Ümumiyyətlə, ötən il Azərbaycandan getmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə 20 faiz artıb
Nurəddin Məmmədli: «Bu hakimiyyətə körpü salan, kabab bişirən adamlar lazımdır»
Ötən il 330 min nəfər qaçqın statusu almaq üçün Avropa Ittifaqına üzv dövlətlərə müraciət edib. Bu rəqəm 2011-ci illə müqayisədə 10 faiz çoxdur. Miqrasiya Mərkəzindən”modern.az”a verilən məlumata görə, ötən il Azərbaycandan getmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə 18-20 faiz artıb. Ölkəni tərk etmək istəyənlər bunu iqtisadi, sosial və siyasi problemlərin daha da dərinləşməsilə əsaslandırır. Qonşu ölkələrlə müqayisədə daha ciddi inkişafa malik olduğunu iddia edən Azərbaycanda vətəndaşların ölkəni tərk etməsi daha çox siyasi problemlər, o cümlədən insanların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.
Azərbaycan vətəndaşlarının qaçqın statusu almaq üçün ayrı-ayrı ölkələrə müraciət etməsi ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının göstəricisi olmaqla yanaşı, həm də ölkə haqqında mənfi imic formalaşdırır.
Əvvəlki illərlə müqayisədə, son dövrlərdə xaricə gedən azərbaycanlılar daha çox yüksək keyfiyyətli təhsil almış mütəxəssislərdir.
Miqrasiya Mərkəzi baş verənləri ictimaiyyətin diqqətinə çatdırmaqla, eyni zamanda, ölkədən kütləvi beyin axınından ciddi narahatlığını ifadə edir. Həmçinin Azərbaycan hakimiyyətini təcili olaraq, insanların daha münbit sosial, siyasi, iqtisadi şəraitdə yaşaması, çətin vəziyyətə düşərək ölkəni tərk etməməsi üçün zəruri tədbirlər görməyə çağırır.
Görəsən, xaricə beyin axını nədən intensivləşib, bacarıqlı və səriştəli mütəxəssislərimizin ölkəni tərk etməsinin nəticəsi necə olacaq?
Professor Nurəddin Məmmədli bunu hakimiyyətin apardığı məqsədli siyasətin nəticəsi hesab edir. Onun sözlərinə görə, mövcud iqtidar ölkə vətəndaşlarının hamısını iş və dolanışıqla təmin etmək, onların sosial-iqtisadi problemlərini həll etmək öhdəliyini hiss etmir: “Onlara körpü salan, neft çıxaran, kabab bişirən adamlar lazımdır. Əvvəllər xaricə getməyin bəzi problemləri vardı. Indisə həqiqət budur ki, hakimiyyət özü bu prosesi stimullaşdırır. Xaricdə təhsil alan şəxsləri dövlət strukturlarında işlə təmin etmək hakimiyyətin birbaşa vəzifəsidir. Bu, onun vəzifəsi deyilsə, gəncləri külli miqdarda vəsait sərf edərək, xaricdə oxutdurmaqda heç bir rasionallıq, ağıllı davranış yoxdur. Bu gəncləri xaricə təhsil üçün göndərsələr də, onlardan qorxurlar. Xaricdə təhsil alan şəxslərin əksəriyyəti təfəkkür və dünyagörüşü baxımından, demokratik düşüncə və yüksək səviyyəyə malik gənclərdir. Onları işlə təmin etmirlər və nəticədə xaricə getmələrini stimullaşdırırlar”.
Nurəddin Məmmədli onu da qeyd edir ki, bu gün AXCP-nin təşkilatlanmasında xaricdə təhsil alan, intellekt, səriştə, demokratik dəyərlərə baxış baxımından daha yüksək səviyyəyə malik gənclər əksəriyyət təşkil edir: “Belə gənclər özlərini təsdiqləyə bilməyəndə müxalifətə qoşulurlar. Ona görə də hərtərəfli dünyagörüşünə malik olan gənclər xaricə getməklə öz potensiallarını stimullaşdırmağa çalışırlar”.
Nigar