REAL Hərəkatının rəhbərliyi qurumun siyasi partiyaya çevrilməsi barədə qərar verib. Tam adı “Respublikaçı Alternativ” olan bu təşkilat indiyədək ictimai birlik kimi fəaliyyət göstərirdi, amma siyasətdən uzaq da deyildi. Hərəkatın sədri Ilqar Məmmədov artıq siyasi məhbusdur, Ismayıllı hadisələri zamanı bölgəyə səfər etdiyinə görə şərlənərək həbs edilib və hazırda Şəkidə mühakimə edilir.
REAL-ın partiya olmasına gəldikdə, bu məni çox sevindirdi. Bəzən qurumun təmsilçiləri ilə mübahisələrimiz olur, bəzən onların atmacalarına cavab verməli oluram, bəzən də özüm onlara atmaca atıram. Amma sevinməyimin səmimiliyinə şübhə olmamalıdır. Hərəkatın tanınmış təmsilçilərindən Natiq Cəfərli REAL-ın partiya olması ilə bağlı xəbərə “Azadlıq” qəzetində yer verilmədiyini yazarkən bunu qeyd etmişdim. Indi bunu, hətta sübut edə bilərəm. Hələ onların partiya olmaq qərarından öncə “Azadlıq”da “Son illərin uğurları” adlı yazım dərc olunub və orada 7 başlıca uğurdan birinin məzmunu belədir: “Bütün basqı və məhdudiyyətlərə baxmayaraq, yeni qüvvələrin təmərküzləşməsi (REAL və s.)…”
Bu qurumda kifayət qədər savadlı, uğur qazanmış, tanınmış insanlar toplaşıb. Təşkilatın kütləviliyinə, üzvlərinin sayına, bölgələrdə tanınmasına və təşkilatlanmasına aid fikir söyləməyə hazırda çətinlik çəkirəm, bəlkə də yanlışlığa yol verərəm. Amma ictimai fikirdə bu təşkilat artıq bir reallıqdır.
REAL-ın partiyaya çevrilməsi ilə bağlı sevincimin əsas səbəbi nədir? Əliyevlər hakimiyyəti indiyədək mövcud olan təşkilatların da qalmasına razı olmur, hər vəchlə onları dağıtmaq, məhv etmək istəyir. Siyasi partiyalar və QHT-lərə qarşı uzun illərin repressiyaları, təzyiqləri, hüquqi əngəlləri bu məqsədə xidmət edib. Belə bir şəraitdə hələ yeni təşkilatların, partiyaların yaranmasına heç razı olmurlar. Əllərindən gələni edirlər ki, yenilər doğulmasın. Birbaşa müdaxilələrdən tutmuş, dolayısı ilə edilən əngəllərə kimi hər cür üsula əl atırlar. Məsələn, NIDA-çı gəncləri və Ilqar Məmmədovu həbs ediblər. Digər siyasi partiyaları, siyasi fəalları, ümumiyyətlə, siyasi fəaliyyəti boğmağa çalışırlarsa, bu elə yenilərə də əngəl yaratmaqdır – siyasətin çox təhlükəli iş olduğunu göstərirlər. Bundan əlavə, müxtəlif üsullarla siyasəti gözdən salmağa çalışırlar. Nəticə də odur ki, siyasi fəaliyyət qurmağa əngəllər kifayət qədər çox, resurslar isə qədərincə azdır.
Bax, belə bir şəraitdə, yeni qüvvələrin təmərküzləşməsi böyük əhəmiyyət daşıyır. Məsələn, NIDA-nın, REAL-ın meydana çıxması, tanınması, bəlli rəğbət çevrəsi yarada bilməsi. Bu, hakimiyyətin əngəllərini qırdığımız nöqtələrdən biridir. Hər iki təşkilatın rəhbərliyində olan şəxslərin həbsə atılması da səbəbsiz deyil. Biz uzun illər hakimiyyətin idarə edə bildiyi və yaxşı dividend götürdüyü xof mexanizminin qırılmasında, yeni nəslin yetişməsində, yalan maşınının sındırılmasında ona görə çaba göstərirdik ki, ölkədə siyasətlə məşğul olmaq, siyasi proseslərə maraq göstərmək və qoşulmaq istəkləri güclənsin.
Bütün bunları nəzərə aldıqda hətta REAL-çılara təşəkkür etmək istərdim, nəhayət, onlar gördükləri işin adına aydınlıq gətirdilər. Siyasi partiyaya çevrilməklə prosesi, tendensiyanı gücləndirdilər. Siyasəti gücləndirdilər. Təbii ki, istər-istəməz həm də rəqabəti də artırdılar. Onsuz da çəkiləsi yük çoxdur. Meydanda da həmişə yer var, mübarizə meydanının ön yerlərində isə boş yer daha çox olur.
“REAL-ı nə gözləyir?” deyə bir sual qoydum yuxarıda. Təki uğurlar gözləsin, amma onlar da yəqin etməlidir, biz də bilirik ki, böyük çətinliklər gözləyir. Burada tarixdən bir əhvalatı xatırladacağam, bilmirəm, nə qədər gerçək tarixdir, amma indi də dillərdə qalmaqdadır.
…Hökmdar Ptolemeyin vaxtında iki cür yol olurmuş. Biri hamı üçün. Digəri çar və onun yaxınları üçün – qısa, kəsə və rahat. Bir gün hökmdar həndəsə öyrənmək istəyir və Evklidi yanına çağırır. Soruşur ki, həndəsini öyrənməyin kəsə və rahat yolu varmı?
Evklid də deyir:
– Xeyr, həndəsədə rahat hökmdar yolu yoxdur.
…REAL da partiyaya çevrilməklə başqalarının təngnəfəs olduğu eyni çətin aşırımları keçməli olacaq. Onun da qarşısında eyni siyasi hakimiyyət durur. Həm də indiyəcən kənardan başqalarını tənqid və təhlil etmək dövrü bitir. Necə deyərlər, sənin tənqid və təhlillərin doğru idi, ya deyildi, fərq etməz, indi sənin özünü təhlil və tənqid etməli olacaqlar. Indi daha real dövr başlayır.
…Biz uğur diləyirik. Respublikamızın gerçək halını qaytarmaq yolunda başarılı olsunlar!