“NIDA” Vətəndaş Hərəkatının həbsdə olan 8 fəalı – Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Zaur Qurbanlı, Məmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu heç bir sübut-dəlil olmadan prokurorun onlara 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrumetmə cəzası istəməsindən sonra həbsdən buraxılma tələbilə aprelin 17-dən aclıq aksiyası keçirir.
Altı gündür ac olan gənclərin durumunda təbii ki, müəyyən dəyişiklik var. Bu üzdən onların məhkəməyə gələ bilməyəcəyi və dünənə təyin olunmuş iclasın təxirə salınacağını gözlənilirdi. Lakin gənc fəalların hamısı güc taparaq məhkəməyə gəlmişdilər. Hələ üstəlik, hakimlər məhkəmə zalına gələnə qədər fürsətdən istifadə edib bir daha bəyan etdilər ki, tələbləri yerinə yetirilənə qədər aksiyanı dayandırmaq niyyətində deyillər.
“Mənim vəkilimdən, yaxınımdan, hətta valideynimdən belə eşitsəniz ki, aclığı dayandırmışam, inanmayın. Tələbimiz yerinə yetirilənə qədər belə bir şey olmayacaq”, – deyə Rəşad Həsənov bildirib.
Rəşadət Axundov isə onların aclıq aksiyası keçirmədiyi barədə Penitensiar Xidmətdən mətbuata verilən açıqlamanın həqiqətə uyğun olmadığını bəyan edib: “Biz hamımız aprelin 18-də təcridxana rəhbərliyinə aclıq aksiyası keçirdiyimiz barədə ərizə ilə müraciət etmişik. Hətta təcridxananın rəisi məni çağıraraq, heç bir təzyiq olmadan, sadəcə, aclığı dayandırmağımızı tövsiyə etdi. Amma bizim qərarımız qətidir”.
***
Xəbər verdiyimiz kimi, bu iş üzrə məhkəmə istintaqı başa çatıb, prokuror Rəşadət, Zaur və Ilkinə 8 il yarım, Rəşad, Bəxtiyar və Məmmədə 8 il, Üzeyirə 7 il yarım, Şahinə isə 6 il yarım həbs cəzası istəyib. Hazırda məhkəmə prosesində vəkillərin çıxışları mərhələsidir.
Dünənki məhkəmə iclasında əvvəlcə Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev müdafiə nitqilə çıxış edib. Vəkil bildirib ki, aylardır davam edən məhkəmə Rəşad Həsənova qarşı irəli sürülmiş ittihamların qondarma olduğunu, heç bir faktiki və hüquqi hallara əsaslanmadığını bir daha nümayiş etdirdi: “Ittiham aktında yazılanların məhkəmə istintaqı zamanı təkzib edilməsinə baxmayaraq, dövlət ittihamçısı öz çıxışında bu əsassız ittihamları təkrar etməyi və onların əsasında Rəşad Həsənovun ağır cəzaya məhkum olmasını xahiş etməyi özünə rəva bildi. Halbuki, məhkəmə istintaqı bir daha təsdiq etdi ki, Rəşad Həsənov ittihamda göstərilən cinayət əməllərinin heç birini törətməyib”.
Vəkil ayrı-ayrı hallarla bağlı ittihamın əsassızlığını təsdiqləyən sübutları məhkəmənin diqqtinə çatdırıb. Bildirib ki, Rəşad Həsənov və digərləri mütəşəkkil dəstənin tərkibində cinayət əməli törətməsində ittiham edilsələr də, ittiham tərəfi belə bir dəstənin mövcud olmasını ümumi sözlərlə ifadə edir, həmin dəstənin həqiqətən mövcudluğunu təsdiqləyən heç bir sübut göstərmir.
Əsabəli Mustafayevin sözlərinə görə, Rəşəd Həsənova qarşı ittihamlar qeyri-mötəbər sübutlara əsaslanır: “Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov həbs olunan gün Rəşad Həsənovun əleyhinə ifadə versələr də, sonradan ifadələrdən imtina ediblər. Bəyan ediblər ki, həmin ifadələri təzyiq altında veriblər.
Vəkil 10 mart aksiyasında iğtişaşların hazırlanması ilə bağlı ittihama da münasibət bildirib. O qeyd edib ki, Rəşad Həsənov və digər təqsirləndirilən şəxslərin bəziləri bu aksiyada iştirak etsələr də, aksiya zamanı zorakılıqlar, talanlar, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi kimi halların baş verməməsi onların belə bir niyyətdə olmadıqlarını nümayiş etdirir. Ittiham tərəfi bunun əksini təsdiq edən heç bir sübut irəli sürməyib.
Sonda Əsabəli Mustafayev Rəşad Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Üzeyir Məmmədlinin vəkili Yalçın Imanov çıxışında gənc fəalların hökumətin siyasətini tənqid etdikləri üçün siyasi sifariş əsasında həbs olunduğunu bəyan edib: “Hüquqlarını müdafiə etdiyim şəxsin nədə ittiham olunduğu, bu ittihamların nəyə əsaslandığı mənə də aydın olmadı. Bu necə mütəşəkkil dəstədir ki, Şahin Novruzlunu gəstənin digər üzvlərinin heç biri tanımayıb? Əgər bu adamların eyni qeyri-hökumət təşkilatında – NIDA-da təmsil olunmasını əsas götürürlərsə, eyni məntiqlə, biz Bakı Ağır Cinayətlər Məhkəməsini, Vəkillər Kollegiyasını da mütəşəkkil dəstə elan edə bilərik ki, burada da adamlar yığışırlar, müəyyən planları ola bilər. Dövlətin əsas təməllərindən biri ədalət mühakiməsidir. Məhkəmə ədalət mühakiməsini təmin etməyəndə insanların dövlətə inamı azalır. Məhkəmə hökmünü elan edərkən, xahiş edirəm, məhkəmə iştirakçılarının, zalda oturan insanların gözünə dik baxın. Bu adamlar hakim siyasi düşüncəyə etiraz etdiklərinə, demokratik dəyişikliklər uğrunda mübarizə apardıqlarına görə həbsdədir. Üzeyir Məmmədli barəsində ittiham hökmünü necə çıxarmaq olar? Üzeyir Məmmədlinin əməlində heç bir cinayətin əlaməti yoxdur. Varsa, ittiham tərəfi ortaya qoyaydı. Bircə sübut da ortaya qoyulmadı. Hakim partiyanın ümummili siması olan Siyavuş Novruzovun dililə desək, ”Molotov kotletləri”nin gənclərin evinə necə atıldığı da hamıya məlumdur.
Bu işə baxan hakimlərin hər birinə hörmətim var. Amma bu iş üzrə bəraət hökmü çıxarılmasa, məhkəməyə məhkəmə, hakimlərə də hakim deməyəcəm. Özləri bilər, özlərini necə istəyərlər, o cür də adlandırarlar”.
Şahin Novruzlunun vəkili Nemət Kərimli bildirib ki, bu cinayət işi sırf siyasi xarakter daşıyır. Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, bu ilin fevralında ABŞ Dövlət Departamentinin yaydığı hesabatda da NIDA-çıların siyasi fəaliyyətinə görə həbs edildiyi bir daha vurğulanmaqla, onların azad edilməsi tələb olunur: “Cinayət prosessual qanunvericiliyin prinsipinə görə sübutetmə yükü ittiham tərəfin üzərinə düşür, lakin dövlət ittihamçısının çıxışında sübut kimi təqdim edilən faktlar bir daha da saxtalaşdırıldı. Məsələn, videogörüntülərə baxış zamanı Şahin Novruzlunun guya evindən tapılan butulkanın nə içində, nə də ki, ”skoçla” üstünə bərkidilmiş içində barıt olan şprisin olmadığı açıq-aydın göründüyü halda, prokuror yenə barıtdan, partlayıcı maddədən, ittihamın sübuta yetirilməsindən danışdı”.
Vəkili Şahin Novruzlunun cinayət törətməsinə dair heç bir sübut ortaya qoyulmadığını deyərək, ona bəraət verilməsini istəyib.
Məhkəmə prosesi sabah digər vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
Aytən Məmmədova