Azərbaycanda yas çadırlarının yığışdırılması təklif edilir. Trend xəbər verir ki, bu təkliflə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə deyib.
Yas mərasimləri haqqında danışan Allahşükür Paşazadə bildirib ki, çadırların yığışdırılması üçün tez-tez təkliflər verilir: “Biz bu barədə fikirləşirik. Düşünürük ki, molla məclisdə 2-3 saat oturmalıdır. O gəlib 2-3 saat Quran-i Kərim oxuyub, Fatihə verib getməlidir. Yoxsa əks halda insanlar Qurana hörmət etmir. Bir yandan surə oxunur, bir yandan da insanlar yeyir, içir, söhbət edirlər”.
Bu məsələnin hələ uzun illər öncədən gündəmdə olduğunu deyən QMİ sədri konkret addımlar atmağa çox az zaman qaldığını açıqlayıb.
A.Paşazadənin sözlərinə görə, yas məclisinə kimsə gedirsə, hüzr verib qayıtmalıdır. Qurana, moizəyə qulaq asmaq istəyən isə məscidə getməlidir: “Biz din xadimləri üçün təkmilləşdirmə kursunu həyata keçirərək insanları bu sahədə maarifləndirmək, şəriət qaydaları sahəsində savadlandırmaq istəyirik. İnanıram ki, biz sahədə müsbət nəticələr əldə edəcəyik”.
***
Allahşükür Paşazadə vəhhabi və nurçuları hədələdi
“Axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda QMİ sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir: “İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir”.
A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır: “Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”.
QMİ sədri deyib ki, din xadimləri dövlətin möhkəmlənməsi və dinin inkişafı istiqamətində də işlər görməlidirlər: “Biz də dövlətimizə qarşı olanlara, düşmənlərə qarşı birgə savaşmalıyıq. Biz işğal olunmuş torpaqlarımızın dərdini çəkməliyik, ancaq bir şuşalı gedib Suriyada ölür. Sünni-şiə məzhəbləri arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşmalıyıq. Nə üçün biz sünni və şiəyə ayrılmalıyıq, düşmən də bundan istifadə etməlidir? Elə analar var ki, mənin yanıma gəlib deyirlər ki, oğlunu qaytaraq, heç olmasa ölüsünü…”.
***
Dindarlar üçün kurs açıldı
Bu gün Qafqaz Müsəlmaları İdarəsində (QMİ) din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, din xadimlərinin təkmilləşdirmə kursları QMİ-inin təşkilatçılığı ilə həyata keçiriləcək. Açılış mərasimində Şeyxülislam Allahaşükür Paşazədə, Dövlət Müşaviri Kamal Abdulla və digər din xadimləri iştirak ediblər.
Təkmilləşdirilməsi Kurslarının mütəmadi olaraq təşkil ediləcəyi bildirilir. Kursların təşkili üçün lazım olan bütün maddi xərcləri QMİ öz üzərinə götürüb. Təkmilləşsdirlmə kurslarının keçirilmə səbəbi din xadimlərinin bilik səviyyəsinin artırılması olduğu bildirlir. Kursların sonunda din xadimlərinə sertifikatlar veriləcək. Hər kurs 1 ay müddətində davam edəcək. Kursalarda Bakı İslam Universitetinin müəllim heyəti də mühazirələr keçəcək.