Çoxdan başlanan bir savaş… hər gün və hər saat itkilər
“Nida”çılar həbsxanada aclıq edir. Onların hər birini ən ağır cəza gözləyir və şərlənərək həbs edilmiş gənclər bu yolla dirəniş göstərirlər. Pərviz Həşimli daha bir şər ittihamını darmadağın edərək onu həbs edənlərin gerçək simasını açmaqdadır. Rauf Mirqədirovun həbsinin ardınca tərcümeyi-halı boyu ona salam verənləri istintaqa cəlb edirlər, Elçin Şıxlının kompyuterlərini müsadirə ediblər. Leyla Yunus polislə savaş halındadır. Ölkənin insan haqları müstəvisində fəallıq göstərən hər bir vətəndaşın evinə, iş yerinə, Bakı şəhərindəki hərəkət trayektoriyasında xəfiyyələr dolaşmaqdadır.
Nə baş verir? Siyasi ekspertlər və KIV bir-birinə dəyib və yeni repressiya dalğasının motivlərini anlamağa çalışırlar. Hamı bir-birindən soruşur: nə baş verir axı? Gəlin bircə-bircə xırdalayaq. Bəziləri 2015-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl hakimiyyətin siyasi kultivasiya apardığını bildirir. “Parlament seçkiləri ərəfəsində gözlənilən ictimai fəallığın qarşısının alınması üçün indidən fəalları aradan götürürlər” deyə. Guya ki, cəmiyyət yeni fəalları yetişdirmək imkanından qısır edilib kimi. Bir başqaları, diplomatik dalana dirənmiş Ilham Əliyevin cəmiyyətdən qisas aldığını iddia edirlər. Başqa bir qrup hesab edir ki, seçkilərdə cəmiyyətdən səs almayan və total saxtakarlığa əl atmaqla özünü bütün dünyada rüsvay edən Əliyevin Azərbaycan xalqı üzərinə yeni hücumunu da qisasla əlaqələndirirlər. Bu günlərdə söhbətləşdiyim başqa bir dostum qeyd etdi ki, əlindən heç bir iş gəlməyən Ilham Əliyev hökuməti cəmiyyətdə militarist əhval ruhiyyəni inkişaf etdirmək üçün xalq diplomatiyası dalğasını söndürmək niyyətilə yeni hücum başlayıb…
Lukaşenkodan borc əvəzinə nə alırlar
Ola bilsin, bütün bu və başqa versiyalarda ədalət payı var. Amma heç nə yeni deyil. Repressiyalar Heydər Əliyevin hakimiyyəti zəbt etdiyi 1993-cü ildən üzübəri davam edir. Hər gün davam edir. Ilham Əliyev isə bu repressiyaları hakimiyyətin siyasi idarəetməsinin əsas alətinə çevirib və daha da dərinləşdirib. Təsəvvür edin ki, indi həbs və ya təqib edilən siyasi fəalın ailə üzvlərinə, qohumlarına qarşı repressiyalar dünyada yalnız iki ölkədə- Azərbaycanda və Belarusda tətbiq edilir! Arabir Lukaşenkoya borc pul verən Ilham Əliyev verdiyi pulun əvəzinə Batyadan bu dəst-xətti öyrənməsi təsadüfi deyil, görünür.
Heç nə yeni deyil və heç bir motiv repressiyaların yeni mahiyyətini müəyyən etmir. Bu repressiyalar Əliyevçi hakimiyyətin mahiyyəti deməkdir və bunlar olmadan bu rejim mövcud ola bilməz. Diktaturalar belə qurulur.
Əslində, son həbslərə münasibət bildirən siyasi ekspertlərin və ya siyasətçilərin bir çoxunun yanaşmasında repressiyalar üçüncü tərəfin məruz qaldığı akt kimi nəzərdən keçirilir və bu, təhlükəlidir. Çünki, Azərbaycanda üçüncü tərəf yoxdur, iki tərəf vardır: Hakimiyyət və xalq. Hər gün repressiyaları dərinləşdirən və hər gün daha kimlərinsə qapılarını həbslərlə döyən rejim Azərbaycan xalqına qarşı müharibədədir. Bu siyasətin ritorikası xarici düşmənlərə, praktikası isə daxili düşmənlərə qarşı tətbiq edilməkdədir. Əliyev rejimi bitib-tükənməyən bir hirsin içindədir. O, azərbaycanlıları ən böyük düşmən hesab edir.
Mənasız təyinatlarla şişirdilmiş dövlət aparatının məmurlarının bəyanatlarına diqqət edin. Hər bir məmur dövlət aparatına dəxli olmayan, bu aparatın vinti hesab edilməyən hər kəsə qarşı davamlı və aqressiv bəyanatlar səsləndirməkdədir. Və bu bəyanatların hər birinin arxasında polisə tuşlanmış bir barmaq görünür: “Bunlar həbs edilməlidir”! Hətta orta məktəb direktorları da şagirdlər haqqında sinfi düşmən kimi danışırlar.
Sonuncu azərbaycanlı qalana qədər
Azərbaycan hakimiyyətində ictimai ideyalar yoxdur. Ictimaiyyət haqqında ideyalar isə sadəcə, polis idarələrində bitir. Tutarıq, həbs edərik, öldürərik, qovarıq! ritorikası idarəetmənin əsasını təşkil edir. Və cəmiyyətin hər bir üzvü dövləti məhz, bu ritorika ilə tanıyır. Dövlət tutar, öldürər, məhv edər və s. Bitib tükənməyən bir qaçdı-tutdu oyunudur sanki. Dövlət qovur, vətəndaş qaçır. Buna görədir ki, dövlət müstəqilliyi, ərazi bütövlüyü, Vətən kimi anlayışlar Azərbaycan vətəndaşının yaddaşında bütün pozitiv dəyərini itirib. Tam biganəlik!
Bu qaçhaqaç, bu qovhaqov nə zaman dayandı ki? Heç zaman. Buna görə də heç zaman “repressiyaların yeni dalğası” ifadəsini işlətməyə çalışmayın. Repressiyaların yeni dalğası yoxdur. Bu, ardıcıl və arasıkəsilməyən bir prosesdir. Ictimai ideya daşıyıcısı olan sonuncu azərbaycanlı məhv edilənə qədər davam etdiriləcək kimi ağır bir iddiadadır bu repressiya prosesi.
Indi aclıq edən “Nida”çıların iztirabları dövlət adından hökm verən hakimlərin və bu hakimlərə hökm edən məmurların planlaşdırdıqları prosesdir. Cəmiyyət isə bunu bir tərəfin başqa bir tərəfə qarşı amansızlığı kimi dəyərləndirməkdədir. Amma bu, qətiyyən belə deyil. Bu proses bitib tükənməyən və Əliyev hakimiyyəti durduqca davam edəcək cəza siyasətidir, hamını və hər kəsi qapsayacaqdır. Indiyə qədər olduğu kimi…
Azərbaycan hakimiyyəti azərbaycanlılara qarşı müharibə aparır və bu, elan edilməmiş müharibə deyil. Bu müharibə çoxdan elan edilib. 1993-cü ildə. Kimsə özünü bu savaşdan sığortalaya bilməz və bilməyəcək.