Sözün açığını desəm, Novruzu ata yurdunda qarşılamağa gedənəcən sabahımız, qələbəmiz üçün elə də nikbin deyildim. Məni ayaqda saxlayan yalnız və yalnız bütün zamanlarda və bütün şəraitlərdə şərə qarşı durmaq idealım idi.
Sadə adamların yanımızda olacağına ümidli deyildim. Şair demişkən, “atılan toplara diksinməyiriz” kimi bir halı olduğunu düşünürdüm əziz xalqımızın, camaatımızın. Sadə insanların, idealizmdən uzaq vətəndaşların dərin uyquya qaldığı bir yerdə isə heç vaxt şərə qalib gəlmək mümkün deyil.
Məni ilk dəfə sevindirən olay Sumqayıtda baş verdi. Mikroavtobus sürücüsü iki ayağını bir başmağa dirəyən polisin təkidlərinə baxmayaraq, maşınına təpilən gənc aksiya iştirakçılarını polis şöbəsinə aparmaqdan imtina elədi və sonucda özü şöbəyə aparıldı. Hökumətdən qorxu xofu lokal şəraitdə olsa da qırıldı. Ancaq təkcə qorxunun qırılması ilə iş bitmir.
Insanlar var ki, qorxu deyilən hiss az qala onlara yaddı. Ama hələ o adamların varlığı qələbə demək deyil. Baxırsan, bu qorxmaz insan o qədər yanlış fikirdədi, o qədər zərərli və geridəqalmış inanca sahibdi ki, bu düşüncələrin və ya düşüncəsizliyin özü qorxudan qat-qat qorxuludu. Adam Nuh deyir, peyğəmbər demir. Məsələn, Ilham Əliyevi xeyir mələyi, atasını isə peyğəmbər sayır. YAP-ı isə Islam dini. Bu insanlar saf olduğu qədər də, bayaq dediyim kimi, öz qorxusuzluqları ilə çox qorxulu olurlar, çünki səmimidirlər. Bu qəbil tiplərlə baş eləmək, anlatmaq az qala mümkün deyil və öz xarakterlərinə görə tam nəsrin malıdırlar. Yəqin ki, ədəbiyyatımızda haçansa bu tiplərlə qarşılaşacağıq. Çox vaxt hakimiyyətdən heç bir asılılıqları olmur, fikirlərini ancaq qafalarına görə verirlər, buna görə də əlin-ayağın bağlanır və onları yola gətirə, inandıra bilmirsən.
Hakimiyyətin polis rejimi, zülm, işgəncə, allahsızlıq aparatı nə qədər insanların gözünü qırsa da, bu tip insanlar xalqımızın içində çoxdu və üzdə göründüyü kimi deyillər heç də – gözlərində qorxu yoxdu. Inandılarmı, heç şeytan da qarşılarında dura bilməz.
Bu dəfə rayonda o tiplərdən biri ilə qarşılaşdım. Bir xeyir işdə söhbətimiz oldu. Çox əskidən tanıdığım biriydi. Həm də illərlə çox sözləşmişdik və heç vaxt mən o adamı inandıra bilməmişdim. Yüz il keçsə də inandıra bilməzdim. Yenə də elə onun illərcə kor-koranə müdafiə elədiyi bu hakimiyyət sağ olsun. Onun başını elə daşdan-daşa vurublar ki, qardaşımızın bəsirət gözü açılıb. Onu da deyim ki, haçansa mənim ona inandırmağa çalışdıqlarımı bu dəfə o mənə anladırdı. Bu hakimiyyətin başladığı kampaniyaların nə qədər gülünc və saxta olduğunu mənə anlatmağa, hətta mənim az məlumatlı olduğumu da isbatlamağa çalışırdı. O, yenə də öz fikirlərində səmimi idi. Bu tip qorxusuz və inad adamlar, adətən, yaşadığı ortamda avtoritet olurlar və dedikləri sözlər də xeyli adamlarca tez qəbul edilir. Başımıza toplaşan onlarla adam onun fikirlərini təsdiqləyirdi və xalqın ayılmamasından, ayağa qalxmamasından gileylənirdilər.
Bu görüşdən sonra rahatam. Azərbaycanın müxtəlif yerlərində nə qədər bu tip adamların fikirlərini dəyişdiyinə, ağı qaradan seçmələrinə inanıram. Onlar artıq bizlərlə kiminsə mələk olması haqda cəhl eləmirlər, hətta şərin necə devriləcəyindən də danışmırlar. Sual birbaşa belə qoyulur:
– Yaxşı, indi hakimiyyətə kim gələcək?
– Qardaş,- deyirəm,- bu sualın özü totalitar düşüncə tərzidi. Hakimiyyətə kimi seçəcəksənsə, o da gələcək.
– Yəni biz də elə bir gün görəcəyik? – qardaş soruşur.
– Hə, qardaşım, görəcəyik, bizim də davamız elə bununçündü.