ABŞ Liviyaya xüsusi nümayəndə göndərdi; diktatorun yaxın silahdaşı Haaqa tribunalında
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlar davam edir. Ingiltərə hərbi dairələri ötən gün açıqlama yayaraq, koalisiya qüvvələrinin Misrata və Siirt şəhərləri yaxınlığın- dakı Qəzzafi rejiminin hədəflərinə hava zərbələri endirdiyini bildirib. NATO təmsilçiləri də Liviya üsyançılarının sərt tənqidindən sonra ölkənin üçüncü ən böyük şəhəri olan Misratada dinc sakinlərin qorunması üçün əllərindən gələni edəcəklərini söyləyib.
Bir müddət əvvəl Qəzzafi diktaturasına qarşı savaşan üsyançıların lideri general Əbdül Fəttah Yunis NATO qüvvələrinin Liviyada dinc sakinləri qorumaq məqsədilə həyata keçirdiyi hava əməliyyatlarının ləng getməsindən şikayətlənmişdi.
Generalın sözlərinə görə, NATO-nun Qəzzafi rejiminə qarşı əməliyyatlara bir qədər gec başlaması Misrata şəhərindəki dinc vətəndaşların diktatora bağlı silahlılar tərəfindən qətlə yetirilməsinə imkan yaradıb.
Davudoğlu üsyançılarla görüşdü
Bu arada, Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Qətərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Müəmmər Qəzzafi rejiminə qarşı mübarizə aparan Liviya müxalifətinin təmsilçilərilə görüşüb. Benqazi şəhərində qurulmuş Milli Keçid Hökumətinin xarici əlaqələr üzrə nümayəndəsi Mahmud Cibrillə aparılan danışıqlar barədə geniş açıqlama verilməyib.
Diktatorun həbsinə order veriləcək
Haaqa Məhkəməsinin prokuroru Lui Moreno Okampo Liviya diktatorunun, ölkəsində iğtişaşlar başlamamışdan əvvəl insanların kütləvi şəkildə qətlə yetirilməsini planlaşdırdığını bildirib. Bununla əlaqədar Müəmmər Qəzzafi və onun ailə üzvlərinin həbsinə order verilə bilər.
Okamponun sözlərinə görə, Müəmmər Qəzzafi Tunisdə çevriliş baş verəndən sonra bu qərarı qəbul edib. Mülki əhalini qətlə yetirməklə Liviya hakimiyyəti qorxu mühiti yaratmağa ümid bəsləyib. Prokuror, yaxın bir neçə gün ərzində Müəmmər Qəzzafi, onun oğulları və yaxınlarının həbsinə dair order veriləcəyini söyləyib.
Qəzzafinin “sağ əli” Haaqa tribunalında ifadə verdi
Bundan başqa, dünən yayılan məlumatlara görə, Qəzzafinin ən yaxın silahdaşı, keçmiş xarici işlər naziri Musa Kusa Haaqa tribunalına çağırılaraq ondan ifadə alınıb. Diktatorun “sağ əli” sayılan Kusadan alınan ifadənin kimə qarşı yönəldiyi haqda heç bir açıqlama verilməyib.
Diktatorun törətdiyi tükürpədici cinayətlər
Ötən gün Liviya diktatorunun törətdiyi cinayətlərin bir hissəsini sübut edəcək dəlillər ortaya çıxıb. Qəzzafiyə bağlı silahlıların həbs olunan müxalifət tərəfdarlarına qarşı işgəncələrini əks etdirən fotolar yayımlanıb.
Fotolar paytaxt Tripolidən 50 km. qərbdə yerləşən Zaviyə şəhərindəki polis bölməsinin ikinci mərtəbəsində yerləşən otaqlardan birində çəkilib. Bəzi fotolarda işgəncəyə məruz qalmış cəsədlər, digərlərində isə yarıçılpaq vəziyyətdə bədənində müxtəlif yaralar olan həbs olunan şəxslərin görüntüsü öz əksini tapıb.
Gözü dönmüş diktator Obamaya nə yazıb?
Dünən günün ikinci yarısında Liviya diktatoru Müəmmər Qəzzafinin ABŞ prezidenti Barak Obamaya məktub göndərməsi haqda məlumat yayıldı. “Reuters” agentliyinin xəbərinə görə, Qəzzafinin Obamaya ünvanladığı məktubun mətni məlum deyil. Liviya mətbuatı isə yazır ki, diktatorun Ağ ev rəhbərinə yolladığı məktubda Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların dayandırılması və dinc hakimiyyət dəyişikliyinə imkan yaradılması təklif olunub.
Bundan başqa, Obama administrasiyası Qəzzafinin istefaya getməsi üçün bütün səylərini səfərbər edib. Yayılan məlumatlara görə, keçmiş konqresmen Kurt Ueldon Qəzzafi rejiminin dəvətilə Liviyada səfərdədir. Konqresmen diktatorun hakimiyyətdən getməsi və Liviyadakı gərginliyin azalması üçün diplomatik variantları işə salacaq.
Daha bir ərəb ölkəsi Qəzzafiyə qarşı
Qəzzafi rejiminə qarşı koalisiyaya dünən daha bir ərəb ölkəsi qoşulub. Iordaniyanın xarici işlər naziri Nəsir Caudun sözlərinə görə, Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Liviyadakı dinc sakinlərin qorunması məqsədilə aparılan əməliyyatlarda iştirak edəcək.
Nazir qırıcıların sayı barədə dəqiq məlumat verməsə də, bildirib ki, Iordaniya hökuməti Qəzzafi rejiminə qarşı əməliyyatlara əlavə dəstək verə bilər. Iordaniyanın “Petra” agentliyinin yaydığı məlumata görə, Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar və hərbi helikopterlər artıq Benqazi hava limanındadır.
Turan