«Qərb ölkələri Azərbaycan hakimiyyətinə qarşı ciddi təsirli addımlar atmasa, onların burda mövqeləri sarsılmaqda davam edəcək»
Moskvadakı Karnegi Mərkəzindən tanınmış jurnalist və təhlilçi Tomas de Valın Azərbaycanla bağlı yazısı geniş müzakirə predmetinə çevrilib. Təhlilçi son aylar Azərbaycanda həyata keçirilən həbslər, o cümlədən Leyla və Arif Yunusların Bakı hava limanında saxlanmasına işarə vuraraq hökumətin artıq «qırmızı xətt»i keçdiyini deyir.
Təhlilçi bu qənaətdədir ki, daimi qəddarlıq, xof, fərqli fikirliyə dözümsüzlük, hər yerdə casus görmək xəstəliyi, anti-Qərb əhval-ruhiyyəsi Putin Rusiyasını xatırladır.
Ekspert iki görkəmli şəxsin niyə təqib edilməsini bir neçə səbəblə izah edir. Bunlardan biri Prezident Administrasiyasında təşəbbüsün daha rusiyapərəst qruplaşmanın əlinə keçməsi və onların Putini imitasiya etmək istəyidir. Digər səbəb bu ola bilər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Britaniya xarici işlər naziri Vilyam Heyq kimi rəsmilərin səfərləri Bakını özünün əvəzedilməz enerji təchizatçısı və buna görə də Qərbin tənqidindən sığortalı olduğuna inandırıb.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda hakimiyyətə yaxınlığı ilə seçilə şəxslər, o cümlədən bəzi millət vəkilləri Rusiya ilə dil tapmağın tərəfdarı kimi çıxış edirlər.
Tomas de Valın təmsil olunduğu Karneqi Mərkəzi isə ABŞ-da ciddi nüfuza və təsirə malikdir.
Belə olan halda onun səsləndiyi mesajın Vaşinqtondan qaynaqlandığını demək mümkündür.
Tomas de Val regionu çox yaxşı tanıyan, regionda mövcud olan problemlərlə bağlı kitabların müəllifi kimi ad çıxarıb. Bu tipli şəxslərin ən azı konkret regionlar üzrə hökumətə ekspert rəyləri verməsi hamıya bəllidir. Tomas de Valın xarici siyasətə cavabdeh olan rəsmi strukturlarla əməkdaşlığı istisna oluna bilməz. Xüsusi vurğulamaq lazımdır ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Facebookda bu məqaləni çox gözəl yazılmış məqalə kimi səciyyələndirib. Heç kim üçün sirr deyil ki, Azərbaycan hakimiyyəti həmişə Rusiya ilə siyasi, Qərblə iqtisadi münasibətlərə üstünlük verir. Azərbaycan hakimiyyəti Rusiyadan siyasi dəstək, Qərbdən isə enerji daşıyıcılarının satlması nəticəsində böyük pulların əldə edilməsinə üstünlük verib. Rusiyanın Ukraynanı işğalından sonra Azərbaycan hakimiyyəti Qərblə münasibətləri daha da sərtləşdirib və Qərbdən gələn demokratiya çağırışlarına açıq şəkildə məhəl qoymamağa başlayıb. Tomas de Val məqaləsində Azərbaycan-Qərb münasibətlərinin Qərb üçün çox xoşagəlməz mərhələyə çatdığını diqqət cəlb etməyə çalışıb. «Qırmızı xətt» məsələsi isə ona işarədir ki, Qərb ölkələri Azərbaycan hakimiyyətinə qarşı çox ciddi təsirli addımlar atmasa, onların burda mövqeləri sarsılmaqda davam edəcək.
Fizzə