ABŞ siyasəti yenə də Bakının gözəlləşməsini tərifləmək üzərində qurulacaq?
ABŞ səfirinin yeni müsahibəsindən narazı qalanlar təkcə hakimiyyət nümayəndələri deyildi. Bir çox həmkarlarım aydın şəkildə və haqlı olaraq yazdılar: səfir yenə də həqiqətləri pərdələyir, bəzən onları danır, bəzi gerçəkləri söyləmək üçünsə doğru olmayan fikirlər söyləyir. Məsələn, cənab Riçard Morninqstar deyir ki, hakimiyyət monolit deyil, ABŞ-la, Qərblə münasibətləri pozmaq istəyənlər var və belə çıxır ki, bunun əksini edənlər, ABŞ-la dostluğa can atanlar da var.
Aydındır ki, mövcud rejim həmişə Rusiyaya arxalanıb, bəli, sıralarında xüsusi ruspərəstlər də, Kreml əlaltıları da var. Amma oradakıların hamısı bir məsələdə monolitdir – korrupsiyada, avtoritar idarəçilikdə, xalqa münasibətdə, nəhayət, Qərb dəyərlərinə qarşı olmaqda. Indi də hamısı ABŞ-ın tənqidlərinə qarşı monolitdir. Həmişə də belə olublar.
ABŞ-ın Azərbaycandakı siyasəti ötən illərdə bu monolitliyin möhkəmlənməsində və yaşamasında xüsusi rol oynayıb. Bəs indi necə olsun, öz xalqını soyan bir dəstənin adından Novruz Məmmədov barmaq silkələyir deyə, insan haqları ilə bağlı öhdəliyi olanlar susmalıdır? Bəs onda niyə insan haqları ölkələrin daxili işi sayılmır? Bəs niyə dəyərlərdən, öhdəliklərdən, konvensiyalardan danışırıq? Maraqlı sual budur!
Düzdür, səfir özlərinə haqq qazandırır ki, hər şeyi necə var səsləndirib, münasibətləri tamam qırmaq da istəmirlər və bu, vəziyyəti daha da pisləşdirər. Amma uzun illərin təcrübəsi sübut etmədimi ki, Novruz Məmmədov barmaq silkələyəcək deyə, susmaq da, təbəssüm göstərmək də yaxşıya gətirib çıxarmır. Nəticə ortadadır – hər şey daha da pisləşib və pisləşməkdə davam edir.
Bəli, bütün hallarda, mən səfirin son müsahibəsini xeyli cəsarətli və faydalı sayıram. Nə qədər pərdələmələr, yarımçıq deyilən həqiqətlərlə dolu olsa da, asan həzm edilməyəcək fikirlərlə də bol idi. Bu mənada hakimiyyətdəkilərin hay-həşir salması da heçdən deyil. Aşağıdakı məqamları bir anlığa təkrar düşünün:
– Səfir açıq dedi ki, Azərbaycan hakimiyyəti sabitliyi və qonşuları bəhanə gətirib, insan haqlarını tapdayır və bunu yanlış saydıqlarını söylədi;
– Səfir bəyan etdi ki, belə vəziyyət Ukraynada olduğu kimi inqilaba aparır;
– Səfir açıq dedi ki, ABŞ tərəfindən tənqidlərin az olması və ya olmamasının səbəbi vəziyyətin yaxşı olması deyil, pisləşmənin qabağını almaq cəhdidir;
– Nəhayət, bəlkə heç kim xüsusi fikir vermədi, səfir bu hakimiyyətə mənəviyyat dərsi verdi müsahibə boyu. Həm də azərbaycanpərəstlik nümayiş etdirməklə. Birincisi, Rusiyanın niyyətlərini qabartdı və bəyan etdi ki, Azərbaycanın müstəqilliyinin arxasında məhz ABŞ və Qərb dayanır və dayanacaq. Anlatdı ki, siz Ermənistanı silahlandıran Rusiya ilə dostluq pozaları verməyinizə baxmayın, Rusiya təhlükəsinin qabağında biz dayanmışıq. Ikincisi, Qarabağ məsələsində Rusiyanın roluna eyham vurub, özlərinin Azərbaycanın ərazilərinin qaytarılması ilə bağlı təkliflərini qabartdı.
Yekun olaraq deyək ki, səfirin bizi tam qane etməyən müsahibəsi hakimiyyətdəkilərə gözlənilməz və tərs şillə idi. Onlar nə qədər hay-həşir salsalar da, arxadan atılan daş topuğa dəyir. Amma yenə də yuxarıda qoyduğumuz əsas sual qüvvədə qalır.
Indi ABŞ-ın siyasəti necə olacaq? Yenə də bunlar arada bir az cəsarətli müsahibə verəcəklər, bəzən kəskin hesabat və bəyanatlar yayacaqlar, Novruz Məmmədov barmaq silkələyəndən sonra isə geri çəkilib, strateji partnyorluqdanmı danışacaqlar?! Arada da yenə Bakının gözəlləşməsindən, demokratiyanın yolunun uzun olmasından, ABŞ-ın 200 ilə keçdiyi yoldan və sair nəğmələrdən zümzümə etmək olar.