Hər kəsin bir qulağı Liviyadan – Qəzzafidən gələcək xoş xəbəri, dünyanın ən yekəpər insanlıq düşmənlərindən birini gözlədiyi halda, mən Suriyada olub-bitənləri izləyirəm. Ona görə yox ki, Qəzzafinin işi bitib, üç gün tez, beş gün gec, adamın iki ayağı göydə qalacaq. Yox, əsla, yox.
Sadəcə, mənim üçün hakimiyyətin atadan oğula keçdiyi bir ölkədə nələrin yaşandığı daha maraqlı gəlir. Nə də olmasa, damdan düşənin halını damdan düşən anlar.
Suriyada hakimiyyətin ata Hafiz Əsəddən oğul Bəşər Əsədə ötürülməsi Azərbaycanda prezidentliyin atadan oğula ötürülməsi ilə bir xeyli dərəcədə örtüşür. Orada da Hafiz Əsədin səhhəti üzərinə uzun müddət sirr pərdəsi çəkildi. Öldüsü ilə qaldısı xeyli vaxt bəlli olmadı. Ta o vaxta qədər ki, Suriya parlamenti prezidentlik yaşını 40-dan 34-ə endirdi. Çünki həmin vaxt Bəşərin ancaq 35 yaşı vardı.
Seçilənədək demokratik vədlər verən oğul Əsəd sözlərinin heç birini tutmadı. Dövlət banklarını özəlləşdirəcəyini demişdi, məsələn. Hakimiyyətə gəldi, özəl bankları belə, bağlamağa girişdi.
Siyasi islahatlar sözü vermişdi. Hakimiyyətə gələn kimi çoxlu siyasi məhbusu azadlığa belə, buraxmışdı. Amma necə deyərlər, “qoy özümə yer eləyim, sonra gör sənə neyləyirəm”. Elə ki, iqtidarını möhkəmlətdi, ayaqlarını yerə bərk basmağa başladı, Suriya türmələri fərqli fikirə görə şərlənib həbs olunanlarla aşıb-daşdı. Olan-qalan demokratik institutların belə, axırına çıxdı – tıpkı bizdəki kimi.
Tıpkı bizim kral kimi – ingiliscə mükəmməl danışır, amma Qərbin demokratiya çağırışlarını pis başa düşür.
Üstəlik, oğul Əsədlə oğul Əliyev yaxın dostdurlar. Hətta bir ara bizim krala telefon açıb Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmaq belə, istəmişdi. Çox gülməlidir, deyilmi? Öz xalqı ilə danışmayan, öz xalqı ilə barışmayan biri iki ölkəni danışdırmaq, barışdırmaq istəyir. Öz xalqı ilə münaqişədə ola-ola iki ölkənin münaqişəsinə son qoymaq təşəbbüsünü üzərinə götürməyə çalışır. Olmaz da avtoritar liderlərin belə komik, absurd niyyətlərindən…
Bir ara bizim kral da öz xalqı ilə birləşə, bütünləşə bilmədiyi, hara getsə, yolu üzərindən xalqı yığışdırtdığı halda çıxıb demişdi: “Biz türk xalqlarının birliyi və yaxınlaşması üçün hər dəstəyi verməyə hazırıq”.
Nə isə… Suriyada Bəşər Əsədə qarşı üsyanın dəyəri mənimçün qat-qat artıqdır. Onun devrilməsini ən azı, bir suriyalı qədər istəyirəm. Hətta “Bəşər Əsəd devrilənədək suriyalıyam” da deyə bilərəm. Bu üsyanın məntiqi sonluğa çatması hakimiyyətin atadan oğula ötürüldüyü bütün diktatura rejimlərinə ağır zərbə olacaq. Bundan Əliyevçi rejim də öz dərsini alacaq əlbəttə. Doğrudur, ərəb inqilabları Ilham Əliyev hakimiyyətində yetərincə mənəvi travma yaradıb. Amma Bəşər Əsədin devrilməsi onlara daha da pis təsir edəcək.
Bunun əksinə, hakimiyyətin varislik prinsipi ilə müəyyənləşdiyi ölkələrin xalqlarına monarxiyaya, krallığa son qoymaq üçün əlavə güc, əlavə enerji, əlavə ümid verəcək.
Bəşər Əsədin yıxılması – bütün dünyada monarxiyanın sonunun başlanğıcı olacaq. Könül istərdi ki, bu son bizdən başlasın. Amma gəlin paxıl olmayaq, Suriyada başlayıb bizdə davam etməsi də pis variant deyil.
Riyakarlıq hekayəsi
Birilərinin Qərb əsgərlərinin Liviyaya hücumunu pisləməsini anlayaram, bu mövqelərini sadə liviyalıların öldürülməsini istəməmələri ilə izah etmələrini də alqışlayaram.
Amma bir şərtlə: həmin bu biriləri dünənədək Qəddafi öz vətəndaşlarını qadın, qoca, uşaq demədən, yaşına-başına baxmadan qətlə yetirərkən, buna da etiraz etdiklərini, qarşı çıxdıqlarını isbatlayacaqlar. Sübut edəcəklər ki, Qəzzafinin, yoxsa Qərbin əsgərlərinin öldürməsindən asılı olmayaraq, Liviya xalqının fəryadına hər zaman səs vermişlər.
Yoxsa Qəzzafi liviyalıları qanına qəltan edərkən ağzına su alıb oturanların indi Liviya xalqı üçün ağlaşma qurmasının, timsah göz yaşları tökməsinin bir adı olacaq: antiimperialist, amma riyakar antiimperialist!
Mənsə riyakarın hər cürünə nifrət edirəm: imperialistinə də, antiimperialistinə də, sağçısına da, solçusuna da.