Ərəb ölkələrindəki diktatura rejimləri Azərbaycandakından xalqa daha yaxın olmaları ilə seçilir. Bunu onların neft pullarından xalqa daha çox pay ayırmaları faktı göstərir. Ərəb ölkələrini bürümüş devrimlərdən qorxuya düşən əliyevçi rejim yetkililəri “ərəblərin bizdəkindən pis yaşadıqlarını” başlıca arqumentə çevirərək Azərbaycanın devrim dalğasından sığortalandığına xalqı inandırmaq istəyirlər. Onların düşüncəsinə görə, Azərbaycanda xalq yaxşı yaşayır, rejimsə demokratikdir.
Gerçək diktatura rejimi qurmuş bu adamların düşüncəsinə görə, “Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz”. PA sözçüsü Əli Həsənov öncə I.Əliyevin dilindən səslənənləri bu günlər ABŞ Dövlət Departamentinin əliyevçi rejimi qınağa tutan hesabatı ilə bağlı yenidən dilə gətirdi: “Biz başqa dövlətlərin daxili işlərinə qarışmadığımız kimi, başqa dövlətlər də bizim daxili işlərimizə qarışmamalıdır”. Bu, IŞĞALÇI rejim başçısının, IŞĞALÇI rejim yetkilisinin istəyidir. Başda Kreml olmaqla düşmən güclərlə iş birliyinə girərək, Qarabağı verməklə, neftimizi pay-püşk eləməklə qurulmuş, saxta seçkilərlə varlığını qorumuş Əliyevlər hakimiyyəti ilə bağlı xalqın da öz istəyi var – xalq demokratik dünya güclərinin yardımı ilə tezliklə bu hakimiyyətdən qurtulmaq istəyir!
Indiki durumda başqa yol yoxdur, belə bir istəyə görə bu hakimiyyət müxalifəti qınaya da bilməz. Əliyevçi komanda ölkədə IŞĞAL rejimi quraraq ölkənin yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələnib. Bu korrupsioner komanda Azərbaycanı IŞĞAL zonasına çevirib, buradakı qanunlar da IŞĞAL qanunlarıdır. Əliyevlər dönəmindən bu yana Azərbaycandakı bütün seçkilər Kremlin yaxından yardımı ilə, Ruşaylo, Lebedev kimi KQB generallarının qoşun kontingentinin çətiri altında keçirilib. Elə Ilham Əliyev iki naziri – Əli Insanovla Fərhad Əliyevi də “dövlət çevrilişinə çalışmaq” adı altında Lebedevlə Ruşaylonun əlilə tutub dustaq eləyib. Ata-oğul Əliyevlər Rusiyanın yardımı ilə Azərbaycanda uzun illərdən bəri diktatura qurub dururlarsa, Azərbaycan müxalifəti nə üçün bu diktaturanın yıxılıb yerində demokratiya qurulması üçün demokratik dövlətlərdən yardım almamalıdır?
Bu bir çağdaş dünya görsənişidir: diktatorlar diktatorlarla, demokratlar demokratlarla iş birliyi qururlar. I.Əliyev Sovet yetirməsi, KQB generalı, despotik düşüncə yiyəsi olaraq tanınan atasının kursuna uyğun diktatura yolu tutub, diktatorlarla iş birliyində bulunursa, dostlarının ardıcıllıqla devrildiyini görürkən belə bu yoldan çəkilmirsə, nə etməli? Bu adam ölkəsində müxalifəti düşmən gözündə görürkən, müxalifətlə yalnız repressiv polis dilində danışırkən dünyanı Bakıya töküb, “mədəniyyətlərin dialoqundan” dəm vurur. Rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, polis vəhşiliyinin DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə hansı dialoqdan danışmaq olar? Planlı, düşünülmüş Dövlət
Siyasətinə çevrilən antixalq siyasətləri içində dialoq olurmu?
Ərəb diktatorlarına baxın: hər biri ölkəsindəki qalxımı, kükrəyən devrim dalğasını hansısa düşmən güclərə bağlayır. Indi bizdə də belədir. Özləri düşmən ola-ola gəncləri hansısa düşmən güclərə bağlayır, onları hansısa düşmənlərin qızışdırdığından danışırlar. 18 illik hakimiyyətiniz boyunca bu xalqa, ayrıca olaraq gənclərə nə vermisiz, neynəmisiz – ondan danışın.
Mitinq qorxusundan I.Əliyev “tapşırıqlarının necə yerinə yetirildiyini öyrənmək üçün” düşüb bir-bir Bakı köylərini gəzir. 21-ci yüzilin dövlət başçısına bax: Şah Abbas cənnətməkan olub! Budurmu sənin dövlət mexanizmin? Gömrükdə kartof 6, şəkər 28, banan 43, portağal 44 qəpiyə rəsmiləşdirilir. Sonra qiymət qalxır, qalxır, qalxır. Prezident “tapşırıqlarının necə yerinə yetirildiyini öyrənmək üçün” niyə gedib gömrükdə oturmur?