Hakimiyyətin qanunlara daha bir hörmətsizliyi…
Azərbaycan parlamentində bir neçə deputat yeri xeyli vaxtdır ki, boşdur. Zaqataladan deputat olan Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişib. Gülər Əhmədova 2012-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videodan sonra mandatından imtina edib.
YAP-ın icra katibi Əli Əhmədov ötən il baş nazirin müavini təyin olunduğundan deputatlıqdan getdi. Adları çəkilən şəxslərin yerinə isə heç kim seçilməyib.
Parlamentin dünənki iclasında Ədalət Partiyasının sədri, deputat Ilyas Ismayılov bu məsələni qaldırıb: “Boş qalmış yerlərə seçkinin keçirilməməsi konstitusiyanı, Seçki Məcəlləsini pozur. Hesab edirəm ki, tezliklə boş qalan yerlərə seçki keçirilməlidir”.
Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, boş qalan yerlərə indiyədək seçkinin keçirilməməsi Azərbaycanda hakimiyyətin Konstitusiyaya hörmətsizliyinin növbəti əlamətidir: “Ilyas Ismayılov məsələni düzgün qoyub. Səs çoxluğu özlərinin əlindədir. Yenidən boş yerlərə seçki keçirməyin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq bunu etməməkdə Konstitusiyaya olan hörmətsizliyi nümayiş etdirirlər”.
Ramin