«Prezident məni qəbul etmədiyinə görə çox pərt oldum, dərin inciklik hissi ilə qayıtdım»
“Putinlə görüşməzdən əvvəl Ramiz Ənvəroviç Mehdiyevə zəng etdim və ona xəbər verdim ki, Rusiya prezidenti məni görüşə dəvət edib. Və sözün hərfi mənasında bunları dedim: ”Ramiz Ənvəroviç, mən sizə ona görə zəng etmişəm ki, xeyir-dua alım və Azərbaycan prezidentinin istəklərini eşidim”.
Bu fikirlər baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun “virtualaz.org” saytına silsilə müsahibəsinin sonuncu bölümündə yer alıb. Abbas Abbasovun sözlərinə görə, Ramiz Mehdiyevin ona deyib ki, Ilham Əliyevin Putindən heç bir istəyi yoxdur: “Sonra yenə zəng elədim və yenidən soruşdum, yenə eyni cavabı aldım. Və mən görüşə yollandım. Biz Putinlə Rusiyadakı qarşıdakı seçkiləri, azərbaycanlıların seçkiqabağı vəziyyətə münasibətini və ümumən seçkiqabağı vəziyyəti müzakirə etdik…
Bu görüşdən sonra mən müvafiq tapşırıq verdim və 14 gün ərzində biz azərbaycanlıların Moskvadakı Lujniki stadionunda təntənəli seçkiqabağı mitinqini təşkil etdik. Mitinqdə 10 mindən çox həmvətənimiz iştirak etdi. Bu mitinqə səfir Polad Bülbüloğlunu da dəvət etdim, ancaq o, mitinqdə iştirakdan imtina etdi. Tədbirin başlamasına bir neçə saat qalmış mən Məmməd Əliyevə (ÜAK-ın rəhbəri) bir daha zəng etdim, ancaq o da mitinqdə iştirakdan imtina etdi. Çox istəyirdim ki, Polad Bülbüloğlu orada çıxış etsin, axı orada bizim on minlərlə həmvətənimiz Putini dəstəkləmək üçün toplaşmışdı. Ancaq heç kim gəlmədi. Bu situasiyada nə etməli idim? Ancaq konsert keçirməli idim?! Çıxışsız? 15 il Azərbaycanın baş nazirinin birinci müavini olmuşam. Bəyəm mənim haqqım yoxdur ki, Rusiyada yaşayan azərbaycanlıların adından çıxış edim? Mən çıxış etdim. Mən Putinlə Ilham Əliyevin qarşılıqlı münasibətlərindən danışmışam, Rusiya-Azərbaycan münasibətlərinin qurulmasından bəhs etmişəm. Və siz necə fikirləşirsiniz? Bu aksiyanı Bakıda süngü ilə qarşıladılar. Heç bir Azərbaycan KIV-ində bu mitinqin təşkilatçısı və keçirilməsinin məqsədi barədə informasiya getmədi. Yenidən mənə çirkab atmağa başladılar”.
Abbas Abbasov bildirib ki, o, siyasi olmadığını bəyan etsə də, ona qarşı kampaniya aparılır, yaxınları təzyiqlərə məruz qalır: “Təsəvvür edin, Azərbaycanda bir çox quldurlar məni və ailəmi ölümlə hədələyir. Ancaq mən qorxmuram, çünki çoxlu yetirmələrim, nəvələrim və oğullarım mənimlədir. Ilham Əliyevlə niyə görüşmək istəyirdim? Istəyirdim ona deyim ki, qardaş, əzizim, millətimin və dövlətimin lideri, məni bu quldurlardan qoru. Axı mən də onların səviyyəsinə düşə və onların ailə üzvlərini, uşaqlarını hədələyə bilmərəm! Və prezident məni qəbul etmədiyinə görə çox pərt oldum. Mən dərin inciklik hissi ilə qayıtdım. Çünki bu adamlara ümid edirdim”.