Azərbaycanın Avrointeqrasiya siyasəti ictimai müzakirəyə çıxarıldı
Milli Şura ötən gün Avrointeqrasiya mövzusunda dinləmələr keçirdi. Tədbirdə bir sıra müxalifət partiyalarının təmsilçiləri, ziyalılar, ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi.
“Azərbaycan assosiativ sazişi imzalamalıdır”
“Contact.az”ın məlumatına görə, tədbirdə məruzəçi olan Milli Şuranın beynəlxalq məsələlər komissiyasının sədri Gültəkin Hacıbəyli Azərbaycanın Avropaya inteqrasiyasının alternativi olmadığını bəyan edib. O bildirib ki, Azərbaycan 2004-cü ildə Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” layihəsinə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” proqramına qoşulub. Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. Saziş vizaların sadələşdirilməsi, qanunsuz miqrantların qaytarılmasını nəzərdə tutur. Ukrayna hadisələrindən sonra Avropa İttifaqı ilə assosiativ saziş imzalanması da ictimai müzakirələrin mövzusudur: “Bu yaxınlarda Gürcüstan və Moldova Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacaq. Ukraynanın isə sazişdən imtina etməsi ölkədə azadlıq, demokratiya istəklərini birləşdirdi və xalq inqilab etdi. Azərbaycan da assosiativ sazişi imzalamalıdır”.
“Belarus da seçki sistemində Azərbaycandan irəlidədir”
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva bildirib ki, Azərbaycan strateji tərəfdaşlıq sazişi imzalamaqda maraqlıdır. Bu, modernləşmə sazişidir və tam başqa məzmundadır. Lakin Azərbaycan xalqının maraqlarına Avropaya tam inteqrasiyanı nəzərdə tutan assosiativ sazişin imzalanması cavab verir.
Dinləmələr boyu Azərbaycan iqtidarının son 20 ildə ölkəni Avropa dəyərlərindən geri sürüklədiyi, avtoritarizmə apardığı bildirilib. Leyla Əliyeva qeyd edib ki, Azərbaycanın indiki siyasi kimliyi avtoritarizmidir: “Amma yüz il öncə babalarımız Azərbaycanın siyasi kimliyini Avrointeqrasiyada görürdü. Azərbaycan “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə arasında yalnız Belarusdan irəlidir. Belarus da artıq seçki sistemlərində Azərbaycandan irəlidədir. Biz nəticə çıxarmalıyıq”.
Müzakirələr zamanı səslənən fikirlərdən biri də bu olub ki, keçmiş SSRİ məkanında Avropa dəyərləri uğrunda mübarizədə ən böyük zərbələri Azərbaycan alıb. Bunun müqabilində isə Avropadan ən az dəstəyi də Azərbaycan alıb. Avropa İttifaqı Azərbaycana münasibətdə demokratik dəyərlərə deyil, enerji əməkdaşlığına daha çox üstünlük verir.
“Respublikaçı Alternativ” (REAL) Hərəkatının Məclis sədri Erkin Qədirli də çıxış edib. O bildirib ki, Ermənistan artıq Rusiyanın tərkib hissəsinə çevrilməkdədir. Buna baxmayaraq, Avropa İttifaqının bu ölkəyə münasibəti hələ də dəyişməz qalır: “Azərbaycan əhalisinin gəlirinin böyük hissəsi Rusiyadan gəlir. Avropa İttifaqının Gürcüstanda və Azərbaycanda münaqişələrin həllinə təsiri hiss edilmir. Bu səbəblərdən Azərbaycan seçicisi düşünür ki, Avropa İttifaqına üzvlük Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək edəcəkmi? Avropa İttifaqının ölkənin demokratik qüvvələrilə əlaqələrinin zəifliyi seçiciyə ümid vermir”.
“Korrupsioner məmurlar pullarını Avropada saxlayır”
Ekspertlər və çıxış edənlərin hamısı Avrointeqrasiyanın alternativsizliyini qəbul etsə də, tənqidi çıxışlar da səslənib. Məsələn, tanınmış vəkil Aslan İsmayılov bildirib ki, Azərbaycanın korrupsioner, rüşvətxor məmurları pullarını nə Rusiya, nə də Çin banklarında saxlamır, onların var-dövləti Avropa və Amerika banklarındadır: “Sonra isə bu pulları Azərbaycan guya xarici investisiya kimi faizlə verirlər”.
“Demokratik qüvvələr xalqa çatdırmalıdır ki…”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan iqtidarı üçün yox, Azərbaycan xalqı üçündür: “Avropa İttifaqı assosiasiya sazişini Azərbaycana təqdim edib, indi seçim Azərbaycan xalqınındır. Demokratik qüvvələr Azərbaycan xalqına çatdırmalıdır ki, Avropaya inteqrasiya həyatınızı dəyişəcək, korrupsiyaya, rüşvətə son qoyacaq, ölkəni klanın, tayfanın əlindən alacaq. Avropa İttifaqının maraqları ilə Azərbaycan xalqının demokratikləşmə maraqları üst-üstə düşür”.
Müzakirələrdə Avrointeqrasiya prosesinin getdikcə güclənəcəyi qeyd edilib. Bildirilib ki, yaxın zamanlarda Avropanın maraqları ilə Azərbaycan iqtidarının maraqları toqquşacaq. Bu, 2015-ci ilə də təsadüf edə bilər.
“Avropaya inteqrasiya labüddür”
Filosof Əli Abbasov deyib ki, Avropa İttifaqına inteqrasiya qrup dövlətlər və ya region dəvlətləri səviyyəsində olanda təsirləri azalda bilər. Gürcüstanın, Ukraynanın interqasiya prosesləri bu mənada dərs ola bilər: “Gürcüstanda 2008-ci il böhranı da bir daha sübut etdi ki, təklikdə inteqrasiya mümkün deyil. Avropa İttifaqı, NATO da təklikdə inteqrasiyada maraqlı görünmür. Ona görə də birinci Cənubi Qafqaz ölkələri arasında, ikinci Avropa İttifaqı çərçivəsində və Rusiya çətiri altında inteqrasiya vacibdir. Birgə qəbul vahid səs olar. Avropaya inteqrasiya labüddür və artıq Avropanın coğrafi sərhədləri siyasi sərhədlərə çevrilir”.
“İlham Əliyev monopolist maraqlarını qoruyur”
Milli Şuranın sədri Cəmil Həsənli son dövrlər ölkədə Avropa dəyərlərinin bütün istiqamətlərdə geriləməkdə olduğunu qeyd edib: “Ölkədə 600 min ailə (2 milyondan çox insan) ünvanlı sosial yardım üçün müraciət edib, işçi əhalinin yarıdan çoxu ölkəni tərk edib. İlham Əliyev isə deyir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq daxili bazarı qorumaqdan irəli gəlir. Heç bir dövrdə talançılıq bu səviyyəyə qalxa bilməyib. Bunlar bazarı yox, öz monopolist maraqlarını qoruyur. Burada bazardan çox, kolxoz bazarından danışmaq olar”.
Milli Şuranın sədri Azərbaycanın hazırkı rejiminin tutduğu yolun xalqa və Avropa dəyərlərinə zidd olduğunu vurğulayıb: “Avropa İttifaqından xahişimiz odur ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləsin. Ukrayna sınaqdan uğurla çıxıb”.
Cəmil Həsənli Azərbaycanın Avrointerqasiya yolunu 100 il əvvəldən tutduğunu xatırladıb. Amma eyni zamanda, Avropa dövlətlərini də Azərbaycana münasibətlərinə görə qınayıb: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərində müşahidə etdikləri məntəqələrdə seçkilərin 58 faizinin saxta olduğunu bəyan edib. Bunun müqabilində Avropa İttifaqı və ya ATƏT-ə üzv olan azı 3-4 dövlət seçkinin nəticələrini tanımamalı idi. Bu mənada münasibətlər prioritet olsa idi, yaxşı olardı”.
***
Milli Şura Azərbaycanın Avrointeqrasiya siyasəti ilə bağlı bəyanatla da çıxış edib. Milli Şura bəyan edir ki, Avropa hüquqi, siyasi və iqtisadi məkanına inteqrasiya, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqli üzvünə çevrilməsi xalqımızın və dövlərimizin ali maraqlarına cavab verən ən düzgün strateji seçimdir və bu seçimin alternativi yoxdur. Bu təkcə bugünün yox, həm də tarixi keçmişimizin seçimidir:
“Hələ ötən əsrin əvvəllərində müsəlman Şərq tarixində ilk demokratik respublika yaratmaqla bütövlükdə dünya demokratiya tarixinin ən şanlı səhifələrindən birini yazmış qurucu babalarımız Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa ilə yaxınlaşmaqda və əməkdaşlıqda görürdü. ADR-in qurucuları cəmi 23 ay ərzində Azərbaycanı insan hüquqları və demokratiya standartları sahəsində hətta Avropanın bir çox ölkələrindən önə çıxarmağa müvəffəq oldular. Üstündən yüz il keçəndən sonra biz nəinki o standartları inkişaf etdirə bilməmişik, əksinə, bu gün ölkəmizin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları, ofşor sərvətlər, inhisarçılıq, qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur. Azərbaycanı bu rüsvayçı durumdan çıxarmaq və Azərbaycan insanını layıq olduğu həyata qovuşdurmağın ən optimal yolu ölkəmizin ən qısa zamanda Avropa siyasi, hüquqi və iqtisadi məkanına inteqrasiya etməsi və insan hüquqları, qanunun aliliyi, demokratiya, azad rəqabət və seçim kimi dəyərlər və prinsiplərin ölkəmizdə həyat normasına çevrilməsidir.
Milli Şura hakimiyyəti Təəssüf ki, öz hakimiyyət maraqlarını dövlətin və xalqın ali maraqlarından üstün tutan, korrupsiya və rüşvəti əsas idarəetmə mexanizminə çevirən, inhisarçılığa dəstək verməklə azad rəqabəti və daxili istehsalı boğan və bununla da vətəndaşların rifahını öz sərvət ehtirasına qurban verən Azərbaycan siyasi rəhbərliyi müxtəlif süni bahanələrlə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə daha sıx əməkdaşlığını əngəlləyir, bunun qarşılığında isə heç bir məsuliyyət tutumu olmayan, heç bir öhdəlik ehtiva etməyən mücərrəd Strateji Əməkdaşlıqdan söhbət açır. Daim Azərbaycanın analoqu olmayan inkişafından danışan hakimiyyət mənsubları Dünya Ticarət Təşkilatına üzvlük məsələsində ölkəmizi hələ inkişaf etməmiş, inkişafda olan ölkə kimi təqdim etməkdən belə çəkinmirlər.
Demokratik Qüvvələrin Milli Şurası olaraq biz, Azərbaycan siyasi rəhbərliyini xalqımızın və dövlətimizin ali maraqlarını öz şəxsi hakimiyyət maraqarının girovuna çevirmək siyasətinə son qoymağa çağırırıq. Azərbaycan ən qısa zamanda Avropa Birliyi ilə Assosiasiya və Azad Ticarət Sazişi imzalamağa hazırlanmalıdır. Bunun üçün Avropa Birliyi ilə əməkdaşlıq dərinləşməli, Avrointeqrasiya siyasətinin zəruri şərtləri olan köklü demokratik islahatlar həyata keçirlməlidir. Azərbaycan xalqı daha yaxşı rifaha, daha şəffaf idarəetməyə, tərəqqiyə və inkişafa, daha azad və demokratik cəmiyyətə və Avropa xalqları ailəsinin bərabər hüquqlu üzvü olmağa layiqdir. Xalqımız tezliklə bu haqqına qovuşmalıdır və qovuşacaqdır”.