BDU-nun tələbələri “Universitetdə zorakılığa son qoyun!” şüarı ilə aksiya keçirir
Bakı Dövlət Universitetinin (BDU) tələbələri rektor Abel Məhərrəmovun əleyhinə “Universitetdə zorakılığa son qoyun!” adlı imzatoplama kampaniyasına başlayıb. Bu barədə məlumatı faktxeber.com yayıb.
Dövlət başçısına ünvanlanan sənəddə bildirilir ki, BDU-nun rektoru Abel Məhərrəmovun muzdurları öz haqqını tələb edən tələbəni universitetin akt zalındaÿ döyərək, onu naməlum istiqamətə aparıblar: “Bu kimi hallara dərhal son qoyulmalıdır, çünki bura bazar deyil, təhsil müəssisəsidir.
Öz haqlarını tələb edən Hüseyni Qarasulunu sərt şəkildə döyüblər. Bundan sonra həmin müəllim başqa tələbələri də təhdid edib”.
Tələbələr Abel Məhərrəmovun dərhal işdən azad edilməsi tələbini irəli sürüblər: “Biz tələb edirik ki, bu müəllim Universitetdən qovulsun və öz hüquqları uğrunda mübarizə aparan tələbələrə bir daha toxunulmasın. Bizə qarşı bu cür münasibətə son qoyulsun. Son! Son! Son!”.
Modern.az-ın məlumatına görə isə etirazçı tələbələrə cavab olaraq BDU-nun digər tələbələri rektor Abel Məhərrəmova dəstək kampaniyasına başlayıblar. Onlar Bakı Dövlət Universitetində aparılan islahatları dəstəklədiklərini, universitetdə təhsilin inkişafı üçün görülən işləri yüksək dəyərləndirdiklərini bildirirlər: “Abel Məhərrəmova dəstək- təhsilimizin bu gününə və gələcəyinə dəstək deməkdir”, – deyə kampaniyada bildirilir.
“Azadlıq”a daxil olan məlumata görə, kampaniya Abel Məhərrəmovun özü tərəfindən təşkil edilib. Rektor BDU-da baş qaldıran etirazlardan təşvişə düşərək bu addımı atıb.
Yeri gəlmişkən, Abel Məhərrəmovun tələbələrlə BDU-dakı görüşündə təhsil nazirinin müşaviri Ilham Pirməmmədova kobud cavabı Təhsil Nazirliyində mənfi qarşılanıb. Bildirilir ki, təhsil naziri Mikayıl Cabbarov bu məsələni yuxarı dairələrin diqqətinə çatdırıb. Qeyd edək ki, Abel Məhərrəmov görüşü tələsik yekunlaşdırmaq istəyib və bu zaman Ilham Pirməmmədova “mənim görüşlərim var, siz bekarsınızsa onların suallarına qulaq asın” deyib.
Xatırladaq ki, fevralın 20-də BDU-nun tələbləri kəsrlərə görə pul yığılmasına etiraz olaraq aksiya keçirib. Fevralın 21-də Abel Məhərrəmov onlar görüş keçirib. Lakin görüşdə rektor etirazçı tələbələrin problemlərini dinləmək əvəzinə onları hədələyib.