Krım tatarlarının yarımadadan deportasiya olunacağı xəbərləri yayılıb
Krım tatarlarının lideri, Ukraynanın deputatı Mustafa Cəmil yarımadaya buraxılıb. Mustafa Cəmil Ukrayna mediasına deyib ki, Krımla sərhəddə, Xerson vilayətində onu və Çubarovu saat yarım saxlayıblar. “Bizi sərhədçilər saxladı. Əvvəlcə bildirdilər ki, Krıma buraxıla biləcək şəxslərin siyahısında mənim adım yoxdur. Onlar bir müddət intensiv şəkildə zəngləşdilər və sonra bizi buraxmaq qərarı verdilər. Şübhə etmirəm ki, onlar göstərişi Moskvadan alıb”, – deyə Mustafa Cəmil bildirib.
***
Krım tatarlarının lideri Rafət Çubarovu Krıma buraxmırlar. Qadağaya səbəb kimi isə R.Çubarovu xalq deputatı Mustafa Cəmilin müşayət etməsi göstərilir. M.Cəmilin adının Krıma daxil olmasına qadağa qoyulan şəxslərin siyahısında olduğu bildirilir.
Hazırda Ukraynadan Krıma girişdə Krım Muxtar Vilayətinin bayraqları ilə bəzədilmiş 30-a yaxın avtomobil dayanıb.
Bu arada mətbuatda yayılan məlumata görə, FTB (FSB) Krım tatarlarının deportasiyası ilə bağlı müəyyən planlar işləməkdədir. FTB-dəki mənbələrə istinadən məlumat verən M.Cəmil vurğulayıb ki, Krımda elə şəraitin yaradılması nəzərdə tutulub ki, tatarlar sadəcə olaraq bu əraziləri tərk etmək məcburiyyətində qalacaqlar: “Hazırda bu siyasətə hazırlıq gedir. Artıq məişət səviyyəsində bu siyasət yürüdülür. Bəzi qonşular tatarların yaşadıqları evlərə gələrək deyirlər ki, sizin evdə yaşamaq istəyirik. Onsuz da sizi buradan çıxaracaqlar. Məktəblərdə isə tatarların övladlarına hücum edilir”.
azadliq.info