Siyasi «təsərrüfat»ımız niyə bərbad haldadır…
Qurban Məmmədov
Ictimai rəyin indiki laqeydliyinin və xalqın siyasi passivliyinin bir səbəbi də istər rejim, istərsə də müxalifət cəbhəsinin şişirtmə və yalanlarıdır. 1995-ci ilin mart-aprel aylarında, ABŞ-da 20 günlük səfərdə olduq. Səfəri ABŞ-ın Milli Demokratiya Institutu təşkil etmişdi. Qrupda 20-25 nəfər var idi və əksəriyyəti də partiya təmsilçiləri idi. Tanışlıq məqsədilə MDI-nun direktoru Nelson Ledski ilə görüşdə maraqlı bir hadisə oldu.
Hərə öz partiyası haqqında qısa məlumat verdi. YAP-dan Əli Həsənov dedi ki, partiyaları 4 ildir qurulub və 400 min nəfər üzvü var. Müsavatın nümayəndəsi dedi ki, partiyaları 70 ildir fəaliyyət göstərir, 30 min üzvü var. Hansısa Islam partiyasının nümayəndəsi dedi ki, 80 min üzvləri var və 30 ildir fəaliyyət göstərirlər. Bu minvalla hərə öz partiyasını təqdim etdi və qulaq oxşayan rəqəmlər səsləndirdilər. Yalnız Sosial Demokratların nümayəndəsi 1700 nəfər üzvləri olduğunu, mən isə ADP-nin 4 yaşı və 2000-dək üzvü olduğunu dedim.
Biz danışdıqca, Ledski qarşısındakı dəftərdə nəsə qeydlər edirdi. Ardınca biz hamımız, əsasən müxalifətçilər, ölkədəki qanunsuzluqdan, seçkilərin saxtalaşdırılmasından danışdıq. Ledski və yanındakılar, əvvəl-əvvəl bizim seçki prosesində baş verənlərlə bağlı dediklərimizi, ölkəmizdəki qanunsuzluq hallarını, xüsusilə də məhkəmələrin sifarişlə qərar qəbul etmələri ilə bağlı bizdən eşitdiklərini başa düşə bilmir, anlaya bilmirdilər. Həmin vaxt bir anlığa mənə elə gəldi ki, bu adamlar bizə ya “quyruqlu adam”, ya da elə meymunun özü kimi baxırlar. Onlar bizim ölkəmizdə baş verənlərlə bağlı dediklərimizə, sadəcə olaraq inanmaq istəmirdilər.
Səbəbini, Ledski çıxışında izah etdi. O bildirdi ki, Afrika ölkələrinin hansındasa seçki prosesində bir nəfər, seçki qutusunu qucağına alıb qaçıb və qutu ilə birlikdə özünü çaya atıb. Bu tip xeyli misallar çəkəndən sonra bildirdi ki, o ölkələrdə baş verən hadisələr onları təəccübləndirmir və təbiidir. Çünki partiyalar yox, siyasi sistem oturuşmayıb, insanlar cahildir və tayfa münasibətləri hökm sürür. Ancaq biz danışdıqca, o hesablama aparıb müəyyən edib ki, bizim əhalinin 10-15 faizi fəal siyasətlə məşğuldur. Sonda isə belə bir sual verdi: “Sizin ölkədə əhalinin 10-15 faizi fəal siyasətlə məşğuldursa, ölkənizdə 70 il fəaliyyət göstərən, çoxsaylı partiyalar varsa, onda Siz niyə bu gündəsiz? Bu 70 ildə nə işlə məşğul olmusunuz bəs?”.
Ledskinin bu sualından sonra kimsə astadan dedi: “budur ee, yalanın nəticəsi, di cavab verin”. Ancaq hamı susdu! Cavab verən olmadı. Mən də susdum. Çünki onun sualı mənə və Sosial Demokratlara aid deyildi. Yalan danışanlar isə bu günədək o vaxtkı sualın mənasının fərqində deyillər.
Orta məktəbdə “Yalançı çobanın nağılı”nı yəqin hamı xatırlayır. Çoban danışmağı ilə tək öz evini güdaza verdi, siyasətçi yalan danışıb, şişirtmə ilə məşğul olanda bir millət, dövlət ziyan çəkir. Indiki rejimin-iqtidarın yalan və şişirtmələri ilə işim yox, bu hamıya bəllidir və tezliklə, ALLAH eləməsin, altını çəkəcəyik. Mənim sözüm özünü müxalifət hesab edənlərə və müxalifətədir.
Bir də görürəm 7-8 “partiya” yığışıb hansısa blok, birlik, alyans, şura yaratdılar. Bəyanatlar verildi, konfranslar, toplantılar keçirildi. Qəzetlər yazdı, pozdu, təriflədilər, pislədilər və s. və i. Lazım gələndə isə, bu 7-8 partiya, bir tumanı qısa müğəninin öz konsertinə topladığı fanatlarının yarısı qədər adamı mitinqə gətirə bilmir.
Son 20-25 ildə belə hərəkətlər dəfələrlə təkrarlanıb. Hər aparıcı partiyanın (iqtidarlı-müxalifətli) ətrafında bir neçə “peyk partiyalar” var. “Komet-partiyalar” da var bizdə. Bir də gördün süzməyə başladı. Hansısa partiya, hansısa birlik və ya hansısa siyasi xadimə qarşı çox böyük təhlükə yaratdı və… yan keçdi.
Təhlükə sovuşdu. Azərbaycanda partiya kimi qeydiyyatdan keçən bir çox “şeylər”in nə rəhbəri, nə istəyi, nə platforması, nə də fəaliyyətləri heç kimə məlum deyil. Bəzi adamlar “partiya” sözündən sanki qalxan, müdafiə vasitəsi, qlaf kimi istifadə etmək üçün qeydiyyatdan keçiblər. Bu gün siyasi ortamda “toz qaldıran” bir çox partiya var ki, nizamnamələrinə əməl edilmir, toplantıları keçirilmir, heç bir siyasi fəaliyyətləri yoxdur və əsas varlıqları “sədr” adlanan kiminsə hərdən-bir bəyanat verməyi və ya kiminsə bostanına daş atması ilə bəlli olur. Yəni faktik olaraq, partiya hesab edilən qurum, hüquqi şəxs reallıqda yoxdur. Hamısı şişirtmə və yalandır. Bu vəziyyətin isə çox ziyanlı və mənfi nəticələri var.
1.Adamlar siyasi mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Daha doğrusu, partiya quruculuğuna, siyasi fəaliyyətə belə qeyri-ciddi münasibət adamaları bu sahədən çəkindirir və ehtiyatlandırır. Rejim bunda birbaşa maraqlıdır.
2.Ictiai mövqeyini, ictimai rəyi passivləşdirən amil kimi çıxış edir: “Bu qədər partiya varsa, nəsə edəcəklər, bizə ehtiyac yoxdur”.
3.Partiyaların və liderlərin real gücü bu vəziyyətdə dəqiq müəyyən edilə bilmir. Gücü sıfıra bərabər olan 7 partiyanın bir yerə toplanması, yaxud da belə 7-10 partiyanın, gücü vahidə bərabər olan hansısa müxalifət partiyasının ətrafında toplanması, həmin partiyanın gücünə heç bir güc gətirmir, əksinə, bu formada şişirtmə və yalanlar həmişə acınacaqlı məğlubiyyətə aparır.
Məğlubiyyətdən daha pis isə, həm xalqda, həm də beynəlxalq təşkilatlarda partiya və liderlərinin qeyri-ciddiliyi haqqında rəy formalaşdırır və etimadı itirirlər.
4.Partiyaların çoxluğu, istər rejimə, istərsə də müxalifət liderlərinə, yeri gələndə siyasi manipulyasiyalar etməyə imkan verir ki, belə davranışlar uzun illərdir ictimai-siyasi təfəkkürün formalaşmasına ciddi maneçiliklər, xalqa siyasi qiymətləndirmə və seçim etməkdə problemlər yaradır. Kiməsə elə gəlməsin ki, guya mən çox partiyalılığın əleyhinəyəm. Yox. Əksinə, çoxpartiyalılıq siyasi sistemin və onun vacib ünsürlərinin inkişafının mənbələrində ən vacibidir.
Söhbət siyasətdə şişirtmə və yalandan gedir. Ledskinin o məhşur sualından 20 il keçir: “bu qədər sayda, ”stajda” partiyalarımız varsa, biz niyə bu gündəyik?”. Deməli, hardasa, nədəsə səhvimiz var. Nədə? Harada? Kimdə? Niyə? Nə məqsədlə?
Doğrudanmı Azərbaycanda 70 il fəaliyyət göstərən Müsavat adlı partiya var? Bu partiyanın 1969-cu və ya 1989-cu ildə fəaliyyəti nədən ibarət olub? 30 il fəaliyyət göstərsə, 80-100 min üzvü olan Islamyönlü partiyalar varsa, hicaba görə etiraz edənlərin sayı niyə on minlərlə deyil?
600 min üzvü olan YAP adlı partiya varsa, 09 oktyabr 2013-cü il prezident seçkilərində niyə 300 minlik mitinqlər keçirib, I.Əliyevi, doğrudan da xalqın seçməsinə bütün dünyanı inandırmağa cəhd edilmədi? 600 min adam bir partiyada – hakim partiyada toplanıbsa, ölkədəki bu korrupsiya və total cinayətkarlığın qarşısını niyə ala bilmirlər? Yoxsa, elə bu 600 minin hamısı korrupsionerdir?
70-80 il bundan öncə, 1920-ci ilədək olan partiyların adlarını indi istifadə etməklə, doğrudanmı, biz avtomatik olaraq onların varislərinə çevrilirik və o tarixi bu formada istifadə etməyə hüququmuz varmı? KXCP və AXCP, həqiqətən də, bütün respublikanı əhatə edən özəklərə, yerli təşkilatlara malikdirlərsə, nəyə görə eyni zamada ölkənin müxtəlif yerlərində, region mərkəzlərində etiraz mitinqləri keçirə bilmirlər?
Bir yerə toplaşaraq bu rejimə qalib gələ bilməyən qüvvələrin ayrılmasında hansı məqsədlər var və bu hərəkətləri xalq, millət adına edilən gedişlər kimi qəbul etmək, qiymətləndirmək olarmı?
Təbbi ki, yuxarıdakı sualların cavabları mənfidir. Deməli, haradasa, kimlərsə, bilərəkdən, ya bilməyərəkdən səhvlər buraxır, kifayət qədər işləmirik.
Müxalifətin birləşməsi, toparlanması prosesində, məncə, nəzərə alınmalı ən önəmli prinsip nizamnaməyə əməl edilməsi, partiya toplantılarının vaxtında keçirilməsi olmalıdır.
Yalnız adı və ya sədri olan “partiya”larla əməkdaşlığa son qoyulmalı, belə partiyaların reklam olunmasına, imkan verilməməlidir – hətta onların tənqid edilməsi ilə də olsa.
Nizamnamə tələblərinə əməl etmədiklərinə görə, partiyaların ləğv edilməsi ilə bağlı inzibati məhkəmələrdə iddialar qaldırılmalıdır. Siyasi sahədə şişirtmə və yalanlara son qoyulmalıdır.
Aydındır ki, rejim, məhz indiki iqtidar bu vəziyyətin mövcudluğunda maraqlıdır. Partiyaları real vəziyyətinin və güclərinin bilinməməsi üçün də rejim tele debatlara, açıq fəaliyyətə imkan vermir.
Siyasi “təsərrüfat” bərbad haldadır. Bulanıqdır. Bu vəziyyət yalnız və yalnız korrupsioner rejimə xeyirlidir. “Reket jurnalistlər” kimi, “reket partiyalar” da var. Bunlar təmizlənməli, partiayaların fəaliyyətləri şəffaf olmalı, onların qapıları jurnalistlərin üzlərinə daim açıq olmalıdır.
Partiyaların dövlət tərəfindən maliyyələşdirliməsi, bu sahədə təmizlik aparılmasından, qanunçuluq bərpa edilmədən, partiyaların fəaliyyətlərinə və seçkilərdə iştirakına bərabər şərait yaradılmadan mümkün deyil və siyasi şişirtmə və siyasi yalandır.
Bu yalan və şişirtmə isə həm rejimin, demək ki, Azərbaycan dövlətinin, həm də müxalifətin intiharıdır.
Buna son qoyulmalıdır. P.S. Görəsən, rəhmətlik atam mənim adımı Xətai qoysaydı, mən indiki Iran vilayətlərinə bir varis kimi iddia edə bilərdimmi?