Baş həkimin ölümündə ittiham olunan icra başçısının sərəncamını kim geri oxutdurdu?
Aprelin 18-də bir sıra xəbər portalları (qaynar.info; axar.az) Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevin vəzifəsindən azad olunması haqda məlumat yaydı. “Musavat.com” isə hətta Nizaməddin Quliyevin rüşvət aldığı yerdə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı xəbərini tirajladı. Sonradan bu xəbərlər təsdiqini tapmadı və Nizaməddin Quliyevin iş başında olduğu bildirildi. Amma aradan bir neçə gün keçməsinə baxmayaraq, Nizaməddin Quliyev müəmması hələ də qalır.
Məsələ burasındadır ki, bu hadisəyədək, icra başçısının vəzifədən çıxarılması haqda xəbər heç vaxt sonradan təkzib edilməmişdi. Istər-istəməz sual yaranır ki, görəsən, nələr baş verir?
Yeri gəlmişkən, Nizaməddin Quliyev uzun müddət YAP-ın Goranboy rayon təşkilatının sədri olsa da, partiyada nə əvvəllər, nə də indi ona isti münasibət olmayıb. “Kapital Bank”ın Goranboy rayon şöbəsinin sədri vəzifəsindən icra başçılığına yüksəlişi də əslən goranboylu olan iş adamı Qulam Ələkbərovun sayəsində baş verib. Ziya Məmmədovun tikinti biznesinə başçılıq edən Qulam Ələkbərov YAP-ın ciddi narazılığına baxmayaraq, məhz nəqliyyat naziri vasitəsilə Nizaməddin Quliyevin təyinatına nail olur. Elə buna görədir ki, adi bir tikinti işçisi olan Qulam Ələkbərov hər dəfə rayona gələndə prezident sərəncamı ilə rayona icra başçısı təyin edilmiş Nizaməddin Quliyev saatlarla onu evinin qarşısında yolda gözləyir.
Qulam Ələkbərovun adı mətbuatda daha çox mənzil tikintisi ilə bağlı maxinasiyalarla əlaqəli səslənib. Bir müddət öncə onun paytaxtın Rəşid Behbudov küçəsində inşa etdirdiyi yaşayış binasında bir mənzilin bir neçə adama satılmasıyla əlaqədar prokurorluqda cinayət işi başlandığı haqda xəbərlər yayılsa da, sonradan Ziya Məmmədovun öz tikinti adamını növbəti dəfə xilas etdiyi bildirildi (https://www.azadliq.info/asagi-manset/351-asagi-manshet/29456-ziya-memmedovun-ortagi.html).
Nizaməddin Quliyevin özünə gəlincə, onun adı mətbuatda dəfələrlə müxtəlif cinayət hadisələrilə bağlı hallanıb. Məsələn, bir neçə il əvvəl rayonun baş həkimi Faiq Abdullayevin müəmmalı ölümü zamanı mərhumun həyat yoldaşı Gülnarə Abdullayeva onun məhz Nizaməddin Quliyev tərəfindən 60 min manata görə öldürüldüyünü, icra başçısının birinci müavini Baxış Abdullayevin həyat yoldaşına pul tələbilə hər gün bir neçə dəfə zəng etdiyini və bütün zənglərin daxil olduğu telefonu istintaqa təqdim etdiyini bildirmişdi. Gülnarə Abdullayeva həyat yoldaşının pul üstündə öldürüldüyünü və bundan sonra intihar görüntüsü yaratmaq üçün xəstəxana korpusunun üçüncü mərtəbəsindən yerə atıldığını iddia edirdi. Üstündən üç il keçsə də Faiq Abdullayevin ölümü ilə bağlı müəmmalı istintaqın hələ də bir nəticəsi yoxdur (http://modern.az/articles/12591/1/).
Bundan başqa, Goranboyda Nizaməddin Quliyevin cəmi üç ay əvvəl YAP-ın yerli təşkilatı adından nümunəvi fəaliyyətinə görə fəxri fərmanla təltif etdiyi məktəb direktoru Nüşabə Əhmədovanı şərləyərək həbs etdirdiyini danışırlar. Nüşabə Əhmədovaya Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə ittihamına görə bəraət verildi, o, yalnız vəzifə səhlənkarlığına görə altı ay şərti cəzaya məhkum edildi. Əhmədovanın sübuta yetirilən cinayəti icra başçısının və təhsil şöbəsi müdirinin tələbilə icra hakimiyyətində və təhsil şöbəsində çalışan, lakin dərs deməyən üç nəfərin adına dərs yazılması idi ki, bu zaman onların maaşını da dərsi real olaraq deyən, məktəbin ştatlı müəllimləri almışdılar. Lakin Gəncə Apelyasiya Məhkəməsi Nizaməddin Quliyevin təzyiqilə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, Nüşabə Əhmədovanı yeddi il yarım həbs cəzasına məhkum etdi. Iki ildir ki, günahsız yerə həbsdə yatan keçmiş məktəb direktoru Nüşabə xanımın dövlət əmlakını hansı yolla taladığını isə hələ də izah edən və ondan “talanmış” əmlakı tələb edən yoxdur. Goranboylular belə hesab edirlər ki, Nüşabə müəllimənin “günahı” heç vaxt rüşvət alıb-verməməsidir. Rayona onun həbsindən cəmi bir il öncə gəlmiş korrupsiya yoxlamasından onun rəhbərlik etdiyi məktəb cəmi üç manat kəsirlə çıxmışdı.
Bir neçə il əvvəl Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin sədri Allahverdi Əliyev də daxil olmaqla, bu qurumun bir neçə əməkdaşı 310 min manatdan çox dövlət vəsaitini “Kapital Bank”da açdıqları şəxsi hesablar vasitəsilə mənimsəməkdə ittiham olunaraq həbs olunmuşdular. Səs-küylü məhkəmə prosesində bu mənimsəmələrdə o zaman “Kapital Bank”ın Goranboy rayon şöbəsinin sədri olan Nizaməddin Quliyevin adı dəfələrlə halandırılsa da, hansısa gözəgörünməz qüvvə onu yenə də məsuliyyətdən yayındıra bildi (http://modern.az/articles/5523/1/).
Daha sonra Nizaməddin Quliyevin adı bir müddət əvvəl Goronboy rayonu ərazisindən keçən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus bir kilometrlik boru xəttinin kəsilərək oğurlanmasında hallandırıldı. Oğurluq hadisəsinin isə rayon Icra Hakimiyyətinin rəhbərliyi və yerli Polis şöbəsi tərəfindən həyata keçirildiyinə dair xəbərlər yayıldı. Bu fikirlər “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin işçilərinin mətbuata ünvanladıqları müraciətdə əksini tapıb. Sonradan Goranboy polisində araşdırmalar zamanı məlum olub ki, borunu oğurlayıb kəsdirən Ilham Cümşüd oğlu Mehtiyev bu oğurluğu özbaşına həyata keçirməyib. Mətbuatın yazdığına görə, bu işi görən dəstəyə Icra Hakimiyyətində çalışan məmurlar havadarlıq ediblər. Nəticədə su kəmərini kəsib oğurlayan dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, müəyyən razlaşmalar müqabilində onları sərbəst buraxıblar. Hətta bu məsələnin ört-basdır edilməsində də icra başçısının maraqlı şəxs olduğu vurğulanırdı (http://modern.az/articles/34882/1/).
Mətbuatda Nizaməddin Quliyevin külli miqdarda borcunu ödəməmək üçün iş adamı Müqayis Verdiyevi şərləyib tutdurması haqda məlumatlar da geniş yer alıb (https://www.azadliq.info/cmyyt/330-cmyyt1/28279-icra-bascisi-sahibkari-serleyib.html; http://cumhuriyyet.az/bolge/2794-nizameddin-quliyev-ish-adamini-nece-sherleyib.html).
Bunlar Nizaməddin Quliyev haqqında yazılan və deyilənlərin yalnız bir hissəsidir. Bəs bu qədər qarışıq dosyeyə malik, hətta partiyasında belə sevilməyən və qəbul olunmayan icra başçısı bugünədək öz vəzifəsini kimin və nəyin hesabına qoruya bilib? Bu barədə “Azadlıq”a ilginc məlumat daxil olub. Məlumatda Nizaməddin Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə “musavat.com”un yaydığı xəbər də təsdiqlənir. Qeyd olunur ki, mətbuatda gedən xəbərlər də məhz buradan qaynaqlanıb. Lakin sonradan Nizaməddin Quliyevin çox güclü hamisinin işə qarışması nəticəsində o, qurtula bilib.
Məlumatlara görə, Ziya Məmmədov bir müddətdir ki, Nizaməddin Quliyevdən ciddi narazıdır və artıq onu himayə etmir. Nizaməddin Quliyevin əslində, Prezident Administrasiyasında çalışan daha yüksək fiqurla işbirliyinin olduğu və həmin şəxs tərəfindən bir neçə il əvvəl ona göstərdiyi böyük xidmətlərin qarşılığında belə inadla müdafiə edildiyi qeyd olunur. Məhz həmin haminin dəstəyilə Nizaməddin Quliyevin oğlu Ramin Quliyev bir il öncə Nərimanov rayon məhkəməsinə hakim təyin edilib, digər oğlu Ramal Quliyev “Kapital Bank”ın Mingəçevir şəhər filialının sədri olarkən orada yol verildiyi iddia olunan 500 minlik yeyinti faktı ört-basdır edilib (http://reportyor.tv/haber-2033-Nizamddin-Quliyevdn-prezident-zrb.html).
“Azadlıq”a eyni zamanda, Nizaməddin Quliyevin öz qüdrətli hamisinin sifarişilə həyata keçirdiyi işlər barədə də maraqlı məlumat və sübutlar təqdim olunub. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra onları da oxuculara təqdim edəcəyik.
P.S. Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz faktlar mətbuatda yayılandan sonra Nizaməddin Quliyev onları təkzib edib.
İnformasiya şöbəsi