“Bakı Ağır Cinayətlər Məhkəməsi Goranboy rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmar Əliyevə, şöbənin əməkdaşlarına və bir neçə orta məktəb direktoruna hökm oxuyub”,- “Azadlıq” radiosu xəbər verir.
Təqsirləndirilənlər 3 ildən 11 ilədək həbs cəzasına məhkum olunublar.
Elmar Əliyevin seyfindən 2 milyon 500 min manat pul və hazır attestatlar götürülmüşdü.
Binəqədi rayonunun hərbi komissarı Feyzi Ağabəyovun da həbs edildiyini “Azadlıq” qəzetinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Feyzi Ağabəyov komissarlıqda aparılan kompleks yoxlamalar nəticəsində həbs edilib. Belə ki, yoxlama zamanı hərbi komissarlıqda cinayət xarakterli xeyli fakt üzə çıxıb. Son nəticədə Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Idarəsi hərbi komissarın həbsinə sanksiya verib.
Qəzetlər bu həbs olunan adamların və ya başqalarının haqqında belə faktları açıqlayanda dərhal məhkəməyə verilir və yüksək məbləğdə cərimələnirdi. Indi də başqa bir məmur haqda eyni məzmunlu bir yazı gedərsə, yenə də eyni hal baş verəcək. Həmin məmur qəzeti məhkəməyə verəcək, müəllif və baş redaktorun həbsini, üstəlik də olmayan şərəf və ləyaqətinin tapdanmasına görə külli miqdarda təzminat tələb edəcək. Ha çığır, bağır, yaxanı cır, and iç, ağu yala… xeyri yoxdu. Çünki qəzetləri boğmaq üçün hər məqamdan istifadə olunmalıdı. Belə məqalələrdən isə gündə yüzlərlə yazmaq olar, istənilən kreslosu olan məmur haqda rüşvətxor, korrupsioner deyə yaza bilərsən, çünki almayan yoxdu. Ola da bilməz. Olsa ol şəxsdə vəzifə olmaz. Ona görə ola bilməz deyirəm ki, rejimin quruluşu belədi – almayanlar ya həbsə, ya vəzifədən alınır.
Vəzifəyə gələn rüşvət verib ona görə gəlmir ki, rüşvət almasın. Rüşvət vermək üçün borc götürdüyü adamların əlindən hara qaça bilər? Birinə parasını qaytarmalıdı, birinə vəzifə verməlidi, başqa birisinə də başqa bir şey.
Tanıdığım bir müdir var. 30 min manat verib, vəzifəyə gəlib. Özü imkanlı adam olub əvvəldən. Biznesmendi. Ölkədən qıraqda yaxınları var, onlar da imkanlıdı. Bu müdirin elə də müdirlik istedadı yoxdu – yəni çapsın, talasın, həm verdiyini çıxarsın, həm də özü qazansın. Yazıq talaya bildiklərinin üstünü də düzəldib əjdahaların ağzına atır, çatmayanda bir az da ölkə dışındakılara ağız açır. Məqsəd vəzifədə qalmaqdı. Nə vəzifəsinə görə gördüyü iş iş günündədi, nə sürdüyü ömür. Pis adam da deyil haqq üçün, ama o da bu cür manyakdı da. Vəzifədə olmaq…
Ancaq mənim bu gün demək istədiyim ayrı məsələdi.
Qardaş, onsuz da bu hakimiyyətin dönəmində vəzifə tutmuş hər kəs tutulacaq. Bu günü, sabahı var. Bu gün bunlar tutmasa, sabah gələnlər tutacaq. Çünki dövlət büdcəsinin talanmasını danmaq mümkün deyil. Bunu hər kəs bilir. Elə sabah sizinlə əlbir çalışanlar özləri sizin paxırınızı açacaq. Arxayın ola bilərsiz. Tülkü boğulanda balalarını ayağının altında qoyur. Demirəm ki, rüşvət almayın, korrupsiya ilə məşğul olmayın. Bu azar bu hakimiyyətin canından çıxan deyil. Vaxtı keçmiş xərçəng kimidi. Heç olmasa vicdanınızı oyaq saxlayın. Hakimiyyətdən olmayanlarla rəftarınızda quduz olmayın. Heç olmasa sabah haqqınızda bunu deyə bilsinlər: “Düzdü, o da rüşvət alırdı, ama heç vaxt siyasi oyunlara getmədi, hakimiyyəti tənqid eləyənlərlə cəllad kimi davranmadı. Nökər olmadı. Yalağa görə mənliyini, kişiliyini satmadı”.
Nə bilmək olar, bir də gördünüz, ümumi əfv də çıxdı..