Vətəndaşlar evlərinə görə bazar qiymətlərinə uyğun kompensasiya tələb edir
Bakının Yasamal rayonundakı 173 nömrəli orta məktəbin qarşısında “Sovetski” sakinlərinin dünənə təyin etdiyi aksiya təxirə salındı.
Dünən saat 12:00-a təyin olunan aksiya hələ başlamamışdan əvvəl mülki geyimli polislər ərazini mühasirəyə almışdılar. Etirazçılar isə ara məhəllələrdə aksiyanın başlanma saatını gözləyirdilər. Aksiyanın başlanmasına təxminən yarım saat qalmış təşkilatçılardan xəbər gəldi ki, “Sovetski” ağsaqqalları gənclərin aksiya keçirməyini istəmirlər. Onlar hökumətə martın 3-nə kimi vaxt verildiyini və indiki vəziyyətdə aksiya keçirməyin yersiz olduğunu söyləyiblər.
Onu da qeyd edək ki, “Sovetski”də söküntü işləri fevralın 18-dən dayandırılıb. Səbəb isə burada yaşayan sakinlər, eləcə də obyekt sahiblərilə Bakı Şəhər Icra Hakimiyyəti arasında kompensasiya məsələsilə əlaqədar razılığın əldə olunmamasıdır. Vətəndaşlar mülklərinin hər kvadratmetrinə görə 3-4 min manat tələb edirlər. Ancaq bəzi sakinlər, daha çox da mənzilinin sahəsi az olanlar hökumətdən ev tələb edirlər.
“Sovetski”dəki söküntülərdən daha çox obyekt sahibləri narazıdır. Onlara kvadratı 800-1000 manatdan kompensasiya veriləcəyi deyilib. Bu da təbii ki, haqlı narazılığa səbəb olub.
Sakinlərdən onu da öyrəndik ki, ayrı-ayrı tikinti şirkətlərinin nümayəndələri vətəndaşlarla söhbət edir. Həmin şəxslər mənzil sahiblərinə kvadratı 1500 manatdan pul təklif edirlər. Kiminsə mənzilinin sahəsi böyükdürsə, bununla razılaşır, söküntü növbəsinin ona çatacağını gözləmir.
“Sovetski” camaatı deyir ki, onlar həmin ərazidə söküləcək evlərin yerində park salınacağına inanmırlar. Onların sözlərinə görə, artıq bəzi yerlərdə inşa olunacaq hündür mərtəbəli binaların özülü qoyulub.
“Bu, yalan məlumatdır. ”Sovetski”də park salınacaq, yollar genişlənəcək, ancaq göydələnlər də ucaldılacaq. Çünki burada mənzillərin qiyməti bahadır. Bəzi məmurlar bu cür fürsəti əldən verməzlər. Yeni tikilən binalarda təmirli mənzillərin kvadratı 5 min manatdan aşağı deyil. Kim belə qazancı itirər? Camaata 1500 manatdan pul verəcəklər, satanda 5 min manata satacaqlar”, – deyə sakinlər bildirirlər.
“Sovetski”də söküntü işləri hələ ki, ancaq Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı ərazidə aparılıb. Orada bir neçə ev və obyekt sökülüb.
Qeyd edək ki, baş nazirin müavini Abid Şərifov ərazinin köçürülməsi üzrə komissiyanın sədri təyin edilib. Sonuncu dəfə fevralın 18-də 150 nömrəli məktəbdə “Sovetski” məhəlləsinin sakinlərilə keçirilən görüşdə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və başqa dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev mətbuata açıqlamasında deyib ki, martın 3-də sakinlərlə yenidən görüş olacaq, bütün təkliflərə, vətəndaşların qaldırdıqları məsələlərə ətraflı izah və cavab veriləcək. Sakinlərin kompensasiyanın məbləğindən narazılığı barədə danışan icra başçısı bildirib ki, bir kvadratmetrə 1500 manat kompensasiya verilməsi ədalətli yanaşmadır: “Amma ”Sovetski”də sahəsi kiçik olan xeyli ev var. Kiçik evlərin sahiblərinə ödəniləcək kompensasiyanın məbləği də az olacaq və başqa yerdə mənzil almağa çatmayacaq. Bunun əsas səbəbi yeni tikilən binalarda mənzillərin sahəsinin geniş olmasıdır. Bir otaqlı mənzillər 40 kvadratmetrdən kiçik olmur. Bütün bunları nəzərə alaraq, komissiya sədri Abid Şərifova paket şəklində təkliflər verildi. Hökumət təklifləri araşdırır, məsələlərin həlli üçün yollar axtarılır, imkanlar nəzərdən keçirilir. Rayon Icra Hakimiyyətinin səlahiyyətləri, imkanları çox məhduddur. Belə məsələləri təkbaşına həll edə bilmərik. Amma hökumətin səlahiyyətləri, imkanları böyükdür. Məsələ dərindən araşdırılır, təkliflər qiymətləndirilir. Sakinlərə cavab veriləcək”.
Icra başçısı onu da deyib ki, kim kompensasiyanın məbləğindən narazıdırsa, evində yaşamaqda davam edə bilər.
Ramin DEKO