Zülfiyyə Hüseynova Azad Rəhimovu debata çağırdı
Cüdo və sambo üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova ilə Gənclər və idman naziri Azad Rəhimov arasında qalmaqal davam edir. Zülfiyyə Hüseynova naziri ona prezident təqaüdü verilməsinə maneələr yaratmaqda günahlandırıb.
Azad Rəhimov da onun ittihamını cavabsız qoymayıb: “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? Istənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi, heç bir maneə yaratmır”.
Lent.az-ın məlumatına görə, Azad Rəhimov deyib ki, prezident təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir: “Gənclər və idman naziri məgər poçtda işləyir ki, məktubları çatdırmasın? Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Prezident təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər”.
Azad Rəhimovun bu cavabından sonra xanım “AzNews.az”a açıqlamasında idmançı nazirin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Deyib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: “Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? Ikincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRI-də cüdo spartakiadasında üçüncü, SSRI çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbçilərin olimpiya çempionu, hərbçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir”.
“Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin”, – deyən Zülfiyyə Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: “Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? Istənilən telekanalda canlı debat olsun, oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız. Niyə haqq-ədalətdən qaçırlar?”