Azərbaycan Xalq Cəbhəsi Partiyası jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı həbs olunması və NİDA hərəkatının üzvlərinə ağır həbs cəzalarının istənilməsi ilə bağlı etiraz bəyanatı verib.
Bəyanatda deyilir ki, Azərbaycanın tanınmış jurnalisti, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun “dövlətə xəyanət” ittihamı ilə həbs edilməsi ölkədə azad sözə, müstəqil düşüncəli ictimai fəallara qarşı repressiyanın növbəti nümunəsidir.
“Rauf Mirqədirov Azərbaycanda və regionda parlaq qələmi, sanballı təhlilləri ilə tanınan jurnalistlərdən biridir. O, istiqamətləndiyi sahədə təkcə peşəkar jurnalist kimi yox, həm də güvənilən ekspert kimi ad çıxarıb.
Rauf Mirqədirov özünün yazıları və çıxışları ilə Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə təcavüzü haqda həqiqətləri Azərbaycanın sərhədlərindən kənara çıxaran az sayda sanballı söz sahiblərindəndir. Təkcə bu istiqamətdəki fəaliyyəti onun vətənə xəyanətdə ittiham olunmasını mümkünsüz edir. Ümumiyyətlə isə Rauf Mirqədirov yazı və çıxışlarında hər zaman Azərbaycanın dövlət maraqlarından, milli mənafeyindən çıxış edib.
Mirqədirov Azərbaycanın problemləri ilə bağlı mövzularda yeri gələndə, ölkə rəhbərliyini, hakmiyyətin siyasətini cəsarətlə tənqid edib. Onun bu tənqidçi mövqeyi heç bir halda dövlətin əleyhinə çıxış kimi yozula bilməz, hərçənd Azərbaycan haklimiyyəti özünün bütün tənqidçilərini vətənin və millətin maraqlarına xəyanət itthamı ilə şantaj edir.
AXCP Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunmasını absurd sayır və rədd edir. Partiya hesab edir ki, jurnalistin həbsi ümumən ölkədə azad söz sahiblərinə, fəqli düşünən və düşündüklərini çəkinmədən ifadə edən fəallara qarşı repressiyanın tərkib hissəsidir.
AXCP hakimiyyətdən 37-ci il metodları ilə işləməkdən, öz vətəndaşlarını şərləyib həbsə atmaqdan əl çəkməyi və konkret halda Rauf Mirqədirovu sərbəst buraxmağı tələb edir. AXCP həmçinin beynəlxalq birliyi Azərbaycanda daha bir jurnalist və ictimai fəalın həbsə atılması faktına dözümsüz yanaşmağa çağırır”, – deyə bəyanatda bildirilir.
AXCP eyni zamanda NİDA hərəkatının üzvlərinə məhkəmədə dövlət ittihamçısının ağır cəzalar tələb etməsini də şiddətlə pisləyir və məhkəməni bu tələbi rədd etməyə, günahsız gənclərə bəraət verməyə çağırır. Məhkəmə istintaqı zamanı ortaya NİDA-çı gəncləri təqsirkar bilməyə əsas verəcək heç bir dəlil-sübut çıxmadığı halda prokurorun onlara 6 il yarımdan 8 il yarıma qədər həbs cəzası istəməsi işin arxasında siyasi sifarişin durduğunu bir daha təsdiqləyir.
AXCP prokurorun həbs tələbinə etiraz olaraq NİDA-çı gənclərin və onların valideynlərinin başlatdığı aclıq aksiyasına öz dəstəyini ifadə edir və aksiyanın tələblərini tamamilə müdafiə etdiyini bildirir.
AXCP hakimiyyətdən tələb edir ki, ölkənin azad düşüncəli və demokratik cəmiyyətdə yaşamaq üçün dinc mübarizə yolu seçmiş gənclərinə qarşı repressiv münasibətdən imtina etsin, NİDA-çıların və onların valideynlərinin aclıq aksiyası ilə irəli sürdükləri tələbi nəzərə alaraq, günahsız gəncləri azadlığa buraxmaq üçün uyğun yol arasın.