Dünən gecə ölkəmizdə saatlar bir saat irəli çəkildi, guya yay vaxtına keçdik. Səhər oyandıq, bir baxdıq ölkənin dörd yanından qar yağdığı barədə xəbərlər gəlir. Inşallah, qış vaxtına keçdiyimiz gün də camaat erkəndən qalxıb çimərliklərə götürülər. Indi biz bax belə bir ölkədə yaşayırıq: zaman faktoru tamamilə itib.
Məsələn, guya biz hazırda 21-ci əsrdə yaşayırıq, amma baxın görün ətrafımızda, həyatımızda 21-ci əsrə aid nə var? Padşahlıq, xanlıq, quldarlıq, cinçıxaranlar, ələmuçuranlar, yengələr, sağdışlar, soldışlar, falabaxanlar, itboğuşduranlar, xoruzdöyüşdürənlər – bütün bunlar yaşadığımız çağın, onun dəyərlərinin heç min ağac ötəsindən də keçmir.
Ona görə də indi saatlarımızı bir saat irəli çəkmək də adama gülməli görünür. Son 20 ildə ölkə ölü yerdən 200 il geri gedib. Yaxşı, bundan sonra durub saatı bir saat irəli çəksək nə olacaq? Ondansa bu ölkədəki hakim zehniyyətin ağlını barı 50-100 irəli çəkmək daha faydalı olmazdımı?
Camaatımız isə görün nəyə təəccüblənir: heç martda da qar yağar? Lap gülməlidir. 21-ci əsrdə monarxiya qurula bilər, amma martda qar yağa bilməz? Ilham Əliyev ətək-ətək pul tökdürüb yayın ortasında süni qar yağdıra bilər, amma qurbanolduğum martda əsl qar yağdıra bilməz?
Axı artıq çoxdandır bizdə fəsillərin də bir anlamı qalmayıb. 20 ildir mart çıxır, amma dərd çıxmır. Yanvar da dərddir, aprel də, avqust da, oktyabr da. Bu ölkədə düz 20 ildir ilin 12 ayı dərddir. 20 ildir yaz gəlir, yonca bitmir. Düz 20 ildir təbiətə gələn bahar bizim qəlbimizə, könlümüzə gəlmir. Təbiət yaşıllaşır, bizimsə həyatımız bozluq içindədir. Arzularımız cücərmir, xəyallarımız göyərmir 20 ildir. Bütün bunları bir qırağa qoyub “heç martda da qar yağar?” deyib heyrətlənirik. Yağar da, hələ o tərəfə də keçər. Qar nə vaxt yağdığını sizdənmi soruşacaq?
***
Amma gəlin hər şeyi qara rəngdə də görməyək, uğurları da qeyd edək. Bəli, artıq ölkəmizdə at və eşşək ətini müayinə edəcək laboratoriya istifadəyə veriləcək. Doğrudan da tarixi nailiyyətdir. Yer gəlmişkən, bu “nailiyyət” sözündəki “ət”in də at, yoxsa eşşək əti olduğunu müəyyənləşdirmək böyük əhəmiyyət daşıyır. Həmçinin “əhəmiyyət” sözündəki “ət” nə ətidir, bunu da bilmək vacibdir.
Nə isə, mətləbdən uzaqlaşmayaq. At-eşşək ətini müəyyən edəcək laboratoriyanın açılması alqışlanmalıdır. Bu ASAN-xidmət (yenə “ət”?) qədər təqdirəlayiq, analoqsuz hadisədir. Dünyanın bizdən öyrənməli çox şeyi var.
Laboratoriya öz yerində, bəs bizdə ət özü nə vaxt olacaq? Məşhur lətifədə deyildiyi kimi, hovuz tikirsiniz, zəhmət çəkib ora su da buraxın. Camaat ətə həsrətdir (“həsrət” sözündəki “ət” yəqin ceyran əti olar, çünki şair deyibdir: “Həsrətindən xəstə düşdüm, eylə dərdə çara, ceyran”), bunlar at-eşşək əti müəyyən edən laboratoriya açırlar. Belə hökumətə (buradakı “ət” yüz faiz halal ətdir, yoxsa hərə bir tərəfdən daraşıb onu yeyib-parçalamazdı) nə deyəsən?
***
NOT: Bu gün məşhur fransız alimi və yazarı, müasir fəlsəfənin banisi hesab olunan Rene Dekartın doğum günüdür. Dekart hər şeyə şübhə ilə yanaşmağın tərəfdarı idi. Azərbaycan kimi hər şeyə qeyd-şərtsiz, sorğu-sualsız inanmağın tələb olunduğu ölkələr üçün əlbəttə, bu tamamilə axmaq bir işdir.
Sözüm onda deyil. Rene Dekartı indi dünyanın əksər yerlərində əsərlərindən, kəşflərindən çox bu məşhur sözləri ilə xatırlayırlar: “Coqito erqo sum”. Yəni, “Mən düşünürəm, deməli, varam”. Əlbəttə, bu sözlərin bizə heç bir dəxli, isti-soyuğu yoxdur və ola da bilməz. Əlhəmdülillah, biz düşünmürük və varıq, özü də turp kimiyik, xoşbəxtik. Dekart getsin aşığını atsın.