Dilənçilər metropoliten ərazisinə buraxılmayacaq; metroda heç bir çəkilişə icazə verilməyəcək
Bakı Metropoliteninin stansiyalarındakı ticarət köşklərinin yığışdırılması orada ticarətlə məşğul olanlara böyük zərbə vurdu. Onların böyük bir hissəsi indiyə qədər paytaxtın ticarət mərkəzlərində yer götürə bilməyiblər. Metrodakı bütün dükanlar yığışdırılsa da, bu qərar “20 Yanvar” stansiyasına şamil edilməyib. Əvvəlcə buradakı dükanların da martın 27-də söküləcəyi bildirilirdi ki, amma göründüyü kimi, həmin tarix artıq geridə qalsa da, oradakı ticarət köşkləri fəaliyyətini davam etdirir.
“20 Yanvar”da çalışan ticarətçilər mətbuata açıqlama verməkdən imtina edirlər. Bakı Şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin yayımladığı açıqlamada bildirilib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib. Yəni, hazırda “20 Yanvar” stansiyasındakı keçiddə fəaliyyət göstərən ticarət obyektləri metropolitenin balansına aid deyil.
Metropolitendən də bu məlumatı təsdiqləyiblər. Belə olan halda, ortaya sual çıxır: bu ticarət köşkləri hansı qurumun balansındadır?
Metropolitenin stansiyaları arasında ən çox ticarət köşkləri məhz “20 Yanvar”dadır. Əgər digər stansiyalardakı dükanlar sıxlıq yaradırdısa, sərnişinlərin gediş-gəlişinə mane olurdusa və bu səbəbdən söküldüsə, bəs “20 Yanvar”da olanlar nədir? Nəzərə almaq lazımdır ki, “20 Yanvar” vətəndaşların ən çox istifadə etdiyi stansiyalardan biridir.
Bakı Metropolitenin yeni rəisi Zaur Hüseynov tabeliyindəki işçilərə və metroda fəaliyyət göstərən polislərə ciddi tapşırıq verib. “Bakı Metropoliteni” QSC-dən “azvision.az”a daxil olan məlumatda bildirilir ki, Z.Hüseynov metroya dilənçilələrin və səyyar satıcıların girişini qadağan edib.
Eyni zamanda bildirilir ki, metronun “Neftçilər” stansiyasında dilənçilərin çoxluğunu nəzərə alaraq, orada polislərin sayı artırılıb. Polislər və metro işçiləri artıq qaraçıların, səyyar satıcıların stansiyaya girişinə icazə vermirlər.
Zaur Hüseynov metropolitenə rəis təyin olunandan bəri ard-arda xeyli qadağa tətbiq edir. Metropoliten işçilərinin “virtualaz.org”a verdiyi məlumata görə, metro işçilərinə və polislərinə nəzarətin gücləndirilməsi üçün bir neçə gündür xüsusi göstəriş verilib. Metroya aid ərazilərdə istənilən növ çəkilişin qadağan olunduğunu bildirən yeni elanlar asılıb. Buna səbəb isə metro stansiyalarında və keçidlərində çəkilən şəkillərin son zamanlar sosial şəbəkələrdə və mətbuatda yer almasıdır.
Adının çəkilməsini istəməyən polis əməkdaşının dediyinə görə, polislərə nəzarəti gücləndirmək barədə ciddi göstəriş verilib: “Bir neçə gün əvvəl polis əməkdaşlarından birinin digərini iş vaxtı masaj etməsi səhnəsini əks etdirən fotoşəkil sosial şəbəkələrdə paylaşılıb. Həmin polis əməkdaşına da sərt xəbərdarlıq edilib. Başqa bir foto da çəkilərək yayılıb. Deyirlər ki, o fotonu isə metroda işləyən xadimələrin sökülən ticarət obyektlərindən ələ keçirdikləri malları satdıqları yerdə çəkiblər”.
Qeyd edək ki, Zaur Hüseynovun sonuncu qadağası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. “Facebook” istifadəçiləri yazırlar ki, texnikanın inkişaf etdiyi bir məqamda bu cür qərarlar absurddur: “Indi çoxları son model telefonlardan istifadə edir. Insanların qarşısını almaq çox çətindir”.
Ramin DEKO