Düz 18 il bəlli bir siyasi modelin ictimailəşməsinə sərf olundu. 2011-ci il isə hər şeyə nöqtə qoydu. Görünür, 11 rəqəmində həqiqətən elə nəsə var. Belə iflas həm gözlənilirdi, həm də proqnozlaşdırılırdı. Deyəndə ki, hər bir irtica gec-tez öz sonuna gəlib çatır, inanmırdılar. Deyəndə ki, hər bir avtoritarlıq bir gün tarixin küncünə gömülür, istehza edirdilər. Düzdür, mən bilmirəm ki, bu avtoritar rejimin sonu konkret nə vaxt olacaq, amma mənim zərrə qədər belə şübhəm yoxdur ki, o gün mütləq gələcək! Artıq böhran başlayıb, iflas göz önündədir. Ortada strategiya yoxdur, ancaq sistemsiz, məntiqsiz taktiki addımlar var. Bütün avtoritar rejimlərdə hər şey bircə amilin iflası ilə başlayır – bu da qorxudur! Hakimiyyətin özü bilməyərəkdən qorxu tilsimini sındırır. Necə? Repressiyaları kütləviləşdirməklə! Hər şey kütləviləşəndə adiləşir. Məsəl var, deyirlər ki, el ilə gələn bəla bayram olur! Elə adi məişət də bunu təsdiq edir. Qəzəbli, amma təmkinli adamdan hamı çəkinir, amma özünü idarə edə bilməyən, dərhal özündən çıxan adam isə hamını güldürür! Hər gün həbs edilənlər, təqib edilənlər, ifadə verənlər, institutlardan xaric edilənlər, şəhəri tərk etmək hüququndan məhrum olanlar, şantaj edilənlər – istər-istəməz, bütün bunlar adi bir şeyə çevrilir… Siyasi sistem çılpaqlaşır və məlum olur ki, bütün siyasi piramida zor və qorxu üstündə qurulub və bu çevrilmiş piramidanın onsuz da dayanıqsız oturacağı bir az da daralır və bir gün o, uçur! Əvvəldə 11 ədədi haqqında yazdım. Amma bundan da nəsh bir ədəd var – 13! Amma məni bir şey narahat edir. Bu hakimiyyətin inadkarlığı və tərsliyi. Mən belə düşünmürəm ki, bunlar dünyadakı prosesləri izləmirlər, kitab oxumurlar. Yox, izləyirlər, oxuyurlar. Amma özləri üçün elə bir nəticə çıxarmırlar. Doğrudanmı, aydın deyil ki, bu siyasi sistemin heç perspektivi yoxdur?! Yox, moizə oxumaq fikrim yoxdur. Nahaq yerə demirlər: tarix onu öyrədir ki, ondan heç nə öyrənmirlər! Bu da tarixin acı bir fəlsəfəsidir. Bəlkə “tarixin fəlsəfəsi” ifadəsinin müəllifi Volter də bu arada gülməzdi, sarsılardı.
Tandem pozulacaqmı?
Gələn il də seçkilərdir. Ən çox maraq kəsb edən Rusiyadakı olaylardır, zira mən belə münasibəti o qədər də bölüşmürəm. Amma olsun. Hə, 12-ci ildə seçiləcək adamdan çox şey gözlənir. Rusiyada hakim partiya meylini yenə də V.Putinə tərəf istiqamətləndirir. Bir məsələ aydındır. Bu seçkidə V.Putin ya prezident olmalı, ya da bu iddia ilə vidalaşmalıdır. Münasibətlər məhz bu səbəbdən gərgindir. Bəlkə də elə D.Medvedev üçün ən gülünc bir siyasi tale yazılıb. O, Rusiyanın tarixində çar Pavel kimi qalacaqmı? Dəqiq söz demək çətindir. Amma indi siyasi tandem, elə tandedemokratiya da sınağa çəkilir. Hər halda, mən umacaqların kənara yönəlməsinin əleyhinəyəm. Hə, Rusiya prezidentinin kim olacağından asılı olmayaraq həmin adam bu hakimiyyətlə daha tez dil tapacaq, nəinki cəmiyyətlə və ya qeyri birisilə, çünki buna bir deyil, bir neçə maraq təhrik edir. Hər halda, Rusiyada nəinki dayaq, hətta bir anlaşma axtarmaq tamam perspektivsiz məşğuliyyətdir.
Okean ayırsa da…
Okeanın o biri tərəfində də artıq seçkiyə hazırlıq gedir. Təbii, hakimiyyətdə demokratların qalması daha yaxşı olardı, çünki respublikaçılar gəlsə, yenə də özlərinin “təhlükəsizlik maraqları” və “terror təhlükəsi”lə dünyanı biri-birinə vuracaq, aləmi qarışdıracaq və özləri də istəmədən diktatorlara dayaq olacaqlar. Obamanın şanslarını, təəssüf ki, yüksək qiymətləndirmirlər. Hər halda, amerikalılar ikinci müddətə seçki zamanı bir qədər rəhmli olurlar, ona görə ki, belə hesab edirlər ki, bir seçki müddəti prezidentin özünü nümayiş etdirməsi, göstərməsi üçün azdır. Kiçik Buş ABŞ-da bəlkə də reytinqi ən az olan prezident idi. Amma ona ikinci dəfə seçilməyə şans verdilər. Güman ki, Obamaya da şans verərlər. Hər halda, buna ümid böyükdür. Ən böyük ümid isə öz ürəklərimizdə olmalıdır. Ürəklər boş olanda heç bir kənar təkan onları tərpətmək, hərəkətə gətirmək iqtidarında olmur. Ümidli günlər arzusu ilə!