Yaxud Azərbaycanda icra başçısını dəyişmək kabusu
Bu gün istər paytaxtda, istərsə də bölgələrdə icra başçısının dəyişməsi sakinlər üçün ən arzuolunmaz haldır. Ona görə yox ki, insanlar keçmiş icra başçısından çox razıdırlar və onu heç bir halda yeniləmək istəmirlər. Məsələ ondadır ki, hər təzə başçı gələndə yerli camaat onun “yeni qaydalarına” ram olmaq məcburiyyətində qalır. Götürək, elə Sumqayıtda baş verən son “budkasökmə” əməliyyatını.
Gəncədən sonra Sumqayıt Icra Hakimiyyətinin rəhbərliyinə gətirilən Eldar Əzizov şəhərdəki bəzi köşklərin sökülməsi barədə tapşırıq verərək sumqayıtlıları ayağa qaldırdı. Yaxud, Gəncəyə təyin edilən yeni başçı Yelmar Vəliyev binalarda artırılan eyvanların sökülməsi barədə göstəriş verdi. Məsələ ondadır ki, Azərbaycan kimi bir ölkədə heç kim özbaşına nə köşk qoya bilər, nə də eyvan artıra. Deməli, hər şey köhnə rəhbərliklə razılaşıdırılıb və xərci də ödənilib. Belə olan halda bir qələmdə hər şeyin üzərindən xətt çəkib, öz qaydalarını diktə etmək nə dərəcədə doğrudur?
Başqa əcaib məqam da hər dəyişmədən sonra abadlıq adı altında büdcə pullarının göyə sovrulmasıdır. Yeni icra başçısı məsələn, “filan heykəl xoşuma gəlmir, yenisini qoymaq lazımdır” deyib dövlətin pullarına açıq-aşkar qənim kəsilir. Bütün bunların acısını isə büdcə pulları və sadə camaat çəkməli olur. Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, icra başçılarının bu “islahatları” heç bir halda vətəndaşların maraq və mənafelərinə toxunmamalı, onların mülkiyyət hüquqlarını pozmamalıdır: “Yalnız bu halda islahatların həyata keçirilməsi qəbahət sayılmaz. Vaxtilə insanlar böyük rüşvətlər hesabına özlərinin mənzil şəraitlərini yaxşılaşdırıblarsa, ya özlərinə ticarət köşkləri qoyublarsa, yeni gələn icra başçısı buna sayqı ilə yanaşmalıdır. Çünki bu adamlar həm rəsmi, həm qeyri-rəsmi ödənişlər ediblər.
Nəzərə almaq lazımdır ki, rəhbərliyin bu addımları ciddi sosial narazılığa, hətta sosial partlayışa səbəb ola bilər”. Yeni təyinatlardan sonra heykəlləri, ayrı-ayrı mərkəzləri təzələmək istəyinə gəlincə, M.Talıblı bunu büdcədən ayrılan vəsaitləri yumaq cəhdləri kimi qiymətləndirir: “Məhz bu səbəbdən belə layihələrə əl atırlar. Bu, şəhərin gözəlləşməsinə yox, büdcədən ayrılan təmir-tikinti xərclərinin yuyulmasına xidmət edir. Bu yolla həm də özlərinə yaxın çevrələrə tikinti biznesi üçün yeni imkanlar yaradırlar”.
Gültəkin