bir müstəqil dövlətin lideri ikən dövləti millətin xidmətinə sunmaq örnəyi verdi.
2 il zaman etibarilə böyük bir vaxt deyil. Amma bu iki ildə baş verənlər iki əsrə bərabər hadisə idi. Millətləşmə, dövlətləşmə baxımından hadisə idi. Qurucu babalarımız sözün tam mənasında milli dövlət yaratmışdılar. Qalib bir millət yaratmışdılar. Müstəqilliyin şərəf və şöhrətini duymaq hissini özünə aşılamış bir millət yaratmışdılar. Bu cür qurucu babaları olan millət fəxr etməlidir. Biz babalarımızla fəxr edirik. Onların qarşısında bir vicdan borcumuz var. Bütün millətimiz ayağa durmağına görə, diri qalmağına görə, müstəqil bir dövlətə sahib olmağına görə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, o cümlədən Rəsulzadəyə minnətdar olmalıdır. Rəsulzadə mühacirət dövründə belə millətə xidmətin nümunəsini yaratdı. Rəsulzadə çox təmiz, saf bir həyat yaşadı və Azərbaycan ideyasını yaşatdı. O Azərbaycan ideyası 90-cı illərin əvvəllərində yurdumuza qayıtdı və bu qayıdışı ilə bərabər bu gün kölgəsinə sığındığımız bu üçrəngli bayraq bir də meydanlara gəldi və millətimiz öz haqqına qovuşdu.
Bu gün Azərbaycan dövlətinin də, millətinin də siması Məhəmməd Əmin Rəsulzadədir, Əbülfəz Elçibəydir. Bu bayrağı başının üstünə qaldırıb, onun ucalığını, şərəf və ləyaqətini öz içində hiss edənlərindir bu vətən. Rəsulzadə və onun nəsli dağınıq bir ərazidən vətən, dağınıq bir toplumdan millət yaratdılar.
Dəyərli dostlar, düz bir il bundan qabaq bu meydanda sizlərin təkidi ilə Demokratik Qüvvələrin Milli Şurası elan olundu. Onun yarandığı haqqında məlumat cəmiyyətə verildi. Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası bir il ərzində Rəsulzadə və Elçibəy yoluna sədaqəti ilə, millətimizin haqqı və hüququ, gedəcək hədəfləri uğrunda mübarizəsi ilə tarixin yaddaşına nümunələr verdi. Ötən ilin prezident seçkilərində millət kimin kim olduğunu çox aydın şəkildə göstərdi. Onu göstərdi ki, İlham Əliyev rejiminin bu ölkədə heç bir sosial dayağı yoxdur. İlham Əliyev xalqın səsi ilə yox, bilavasitə Mərkəzi Seçki Komissiyasının saxta protokolları ilə prezident kürsüsünə oturdu. Sizlərin səyi ilə ötən prezident seçkisinin qalibi Milli Şura idi, onun namizədi idi. Bunu Azərbaycan xalqı öz səsi ilə, iradəsi ilə, sözü ilə müəyyən etmişdi. Seçkilərlə bağlı keçirilən bütün sorğular, bütün müşahidələr bunu təsdiq etdi. Ötən il millətimiz üçün bir nümunə ili, dərs ili oldu. Bu dərs ondan ibarətdir ki, bu millət bu cür basqı ilə, repressiya ilə, zülm ilə yenə də haqqın və ədalətin, onun sözünü deyənlərin yanındadır.
Nə qədər ki, başımızın üzərində bu üçrəngli bayraq, söykəndiyimiz böyük lider var Azərbaycan xalqını heç kəs ədalət uğrunda, ləyaqətli həyat uğrunda mübarizədən çəkindirə bilməz.
Cəmil Həsənlinin cıxışından sonra dövlət himninin oxunması ilə bayram mitinqi başa çatıb.
Mitinqdən sonra abidə önündə cəbhəçi gənclər liderləri Əli Kərimli ilə xatirə fotosu çəkdiriblər.
Daha sonra iştirakçılar Rəsulzadənin atasının məzarını ziyarət edib.