Milli Şuranın üzvü Yaşar Cəfərli facebook səhifəsində “Azərbaycanın lider (lidersizlik) problemi” adlı analitik yazısında seçmələr paylaşıb. Oxucularımız üçün maraqlı ola bilcəyini nəzərə alıb həmin seçmələri bir yerə yığaraq təqdim edirik:
***
– Əbülfəz Elçibəydən və Heydər Əliyevdən sonra millət yetim qalıb. İndi bu xalqı nə Elçibəy kimi sevən var, nə də Heydər Əliyev kimi idarə etməyi bacaran. Hər iki cəbhədə boşluq yaranıb.
YAP funksionerlərinin “Layiqli davamçı” adlandırdıqları İlham Əliyev “Heydər Əliyevin oğlu” statusundan artığını bacarmadı. Bundan sonraya da ümid yox artıq.
Müxalifətçilərin “Rəsulzadə irsinin varisi” adlandırdığı Elçibəyin “layiqli davamçısı” statusuna iddia edənlərin sayı isə hələ də müəyyən olunmayıb.
Beləliklə də, uzun illərdən sonra müstəqilliyinə qovuşan Azərbaycan xalqı ən yeni tarixinin ən məsuliyyətli dövründə lidersizlik (lider) problemi ilə üz-üzə qalıb.
Xalq lider axtarışındadır, LİDER! Xalq lidersizlikdən əziyyət çəkir, LİDERSİZLİKDƏN!..
– “Musavatçılıq” ideologiyası bazasında və üç rəngli bayrağımız altında ərsəyə gələn, say tərkibinə görə birinci partiya kimi qəbul edilən Yeni Azərbaycan Partiyası Heydər Əliyevdən sonrakı dövrdə sözün əsil mənasınada ölkənin ən böyük QHT-sinə çevrilib. Nə vaxtsa Naxçıvanda yaşamış 5-10 nəfər bir yerə toplaşıb birlik yaradıblar. Deyilənlərə görə, nizamnamə, məramnamə filan da qəbul ediblər. “YAP” markası altında da əl altdan işlərini görürlər. Öz “nizamnamələrinin” əsas məqsədlər qrafasında isə bu ifadələri yazıblar: “Ölkənin yeraltı və yerüstü sərvətlərinə sahib çıxmaq, neft və qazdan gələn gəlirləri qrant kimi xalqdan alıb mənimsəmək”. Aydındır ki, kiçik qrant alan QHT-lər öz məqsədlərinə doğru kiçik addımlarla irəliləyir, böyük qrantlar alan QHT-lər koalisiyalar yaradaraq daha iddialı görünür, “super qrantlara“ sahib çıxan YAP kimi “QHT-lər” isə nəhəng addımlarla uçuruma doğru diyirlənirlər. Qrant olan yerdə də ki, maşallah, nəinki üzvlərin sayı, həm də müstəqil həyata yenicə qədəm qoyan valantyorların sayı sürətlə artır, eynən YAP-da olduğu kimi. Təbii, burada milli mentalitetimizə hopmuş bir çox xüsusiyyətlər də az əhəmiyyət kəsb eləmir.
Doğrusu, bu yeni partiyanın hansı yeni ideologiya üzərində “inkişaf“ etdiyini mən hələ dərk edə bilməmişəm…
– Bir sıra tənqidçilərdən tez-tez eşidirik ki, bu müxalifət siyasi səhnədən getməyincə heç nəyi dəyişmək mümkün olmayacaq, onlar xalqın etimadını itiriblər. Özlərini yeni siyasi qüvvə kimi təqdim edın REAL-çılar da Milli Şura ideyasının müəllifi və ilk sədri Rüstəm İbrahimbəyovu “2013-cü ilin ən pis siyasətçisi” adlandırdılar. İlk baxışdan avtoritarizmdən cana doymuş müəlliflərin bu cəlbedici iradları obyektiv görünür. Amma Milli Şura fəaliyyətə başladıqdan sonra ölkədə baş verən dəyişiklikləri təhlil edəndə bunun əksi ortaya çıxır. Və biz “2013-cü ilin ən uğurlu siyasətçisi Rüstəm İbrahimbəyovdur” deyənlərin də fikirlərinə diqqət yetirmək məcburiyyətində qalırıq.
Ümumiyyətlə, “hər şeyi sıfırdan başlamaq lazımdır”, “7-dən 77-yə hamı dəyişməlidir”, “ənənəvi müxalifət getməsə…”, “yeni qüvvələr gəlməsə…” və sair bu kimi pessimizmə yol açan fikirlərlə bağlı başqa yanaşmalar da var. Mənim yanaşmam isə belədir:
Ənənəvi müxalifət hakimiyyətə gəlməyənədək ölkədəki vəziyyətə təsir göstərə biləcək yeni qüvvələrin ortaya çıxması istisnadır. Çünki, rəqabətə dözümlü yeni qüvvələrin ortaya çıxması üçün real şərait ictimai şüurda “ölkənin siyasi müxalifəti” kimi qəbul olunan qüvvələrin hakimiyyətə gəlməsindən sonra yarana bilər. Sosiologiya elminin qanunauyğunluqlarına görə bu aksiomdur.
Hörmətli gənc siyasətçilər və yeni siyasi qüvvə təmsilçiləri, gəlin unutmayaq ki, ənənəvi müxalifət real narazı elektorata malikdir, strukturlaşıb, ziyalılarla, ağsaqqallarla, nüfuzlu ictimai xadimlərlə, vətəndaş cəmiyyətinin demokratik kəsimi ilə işləməkdə və onları öz tərəfdaşına çevirməkdə uğurlu təcrübə toplayıb, gəncləri öz sıralarına cəlb edə bilir, “pis” də olsa idarə olunurlar və artıq sistem işləyir. Başqa cür ifadə etsək, çoxlarının bəyənmədiyi ənənəvi müxalifət real qüvvədir. 20 il ərzində bu real qüvvəni dağıtmaq, sındırmaq, əqidəsindən döndərmək, “məhv etmək”, “yandırıb külə dündərmək” siyasəti heç bir nəticə vermədi. Hakimiyyəti zorla əlində saxlayan qüvvələr artıq bunun fərqindədirlər.
2013-cü ildə İlham Əliyevi üçüncü dəfə prezident kürsüsündə saxlamağa nail olmaq “YAP qruplaşmasına” milyardlar hesabına başa gəldi. Əslində, bu “bəyənmədiyimiz” ənənəvi müxalifətin bazasında formaşmış Demokratik Qüvvələrin Milli Şurasının real gücünün göstəricisidir.
Buradan belə nəticəyə gəlmək olar ki, avtoritarizmdən demokratiyaya keçid mərhələsində gənc siyasətçilər və yeni siyasi qüvvə adına iddiaçılar da ənənəvi müxalifətlə, indiki şəraitə uyğun ifadə ilə desək Demokratik Qüvvələrin Milli Şurası ilə sıx əməkdaşlıqdan qaçmamalıdırlar. Əksinə, Milli Şuranın yanında olub, ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaranması ilə nəticələnən proseslərə dəstək verməlidirlər.
– Mill Müqavimət Hərakatı formatında fəaliyyət göstərmədən vəziyyəti dəyişmək mümkün olmayacaq. Bnu hər birimiz dərk edirik. Bu ideyanı qəbul edən və bu amala xidmət edən irili-xırdalı bütün qüvvələrin yumruq kimi birləşməsi zamanadır! Qıraqda yeyib ortada gəzən “nüfuzluların” xidmətindən və maskalanmış qüvvələrlə əməkdaşlıqdan imtina etmək lazımdır. Bunu vəziyyət özü diqtə edir! Xalq Demokratik Qüvvələrdən bunu gözləyir…