«Qlobal demokratik proses Ukraynadan sonra Azərbaycan sərhədlərinə çatacaq»
Fuad Qəhrəmanlı: «Azərbaycanın Avropa Birliyinə inteqrasiyası hakimiyyət dəyişikliyindən keçir»
Dövlət başçısı Iham Əliyev fevralın 5-də “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramının icrasına həsr olunmuş konfransda yenə məmurlara xəbərdarlıq etdi. Amma budəfəki xəbərdarlıqda diqqət çəkən bir sıra məqamlar var idi. I.Əliyev məmurları vətənə sədaqətli olmağa, xarici təsirlərə uymamağa səsləyib. Maraqlıdır ki, I.Əliyev ilk dəfə idi ki, bu məzmunlu çağırış edirdi. Belə bir bəyanatın meydana gəlməsinin səbəbi nədir? AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlıya bu və gündəmdə olan digər sualları ünvanladıq.
“Əliyevin xarici təsirlərlə bağlı xəbərdarlığı səbəbsiz deyil”
– Deyərdim ki, Ilham Əliyevin bu xəbərdarlığı heç də əsassız deyil. Çünki qlobal demokratik proses Ukraynadan sonra Azərbaycan sərhədlərinə çatacaq. Belə bir şəraitdə daxildə heç bir ideoloji, mənəvi bağlılığı olmayan, yalnız korrupsiya maraqları zəminində bir arada olan qruplaşmaların xalq və dünya birliyi ilə getdikcə artan qarşıdurmada rejimə nə zamana qədər sədaqətli olacaqları Ilham Əliyevi narahat edir. Çünki hakim komanda hələ nə xalqın, nə də Qərbin Ukraynada olduğu kimi kəskin müqaviməti faktı ilə qarşılaşmayıb. Belə bir situasiya yaranacağı təqdirdə böyük maliyyə resurslarına sahib oliqarxların özlərinin və iqtisadi imkanlarının təhlükəsizliyinə görə Ilham Əliyevdən kənarda öz gələcəklərinə təminat axtarmaları qaçılmazdır. Təbii ki, bu da rejimin demokratik proseslərə müqavimət imkanlarını içəridən zəiflədə bilər. Ona görə də oliqarxlara bu cür xəbərdarlıq edilir. Ancaq bu xəbərdarlıqlarla labüd prosesin qarşısını almaq mümkün deyil. Çünki belə işlər leqal görülmür və hakimiyyətdəki oliqarxlar arasında bu rejimə idealistcəsinə bağlı olan kimsə yoxdur.
– İlham Əliyev çıxışı zamanı müxalifətin ünvanına bir sıra ittihamlar da səsləndirib. Son prezident seçkisinin müxalifətin sonu olduğunu deyən Ilham Əliyev demokratik düşərgəni xarici qüvvələrə işləməkdə suçlayıb. Son seçkiləri müxalifətin sonu kimi dəyərləndirən prezident seçkini “müxalifətin rəzalət zirvəsi” adlandırıb…
– Son prezident seçkiləri cəmiyyətin seçki institutuna maraq və inamının itdiyi bir şəraitdə keçirildi. Ancaq buna baxmayarq təqribən iyirmi faiz civarında insan seçkiyə gəldi və əksəriyyət də Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verdi. Seçkidə iştirak edən insanların səs verməyə gəlməsinin səbəbi Milli Şuraya və onun namizədi Cəmil Həsənliyə inamla bağlı idi. Ancaq hüdudsuz maliyyə imkanlarına, inzibati və təbliğat resurslarına baxmayaraq, əhalinin iyirmi faizinin iştirak etdiyi seçkidə Ilham Əliyev ona səs verə biləcək seçici kütləsini ortaya çıxara bilmədi və seçkini total şəkidə saxtalaşdırmağa məcbur oldu. Bu, təkcə müxalifətin irəli sürdüyü iddia deyil, yerli və beynəlxalq müşahidəçilərin gəldiyi yekdil rəydir. Beynəlxalq səviyyədə seçkiyə qiymət vermək mandatına sahib olan əsas təşkilat ATƏT sayılır. Bu təşkilatın yekun rəyində seçkilərin 58 faizinin saxtalaşdırıldığı bildirilirdi. Heç bir Qərb dövləti seçki nəticələrini legitim saymadı, beynəlxalq səviyyədə nəticələr tanınmadı. Əgər ATƏT, Avropa Birliyi, ABŞ və digər Qərb dövlətləri seçkinin saxtalaşdırıldığını deyirlərsə, bu, müxalifətlə olan bağlantıya, əlaqəyə görə deyil. Bu münasibət demokratik prosesə görədir. Buna görə müxalifət xaricə işləməkdə ittiham olunursa, o zaman Rusiyanın, Iranın seçki nəticələrini tanımasını necə izah etmək olar? O zaman iqtidar etiraf etməlidir ki, iqtidar da Rusiyaya, Irana işləyir. Onu da nəzərə almaq lazımdır ki, Qərbdən fərqli olaraq bu dövlətlər məsələyə demokratik prinsiplərə görə deyil, öz maraqlarına uyğun münasibət bildiriblər. Demək, bu rejimin davam etməsi onların maraqlarına uyğundur. Müxalifətin sonu ilə bağlı iddiaya gəldikdə isə, bunun da əsası yoxdur. Seçkidən sonra Milli Şuranın keçirdiyi mitinq kütləvi oldu və cəmiyyətdə ruh düşkünlüyünün yaranmadığını göstərdi. Deməli, Milli Şuranı cəmiyyətin dəstəklədiyi və beynəlxalq birliyin də demokratik tələbləri müdafiə etdiyi təsdiq olundu. Bu əslində müxalifətin mənəvi qələbə qazandığını, demokratik prosesi uğurla davam etdirmək imkanlarının olduğunu göstərdi. Bu gün artıq gənclər, vətəndaş cəmiyyəti institutları, ziyalılar demokartik prosesə kütləvi şəkildə qoşulurlarsa, bu, müxalifətin arealının böyüdüyünü göstərir. Eyni zamanda getdikcə daha çox insan həyat şərtlərinə görə müxalif fikrin daşıyıcılarına çevrilirlər.
Ya islahat, ya da xalqla və Qərblə qarşıdurma…
– Ukraynadakı proseslər Azərbaycanda da diqqətlə izlənilir. Ukrayna və Azərbaycan AB ilə əməkdaşlıqda yaxın ölkələr sayılırlar və Ukraynadan sonra növbənin Azərbaycana çatacağı bildirilir. Amma Azərbaycan hakimiyyəti bu əməkdaşlığa qarşı dirəniş göstərir. Bu siyasət nə vəd edir?
– Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”na daxil olan Gürcüstan və Moldova artıq assosiasiya sazişini imzalayıb. Ukraynada baş verənlər də onu göstərir ki, bu ölkə hakimiyyət dəyişikliyinə gedir. Hətta Yanukoviç iqtidarda qalsa belə, bir ildən sonra yeni seçkilərdir və xalqla qarşıdurmadan sonra onun seçilmək şansı qalmayıb. Demək, Ukraynanın da AB-yə inteqrasiyası həllini tapacaq. Bundan sonra AB-nin gstrateji enişlənmə strategiyasında əhəmiyyətli ölkə kimi bütün diqqət Azərbaycana yönələcək. Bu, nəhəng geopolitik bir layihədir. Məqsəd Rusiyanın mühasirəyə alınaraq qlobal gücdən regional güc həddinə salınması, AB-nin Avrasiya bölgəsində əsas güc mərkəzinə çevrilməsidir. Bununla bərabər ABŞ-ın Rusiya, Çin və Iran üçbucağına qarşı Avrasiyada liderliyinin təmin edilməsi prosesidir. Təsəvvür edin, Azərbaycan iqtidarı bu prosesin qarşısını necə durdura bilər? Üstəlik, nəzərə alsaq ki, bu, təkcə geopolitika məsələsi olmayıb, Azərbaycan xalqının da iqtisadi və təhlükəsizlik maraqlarının tələbidir. Belə bir şəraitdə hakimiyyətin iki seçimi var. Ya özü qabağa düşüb islahatların yolunu açmalı, ya da ki, xalqla və dünya birliyi ilə qarşıdurmaya gedərək, ilk növbədə özlərini, sonra da cəmiyyətimizi təhlükəli risqlərə atmalıdır. Ilham Əliyev Davosda bildirdi ki, o, assosiasiya sazişinin imzalanmasını istəmir. Demək, indidən Qərb də o mesajı aldı ki, bu hakimiyyətlə assosiasiya sazişini imzalamaq mümkün olmayacaq. Azərbaycanın AB-yə inteqrasiyası üçün ya güclü daxili təzyiqlər olmalı, ya da ki, hakimiyyət dəyişikliyi baş verməlidir. Ona görə də Ukraynadakı proseslərin uğurla yekunlaşmasından sonra Azərbaycanda artıq status-kvonu saxlamaq cəhdi risqli bir siyasətə çevriləcək.
“İntiharlar cəmiyyətin kəskin reaksiyaya hazır olmasının anonsudur”
– Cəmiyyyəti hazırda narahat edən problemlərdən biri də baş verən kütləvi intiharlardır. Bu intiharları doğuran səbəblər nədir?
– Bu çox təhlükəli prosesdir. Ilk növbədə buna insan faciəsi kimi baxmaq gərəkdir. Bu intiharların səbəbi mənəvi deqradasiya, psixoloji pozğunluq və ya depressiya deyil. Bu, birbaşa sosial ədalətsilik, insanların üzləşdikləri qanunsuzluq və haqsızlıqdır. Cinayət Məcəlləsində insanı özünü ödürmək həddinə çatdırması cinayət sayılır, eyni qaydada da insanları özünü öldürməyə vadar edən yarıtmaz idarəçilik və siyasət də artıq hakimiyyətin cinayətkar mahiyyətini göstərir. Amma məsələ bununla bitmir. Hakimiyyət uzun müddət özünü ona görə arxayın aparıb ki, azərbaycanlıların kəskin reaksiyalar verə biləcəyinə inanmayıb. Ancaq bu intiharlar, özünü yandırmalar situasiyanın dəyişdiyini göstərir. Demək, bu ölkədə artıq həyat elə bir hala düşüb ki, insanların ölüm qorxusu qalmayıb. Kim təminat verə bilər ki, özünü öldürmək həddinə çatmış bir şəxs, ona zülm edən məmuru da eyni üsulla cəzalandırmaq fikrinə düşməyəcək. Həyatdan imtina etməyə hazır olan insanları zorakılıq, güc yolu ilə nəzarətdə saxlamaqmı olar? Ona görə də bu intiharlara cəmiyyətin kəskin reaksiyalar verməyə hazır olduğunun anonsu kimi baxmaq gərəkdir.
– Son vaxtlar radikal dini təşkilatlar “Meşə qardaşları” və “Ceyşullah” Azərbaycan iqtidarına qarşı silahlı mübarizəyə başlayacaqlarını bəyan etdilər. Bu arada Suriyada həlak olan azərbaycanılıarla bağlı çoxsaylı xəbərlər gəlir. Sizcə, bu xəbərdarlığın real nəticələri ola bilərmi?
– Əvvəlla, ən mükəmməl təhlükəsizlik strukturları və kadr potensialı olan dövlətlər belə özlərini tamamilə terror təhlükəsindən sığortalaya bilmirlər. Bu halda Azərbaycan kimi korrupsiyalaşmış, çox işlərin rüşvətlə görülə bildiyi, hansı strukturda çalışmasından asılı olmayaraq kadrlar arasında koorporativ maraqların daha önəmli tutulan ölkədə terror riski daha böyükdür. Terror fəaliyyətlərinə pərdəarxası dəstək verən güc mərkəzlərinin bu sahədə daha təcrübəli və üstün imkanlara sahib olmasını da nəzərə almaq lazımdır. Bu günə qədər ona görə terror təhlükəsi qabarıq görünməyib ki, ölkəmizə münasibətdə qlobal güclər arsında müəyyən tarazlı yanaşma olub. Ancaq indi bu tarazlıq pozulub və geopolitik ziddiyyətlər güc mərkəzləri tərəfindən terror və digər məsələlərlə bağlı qərarların verlməsinə səbəb ola bilər. Terror sadə məsələ deyil və bu sahəyə bələd olan hər kəs bilir ki, əksər vaxtlarda bu cür işlərin arxasında xüsusi xidmət orqanları dayanır. Digər tərəfdən isə demokratik institutların sıradan çıxarıldığı, hüquq və ədalətin işləmədiyi cəmiyyətdə radikal mübarizə həmişə özünə tərəfdarlar tapır. Bu baxımdan iqtidarın apardığı siyasət məhz radikal mübarizənin bəslənməsinə xidmət edir. Demokratik mübarizə zor və repressiya qarşısında nəticəsiz qalanda o zaman radikal mübarizənin təbliği və ictimai dəstək görməsi üçün zəmin yaranır. Digər tərəfdən, Suriyada xeyli sayda azarbaycanlının döyüşməsi faktı da onu göstərir ki, artıq radikal mübarizə üçün yararlı olan xeyli sayda öz vətəndaşımız var. Cəmiyyətdə kəskin qütbləşmə, əzənlər və əzilənlər yoxsa, ədalətsizlik və haqsızlıq insanları cana doyurmayıbsa, o zaman terrorun vermək istədiyi mesajlar rədd olunur. Ancaq əks halda çox təhlükəli bir vəziyyət yarana bilər.
“Milli Şuradan gedənlər ictimai etimadı itiriblər”
– Bir də son günlər diqqəti çəkən proseslərdən bir də Milli Şuradan bəzi istefaların olmasıdır. Sizcə, bu, MŞ-nin fəaliyyətinə təsir edəcəkmi?
– Milli Şura formatı ökədə demokratik dəyişikliklər üçün birgə çalışmaq istəyən qüvvələrin birliyini ehtiva edir. Cəmiyyət gördü ki, iqtidar 2013-cü il seçkilərində üzləşdiyi çətin vəziyyətlə 2015 seçkilərində qarşılaşmamaq üçün Milli Şuranı dağıtmaqdan ötrü hər şeyə getdi. Ancaq bu alınmadı. Milli Şuradan gedən Müsavat Partiyası Novxanıda Rəsulzadənin yubiley tədbirində 60 nəfərlə iştirak etdiyi halda, çovğun və şaxtaya baxmayaraq Milli Şura böyük izdihamlı aksiya keçirdi. Demək, əsas güc yerində qalır. Bu onu göstərdi ki, Milli Şuradan gedənlər həm də ictimai təmsilçilik mandatını itirmiş olurlar. Bu halda fərq etməz Milli Şurada neçə nəfər qaldı, əsas olan qalanlara ictimai etimadın olmasıdır. Əgər demokratik dəyişikliklər bir qurumun, təşkilatın deyil, xalqın gücü ilə həyata keçəcəksə, o zaman əsas olan Milli Şuradan kimlərin getməsi deyil, xalqın etimad göstərdiyi liderlərin, ziyalıların bu format çərçivəsində qala bilməsidir. Xalq ayağa qalxanda mübarizəni satmamış, onun etimadını itirməmiş qüvvə ilə birgə hərəkət edəcək. Belə bir qüvvə isə Milli Şuradır.
Xəyal