İlham Əliyevÿmartın 25-də Haaqada III Nüvə Təhlükəsizliyi Sammitinin iclasında çıxış edib və Ermənistandakı Atom Elektrik Stansiyasının bağlanmasını tələb edib: “Ermənistanda 40 il öncə tikilən və istifadə müddəti başa çatmış Atom Elektrik Stansiyasının yaratdığı təhlükə bütün region və yaxın qonşular üçün böyük təhdiddir”.
“Metsamor” adlanan bu stansiyanın bağlanması tələbi ilk dəfə səslənmir. Müxtəlif QHT-lərimiz bu məsələni zaman-zaman qaldırıblar. Bizim rəsmilər və deputatlar da Avropa qurumlarında Ermənistandan ola biləcək bu təhlükəyə tez-tez diqqət ayırırlar. Hətta nə vaxtsa AŞ PA-ya 30 deputatın imzası ilə bir qətnamə layihəsi də təqdim edilmişdi.
Geniş baxsaq, “Metsamor” bizimkilərin sevimli mövzularındandır. Azərbaycan hakimiyyətinin təmsilçiləri və təbliğatçıları belə mövzuları sevirlər, çünki onların vətənpərvər görünmək üçün də, dərd-sərimizdən yayınmaq üçün də geniş imkanları var.
Bu mövzunun doğrudan da geniş çalarları var və bir çox həqiqətlərə “atom işığı” salır. Bəli, həqiqətən də “Metsamor”la bağlı təhlükə gümanları böyükdür. Bu barədə təkcə Azərbaycan tərəfi danışmır. Tez-tez bu məsələyə toxunan Türkiyə ekspertlərindən başqa, Gürcüstandan da eyni narahatlıqlar səslənir. Avropa Birliyi rəsmən bu stansiyanı az etibarlı hesab edir. AB və ABŞ bu stansiyanın təhlükəsizlik standartlarını artırmaq məqsədi daşıyan layihələrə kifayət qədər xərc çəkiblər, amma yenə də narahatlıqları sürməkdədir.
Amma “Metsamor”la bağlı ermənilərin özləri də həyəcan təbili çalır. Erməni ekspertləri, çevrə qoruyucuları çox real faktlarla bu AES-in başa bəla olacağını bəyan edirlər. Axı burada fəlakətin baş verməsi təkcə bizə toxunmayacaq və öncə Ermənistanın özünü vuracaq. Orada bunun fərqində olanlar var.
Ermənistan hökuməti isə dediyini deyir, stansiyanın hətta Yaponiyadakı AES-lərdən daha güvənli olduğunu bəyan edir, sözün qısası, nə yerli çağırışları, nə beynəlxalq tələbləri vecinə almır. Almaq da elə asan deyil, çünki ölkənin elektrik enerjisinə tələbatının 40%-ni “Metsamor” ödəyir. Korrupsioner, avtoritar, yalançı Ermənistan hökuməti onsuz da ölkəsini sosial bataqlığın ağuşuna gətirib. Ölkədə insan haqları pozulur, ədalətsizlik, monopoliya və oliqarxiya hökm sürür. Rusiyanın nökərinə çevrilmiş Ermənistan hakimiyyəti mahiyyətcə qorumağa saxladığı AES-dən az köhnəlmiş deyil. Bu rejim elə vəziyyət yaradıb ki, Ermənistan köhnə AES-ə ümidinə bağlayıb.
Köhnəlmiş “Metsamor” AES-in işıq saldığı həqiqət elə budur: onu köhnəlmiş rejim qoruyur və hətta bu stansiya sökülsə belə, həmin rejim təhlükə mənbəyi olaraq qalacaq. Məsələ ondadır ki, Ilham Əliyev köhnəlmiş və istifadə vaxtı bitmiş AES-in məsələsini qaldıranda da, bilməlidir ki, özünün hakimiyyəti də çoxdan köhnəlib.
Orta əsrlər idarəçilik və ağalıq düşüncəsi ilə Azərbaycanı idarə etmək çox təhlükəlidir. Korrupsiya, özbaşınalıq, inhisar, oğurluq real AES təhlükəsi kimi ölkəni təhdid edir. Neft gəlirlərini nə qədər gizlədə bilsə də, kiçik bir qrup varlansa da, əhalinin böyük qismi səfalətin içində və ya astanasındadır. Keyfiyyətsiz səhiyyə, özbaşınalıq, bahaçılıq, haqsızlıq və rüşvətxorluq hər bir adam üçün sanki AES təhlükəsinə çevrilib.
Bu vəziyyət nə qədər davam edə bilər? Bu gedişlə Azərbaycanı nə gözləyir? Gələcəyə inam varmı? Bu sualların arxasında AES qəzası yoxdur, amma çox ciddi təhlükə qorxusu gizlənib onların cavabında.