Vəfa Quluzadə: «Qarabağın Kipr problemi kimi həll edilməsi mümkün deyil»
AƏTT-in Amerikalı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfəri müəyyən suallar doğurmaqdadır. Rəsmi orqanlar həmsədrin səfərin Türkiyənin regional münaqişələrə münasibətinin öyrənilməsi məqsədi daşıdığını bəyan ediblər. Amma səfərin səbəbləri ilə bağlı izahatlar müxtəlif cürdür. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov Qarabağ münaqişəsində Türkiyənin və ABŞ-ın iştirakını şərh edərkən deyib ki, Amerikanın məqsədi separatçı rejimi Qarabağ danışıqlarına cəlb etməkdir.
C.Uorlikin Türkiyəyə səfərinə diqqət çəkən ekspert vurğulayıb ki, Azərbaycanın bu səfərə son dərəcə ehtiyatla yanaşdığı məlum məsələdir. Tarasov qeyd edib ki, buna əsas səbəb Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllini Kipr problemi ilə müqayisə etməsidir.
Onu da qeyd etmək yerinə düşər ki, ABŞ-dan olan həmsədr Qarabağ konfliktini Kipr problemi ilə müqayisə edərək problemin həllində Kipr variantının mümkün ola biləcəyini bildirib.
Politoloq Vəfa Quluzadənin fikrincə, əgər C.Uorlikin belə bir niyyəti varsa, bu Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz. ABŞ-ın dəfələrlə Qarabağ probleminin həlli yolunu necə gördüyünü açıqladığını deyən V.Quluzadə bildirdi ki, hazırda ABŞ Qarabağ probleminin həlliylə ciddi məşğul olmur: «ABŞ və BMT Ermənistanı təcavüzkar dövlət kimi tanıyıblar. BMT-nin bununla bağlı sanksiyaları var. Ola bilsin ki, indi ABŞ-dan olan həmsədrin qulağına ermənilər nəsə pıçıldayıb və o, ona görə Qarabağ probleminin həllini Kipr ilə müqayisə edir. Onu da nəzərə almaq lazımdır ki, Uorlik hələlik öz postunda yenidir. Bir müddət keçdikdən, o təcrübə topladıqdan sonra düşünürəm ki, bu cür ideyaların reallaşmasının mümkünsüz olduğunu anlayacaq».
V.Quluzadə eyni zamanda onu da bildirdi ki, Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində razılıq vermədiyi variant müzakirə predmeti ola bilməz. Rusiyanın uzun müddət Qarabağı Azərbaycana tərəf kimi tanıtmağa çalışdığını deyən V.Quluzadə bildirdi ki, Rusiyanın bu arzusu həmişə rədd edilib: «Necə ola bilər ki, Rusiyanın ciddi təzyiqləri qarşısında Qarabağı tərəf kimi qəbul etməyən Azərbaycan indi Amerikanın bu istiqamətdəki təzyiqlərini qəbul edəcək. ABŞ ciddi dövlətdir və Rusiyanın metodlarından heç zaman istifadə etməz. ABŞ və BMT Qarabağın erməni və azərbaycanlı əhalisini maraqlı tərəf kimi tanıyır. Məsələnin bu nöqtədən irəliləməsi mümkün deyil».
ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinin Türkiyəyə gəlişinə gəlincə isə V.Quluzadə hesab edir ki, Ankara münaqişənin həllində aktiv rol oynaya bilər. Amma Türkiyə bu məsələni Ermənistanın istədiyi kimi həll etməyəcək: «Birincisi Türkiyənin belə bir imkanı yoxdur. Türkiyə Azərbaycandan Qarabağ ermənilərini tərəf kimi tanımasını istəməz. Ona görə mətbuatın bu barədə yazdıqları reallığa uyğun deyil».
Xəyal