Rəsmi Moskva beynəlxalq səviyyədə təhlükəli kartlar tapmaqda maraqlıdır
Rusiya Krımdan sonra Ukraynanın digər ərazilərinə də diqqətini yönəldib. Doğrudur, Rusiya prezidenti Vladimir Putin belə bir planın olduğunu təkzib edib, amma hadisələrin gedişatı bunun əksini döstərir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ölkəsinin Ukrayna sərhədlərini keçmək planının olmadığını bildirir. Lavrov bəyan edib ki, qətiyyən belə niyyətləri yoxdur: “Biz sadəcə istəyirik ki, iş kollektiv xarakterli olsun və Qərb dövlətlərinin etdiyi özbaşınalıqlara son qoyulsun. Istəyirik ki, onlar öz məsuliyyətlərini dərk etsinlər”.
Rəsmi Moskva Ukraynanın şərq regionlarını ələ keçirmək planlarının olmadığını bildirsə də, Rusiya iki ölkə sərhədinə durmadan iri qoşun qruplaşmaları yerləşdirməkdə davam edir. Artıq Rusiyanın iki ən elitar tank diviziyası sərhədə yeridilib.ÿKursk vilayətinin Kalinovka və Amon Xomutovsk rayonlarında – Ukrayna ilə sərhədin müvafiq olaraq 15 və 7 kilometrliyində Rusiya ordusunun daha bir qoşun qruplaşması, 2-ci Tamansk motoatıcı diviziyasının batalyon taktiki qruplaşması mövqe tutub. Belqorod, Severnıy Stroitel yaşayış məntəqələrindəki hərbi poliqonda 76-cı Pskov desant-hücum diviziyasının 3 batalyonu və 106-cı Tula paraşüt-desant diviziyasının iki batalyonu yerləşdirilib.
Bu faktlar deməyə əsas verir ki, Rusiyanın rəsmi çevrələri Ukraynaya hücum planını inkar etsə də, onların söylədiklərinə inanmaq sadəlövhlük olar.
Politoloq Leyla Əliyeva da deyir ki, Rusiya bu ərazilərdə, daha çox icma arasında ciddi şəkildə qeyri-stabillik təhlükəsi yarada bilər. Sonra da o, beynəlxalq səviyyədə yeni bir problemin yaranmasında maraqlı olacaq: “Rusiya üçün Amerika və Avropa Birliyilə münasibətlərdə yeni, onun tərəfindən nəzarət olunan təhlükələrin yaranması sadəcə, beynəlxalq alver kartlarıdır. Bu baxımdan, Rusiya Ukraynaya hücum etməyəcəyini desə də, əsasən ölkəni vurmaq üçün qeyri-stabillik yaradacaq. Rusiya rəsmi dairələrinin bəyanatları bu mövqedən irəli gəlir”.
Nigar