Bəxtiyar Sadıqov Elnur Aslanovla bağlı sərəncamı qəzetə «Azərtac»ın göndərmədiyini dedi
Rəsmi qəzetlər “Azərbaycan”, “Xalq” və “Ruspublika” qəzetləri ölkə başçısı Ilham Əliyevin Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamını dərc etməyib. Qəzetin 18 mart tarixli sayında ölkə başçısının bir gün qabaqkı bütün sərəncam və fərmanları çap olunsa da, Elnur Aslanovun işdən çıxarılması haqda sərəncam onların sırasında yoxdur.
Məsələ ilə bağlı “Azərbaycan” qəzetin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxladıq. Bəxtiyar Sadıqov bildirdi ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya göndərilməməsidir. Belə ki, baş redaktorun sözlərinə görə, qəzet rəsmi xəbərləri “Azərtac” dövlət agentliyindən alır, həmin sərəncamı isə agentlik qəzetə göndərməyib.
Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamı “Azərtac” agentliyinin “Azərbaycan” qəzetinə göndərməməsinə gəlincə, bu barədə agentlikdən mövqe öyrənmək mümkün olmayıb. Lakin qeyd edək ki, agentlik sərəncamı martın 17-də öz saytında yerləşdirib.