«Məni sındırmağa gücün çatmaz; Cəsarətin varsa, gəl kişi kimi mübarizə aparaq»
«İlham Əliyev bu ölkəyə bəla gəlib; Mənim qolum quruyaydı ona “bəli” deyən yerdə…»
2005-ci ilin oktyabrından həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov uzun illərdən sonra yenidən məhkəmə qarşısına çıxdı. Bakı Apelyasiya Məhkəməsində dünən Əli Insanovun işi üzrə iki ayrı-ayrı məhkəmə iclasları oldu. Söhbət, Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə birinci məhkəmə instansiyasının qərarından verilən apelyasiya şikayətlərilə bağlı məhkəmə iclaslarından gedir.
Qeyd edək ki, Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə şikayətlərə baxaraq, Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.
“Mənə İlham Əliyev işgəncə verdirir”
Dünən əvvəlcə səhər saatlarında hakim Sənan Hacıyevin sədrliyilə Ədliyyə naziri və Penitensiar Xidmətə qarşı iddia üzrə məhkəmə iclası keçirildi. Məhkəmədə cavabdehlərdən Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov iştirak etsə də, Ədliyyə Nazirliyindən heç kim yox idi.
Hakim prosesin Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan davam etdirilib-etdirilməməsi məsələsinə münasibət soruşarkən Əli Insanov etiraz etdi. O, şəxsən ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırdı: “Mənim iddiamın əsasında şəxsən Fikrət Məmmədovun özü durur. O, nəyə arxayındır ki, məhkəməyə nəinki özü gəlməyib, heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur, xalası oğlu Ilham Əliyevin tapışırığı əsasında. Ona görə də vəsatət verirəm ki, Fikrət Məmmədov özü gəlsin. Mənim ona çoxlu suallarım var”.
Vəsatət müzakirəyə çıxarılarkən Penitensiar Xidmətin nümayəndəsi bildirdi ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur və bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, Yəni, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına ehtiyac yoxdur.
Əli Insanovun nümayəndəsi Ağaveyis Şahverdi bu arqumentə etiraz etdi: “Ədliyyə Nazirliyi etibarnamə veribmi ki, Penitensiar Xidmətin nümayəndəsi onu da təmsil etsin? Digər tərəfdən, iddia şəxsən nazirin özünə qarşı qaldırılıb, iddianın əsasında cavabdeh şəxs kimi şəxsən nazir özü durur”.
“Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır?”
Əli Insanov bir daha məhkəməyə müraciət edərək Fikrət Məmmədovun özünü prosesdə görmək istədiyini dedi: “Hardadır bu məmləkətin ədaləti? Ədalət naziri heç sizin özünüzü sayıb bura nümayəndə göndərmir. Bu Fikrət Məmmədov nə vaxtdan Əli Insanovu saymır? Xalası oğlu Ilham Əliyevə arxayındır? Nahaq arxayındır. Yanındakıları idarə edə bilməyən adam bu boyda nazirliyi idarə edir. Bizə də işgəncə verdirir”.
Məhkəmə belə qərara gəldi ki, proses Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan keçirilə bilməz. Məhkəmənin təxirə salınması barədə qərar isə Əli Insanovun etirazına səbəb oldu: “Yəqin siyasi göstəriş belədir ki, proses uzansın. Bunlar məhkəməni uzatmaq üçün bəhanə axtarırlar”.
Bu iş üzrə məhkəmə yanvarın 31-nə qaldı.
“Əli müəllimlə bağlı heç bir iradım yoxdur”
Dünən günün ikinci yarısında isə hakim Qədim Babayevin sədrliyilə Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsinə dair Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmündən verilən apelyasiya şikayətinə baxıldı. Məhkəmədə zərərçəkmiş qismində Səhiyyə Nazirliyinin işçisi Elxan Əzizov və Tibb Universitetinin kafedra müdiri Zakir Qarayev də iştirak edirdi. Maraqlıdır ki, 75 yaşlı Qarayev zərərçəkmiş qismində tanınsa da, Əli Insanovu müdafiə edirdi, onun vəkillərinin qaldırdığı vəsatətlərin təmin olunmasını istəyirdi. “Mənim Əli müəllimlə bağlı heç bir iradım yoxdur”, – deyə Zakir Qarayev bildirdi.
“İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam”
Məhkəmə iclasının əvvəlində hakim Əli Insanovdan əvvəlki məhkəmə prosesindən ötən bir neçə il ərzində anket məlumatlarında hər hansı dəyişiklik olub-olmadığını soruşanda keçmiş nazir belə cavab verdi: “Bu doqquz ildə həyatımda işgəncədən başqa dəyişən heç nə olmayıb”.
Əli Insanov həmçinin məhkəmədən çıxışları zamanı sözünün yarımçıq kəsilməməsini xahiş etdi: “Sözümü kəsməyin, məni çaşdırmağa çalışmayın, onsuz da çaşan deyiləm. Elə eləməyin ki, arada hörmətsizlik olsun. Onsuz da uzun danışan deyiləm, çıxışlarım 3-5 dəqiqədən çox olmayacaq”.
Əli Insanovun vəkillərindən Toğrul Babayev məsafə baxımından müvəkkili ilə məsləhətləşmələrdə çətinlik çəkdiklərini məhkəmənin nəzərinə çatdıraraq, Əli Insanovun dəmir barmaqlıqlar arxasından çıxarılıb, onların yanında əyləşməsi barədə vəsatət qaldırdı.
Vəsatəti keçmiş nazirin digər vəkili Ağaveyis Şahverdi də müdafiə etdi: “Onun qəfəsdə saxlanılması bizə də problem yaradır, nə isə soruşmaq lazım olanda, bunu eləyə bilmirik. Ona görə də xahiş edirik, müdafiəni qurmağımıza şərait yaradasınız”.
Hakim vəsatətlə bağlı tərəflərin fikirlərini öyrənəndən sonra prosesi təxirə salmaq istədi. Bildirdi ki, Əli Insanovun qəfəsdən çıxarılması üçün zalda müəyyən dəyişikliklər edilməlidir. Vəkillər isə bu fikirlə razılaşmadılar. Bildirdilər ki, onun qəfəsdən çıxıb müdafiəçilərilə yanaşı əyləşməsi üçün heç bir dəyişikliyə ehtiyac yoxdur və bu proses 1-2 dəqiqəlik işdir.
Əli Insanov özü də məhkəmənin buna görə təxirə salınmasına etiraz etdi: “İlham Əliyevin göstərişi var ki, mən buradan çıxmamalıyam, doğrudurmu? Lazım deyil, çıxmıram, mənə burada da rahatdır, davam etdirin məhkəməni. Bu işi uzatmaq üçün bəhanə axtarırsız”.
Vəkillər də dedilər ki, məhkəmənin əsassız təxirə salınmasının qarşısını almaq üçün vəsatəti geri götürürlər.
Bundan sonra vəkil Ağaveyis Şahverdi Əli Insanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, onun azadlığa buraxılması barədə vəsatət qaldırdı. Əli Insanovun həbs olunana qədər Azərbaycanda nazir olduğunu, Ümumdünya Səhiyyə Təşkilatında mühüm vəzifə tutduğunu, ağciyər xəstəlikləri üzrə bütün dünyada ən tanınmış həkimlərdən biri olduğunu vurğulayan vəkil bildirdi ki, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsə, məhkəmə iclaslarına da gəlib-gedəcək.
Məhkəmə vəsatəti təmin etmədi.
“İlham Əliyev tək mənə yox, bütün millətimə nifrət edir”
Ağaveyis Şahverdinin digər vəsatəti apelyasiya şikayəti üzrə baxışa xitam verilərək, işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi haqda oldu. Bu vəsatətə münasibət bildirmək üçün Əli Insanova söz veriləndə o, fikirlərini belə ifadə etdi: “Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Görün, bu məmləkəti Ilham Əliyev nə günə qoydu… Biz beləmi arzulamışdıq? Hörmətli hakimlər, siz haqqı bərqərar etmək gücündə deyilsiz, heç olmasa, batili ifşa edin. Vəkillərim həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdilər, təmin etmədiniz. Mənim buradan çıxıb orada oturmağıma qərar verməyə cəsarətiniz çatmırsa, həbsdən buraxılma qərarı verə bilərsinizmi?
Ey Ilham Əliyev, eşit və bil, xalqın iradəsi üzərində Allahdan başqa güc yoxdur…"
Bu yerdə hakim Qədim Babayev Əli Insanovun çıxışını yarımçıq dayandırmaq istədi:
– Əyləşin…
– Məni danışmağa qoymursuz? Mən bura susmağa gəlməmişəm, danışmağa gəlmişəm. Doqquzuncu ildir ki, Ilham Əliyevin göstərişi ilə bütün işgəncə yerlərindən keçmişəm. Bircə qəbiristanlıq qalıb. Bu məhkəmə nə hökumətin, nə də bizim şikayətimiz əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunmayıb. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi, işimə baxan müstəntiqin, hakimin, hətta türmə rəisinin kim olduğu hamıya bəllidir. O, bir nəfərdir – Ilham Əliyev.
O tək mənə yox, bütün millətimə nifrət edir. Millətdən qisas alır. Millət də ona borclu qalmadı – 9 oktyabrda ona səs vermədi. Nə mən, nə də dünya onun legitimliyini tanıyırıq…
Hakim Qədim Babayev görəndə ki, Əli Insanov susmaq istəmir, tələsik fasilə elan etdi. Amma Əli Insanov hakimlər zaldan çıxanda da fikirlərini davam etdirdi: “Ilham Əliyevin sayəsində ölkənin sosial-iqtisadi siyasəti, diplomatiyası iflasa uğrayıb…”
Ali Məhkəmənin bir-birinə zidd iki qərarı
Hakimlər zala qayıdandan sonra vəkil Ağaveyis Şahverdi daha bir vəsatət qaldırdı. O bildirdi ki, Ali Məhkəmənin Plenumu Əli Insanovun işi üzrə apelyasiya məhkəməsinin 21 sentyabr 2007-ci il tarixli qərarını ləğv eləsə də, bu məhkəmənin hazırlıq iclasının qərarını qüvvədə saxlayıb. Həmin qərarda isə bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan və s.) keçirilməsi öz əksini tapıb. Eyni zamanda, Plenumun qərarında göstərilib ki, iş təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilir. Vəkil dedi ki, əgər bu instansiyada prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsinə dair qərar qüvvədə saxlanılıbsa, o zaman necə araşdırma aparıla bilər? Ortada Ali Məhkəmənin bir-birinə zidd iki qərarının olduğunu deyən vəkil Əli Insanova bəraət verilməsi haqda vəsatət verdi.
Hakim bildirdi ki, zərurət yaransa, tam və ya qismən məhkəmə istintaqı aparıla bilər. Vəkil isə dedi ki, bu instansiyada prosesin məhkəmə istintaqı olmadan aparılması barədə 2007-ci ildə çıxarılmış hazırlıq iclasının qərarı qüvvədə saxlanılıbsa, indi məhkəmə istintaqı ilə prosesi aparmaq həmin qərara zidd olacaq.
“Sirus Təbrizlini zəhərləyiblər”
Əli Insanovun isə bu vəsatətə münasibəti belə oldu: “Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, prezidentinin göstərişi əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbuki, Avropa Məhkəməsinin aşkarladığı pozuntular orada baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi.
Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Bu, onun yox, prezidentinin sözüdür. Nə qədər qüsurlu tezisdir… Bu o deməkdir ki, biz istədiyimiz vəhşiliyi edə bilərik. Ali Məhkəmənin sədri prezidentinin ağzından düşən qüsurlu tezisi təkrarlayırsa, daha nə demək olar? Düşmən dəyirmanına suyu biz yox, bu hakimiyyət tökür…"
Hakim:
– Əyləşin…
– Mən sözümü qurtarmamışam. Otuza yaxın məhkəmə iddiam olub, yüzə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın? Hörmətli hakimlər, əslində, mən sizin də ürəyinizdən keçən, demək istədiyiniz, amma deyə bilmədiklərinizi dilə gətirirəm. Sizin haqq-ədaləti bərpa etməyə gücünüz, batili ifşa etməyə cəsarətiniz çatmır. Sifarişlərini yerinə yetirdiyiniz adamlar Azərbaycanı dünyada etibarsız tərəfdaş kimi rüsvay edib, erməni lobbisinin əlinə kart verib. Ilham Əliyev 50 ildə prezident olsa, Qarabağ problemini həll edə bilməz. Bu həqiqətləri dilə gətirənlər ya Elmar Hüseynov, Şahmərdan Cəfərov, Ziya Bünyadov kimi güllələnir, ya Sirus Təbrizli kimi zəhərlənir, ya ölkədən sürgün olunur, ya da mənim kimi həbsə atılır.
Ilham Əliyev bu ölkəyə bəla gəlib. Mənim qolum quruyaydı ona “bəli” deyən yerdə…
Bu yerdə yenə hakimlər tələsik fasilə elan edib, məhkəmə zalını tərk etdilər. Əli Insanov isə onlar gedə-gedə də çıxışını davam etdirdi:
– Milləti aldatdılar. Indi top-tüfəng, polis arxasında gizlənib. Cəsarətin varsa, gəl üz-üzə, kişi kimi mübarizə aparaq. Ilham Əliyev məni sındırmaq istəyir. Amma bil, Ilham Əliyev, məni sındırmağa nə savadın, nə cəsarətin, nə də gücün çatar.
Gecə-gündüz mənə əfv yazmaq təklif olunur, yazmıram. Ilham Əliyev getsin, öz ətrafındakıları əfv etsin. Hamısı təpədən dırnağa qədər cinayət içindədir.
Mən Sirus Təbrizlinin həkimi olmuşam, sağlam adam idi. O, öz əcəli ilə ölə bilməzdi. Elə zəhər var ki, insanı uzun müddət yatırdıb öldürür. Sirus Təbrizli Ismayıllı hadisələrindən sonra “görəsən Bakıda kimi və nəyi yandıracaqlar?” ifadəsini işlətmişdi. Bu sözdən sonra onu zəhərlədilər…"
Hakimlərə etiraz
Məhkəmə vəkillərin bəraətlə bağlı vəsatətini də təmin etmədi. Ona görə Əli Insanov hakimlər heyətinə yazılı etirazını məhkəməyə təqdim etdi. Keçmiş nazir etirazını məhkəmənin qərəzli olması ilə izah etdi: “Vəkillərimin verdiyi üç vəsatətin heç biri təmin olunmadı. Bu gün burada baş verənlər açıq aşkar qərəzin, Ilham Əliyev tərəfindən verilmiş sifarişin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram. Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. Inqilabı da NIDA Vətəndaş Hərəkatı başlayıb və bu proses başa çatacaq…”.
Hakimlər heyətinə etiraza Bakı Apelyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Ona görə bu iş üzrə məhkəmə də yanvarın 31-i günün ikinci yarısına təxirə salındı.
Aytən Məmmədova